Bu gün Ədliyyə Nazirliyində “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanuna və Prezident İlham Əliyevin 18 dekabr 2018-ci il tarixli fərmanına əsasən gələn il martın 1-dən fəaliyyətə başlayacaq özəl məhkəmə eksperti institutuna həsr edilmiş tədbir keçirilib.
Bizimyol.info xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin rəsmilər, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri və hakimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bildirib ki, Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı ilə məhkəmə-hüquq sistemində islahatlara başlanıb, qanun paketləri qəbul edilib. O, bu sırada özəl məhkəmə eksperti institutunun yaradılmasını qeyd edib. Eyni zamanda məhkəmələrdə media ilə iş üzrə spiker hakimlərin təyin edilməsinin önəmli olduğunu vurğulayıb və tədbirdə həmin spiker hakimlərin iştirak etdiyini nəzərə çatdırıb.
Qeyd edək ki, indiyə qədər Ədliyyə Nazirliyi məhkəmə ekspertizalarının keçirilməsini təşkil edibsə, özəl məhkəmə ekspertlərinin yaranması ilə əlaqədar Ədliyyə Nazirliyinin bu sahədə də vəzifəsi konkretləşib. Nazirlik məhz tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edəcək. Müvafiq olaraq Ədliyyə Nazirliyinin vəzifələri sırasına tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun tələblərinə riayət etməsinə nəzarət etmək və tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnamələri vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv etmək daxil edilib. Fərmana əsasən, bu dəyişikliklər 2020-ci il martın 1-dən qüvvəyə minir.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib ki, yeni dəyişikliklərə əsasən, ekspert müəyyən olunmuş müddətdə rəyi verməsə, ekspertiza mərkəzi cərimə ediləcək: “Ona görə də ekspert bu məsələdə diqqətli olacaq. Yəni ekspertiza nəticələrinin vaxtında məhkəməyə təqdim olunmasında ekspert və ekspertiza mərkəzi maraqlı olacaq. Yeni qanunvericiliyə əsasən, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları ekspertiza fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək".
A.Bağırov dövlət başçısının 3 aprel 2019-cu il tarixli fərmanının əhəmiyyətindən danışarkən bildirib ki, dövlət hesabına təmin edilən hüquqi yardımla bağlı problem aradan qaldırılmaqdadır: “Nazirlər Kabinetinə müvafiq tapşırıq verilib, akt hazırlanır. İlk dəfə büdcədən dövlət hesabına hüquqi yardımla bağlı ayrılan vəsait Vəkillər Kollegiyasının hesabına köçürüləcək. Bundan əvvəl bu sahədə süründürməçilik vardı. Bununla bağlı gələn aydan Vəkillər Kollegiyasının nəzdində Hüquqi Yardım və Təlim Mərkəzi fəaliyyətə başlayacaq”.
Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib ki, elə strateji məsələlər var ki, rəy vermək səlahiyyəti yalnız dövlət ekspertizasına aiddir.: “Əvvəllər ekspertizanın aparılması müddəti göstərilmirdi. Bu da narazılığa səbəb olurdu. Ekspertizanın icra müddəti ilə bağlı əvvəllər yubanmalar olurdu. Hazırda qanunvericilikdə ekspertizanın icra müddəti konkret göstərilib. Yeni dəyişikliyə görə, ekspertiza müddəti iş ekspertizaya təqdim olunan gündən hesablanır”.
Fuad Cavadov özəl ekspertizanın tətbiqi mexanizminə də toxunub: "Ekspert hər hansı sahə üzrə xüsusi biliyə malik olan şəxsdir. Onun hazırlanması xüsusi proqramdan keçir və şəhadətnamə əldə edir. Ancaq elə strateji məsələlər var ki, onlara özəl ekspert baxa bilməz və cinayət işlərində rəy vermək səlahiyyəti dövlət eksperizana aiddir. Bura ballistik, narkotik, qiymətli kağızların və s. ekspertizalar aiddir. Özəl ekspertiza sahəsinə mülki, inzibati işlərə aid ekspertizalar tətbiq ediləcək. Özəl məhkəmə ekspertləri də verdikləri rəyə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Ekspertiza ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün müddəalar özəl ekspertiza sahəsinə də aiddir”.
O, bildirib ki, dövlət, yaxud özəl ekspertiza təyin etmək hüququ müraciət edən şəxsin özü tərəfindən müəyyən edilə bilər.
Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəis müavini Elçin Nəsibov bildirib ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı, ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini, ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu və xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin mövcudluğunu təqdim etməlidir. Bu üç şərtdən birinə cavab verən şəxs özəl ekspert kimi fəaliyyət göstərə bilər”.
Ramid İbrahimov
Fotolar müəllifindir
Bizimyol.info