Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlyas İsmayılov : “Nəcəf Nəcəfova toxunmadım, çünki rəhbərə yox, qanuna xidmət edirdim” - Video

Bu kadrlar qızıl fonnda saxlanılır. O zaman ölkəyə rəhbərlik edən Əbdürrəhman Vəzirov keçmiş Respublika Prokurorundan tələb edir ki, Nəcəf Nəcəfova və başqalarına qarşı tədbir görsün. Bu tarixi kadrlarda hər şey görünür.

Nəcəf Nəcəfov

Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, “Azadlıq” qəzetinin qurucusu və ilk redaktoru Nəcəf Nəcəfov tribunada o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovla (indiki respublikanın prezidentinə bərabər vəzifənin sahibi – respublikanı idarə edən şəxs ilə) tribunada, bütün cəmiyyətin gözləri qarşısında mübarizə apardı. Öz imzaladığı sənədə - öz imzasına sadiq qalmayan respublika rəhbərinə bütün deputatların və xalqən qarşısında dedi: “Üzr istəyirəm, bu adam yalan danışır”. Vəzirovun hədələrinə, təhdidlərinə baxmayaraq da, tribunadan çəkilmədi. Vəzirov sonda nə edir. Üzünü respublika prokuroruna tutaraq: “Yoldaş respublika prokuroru, xahiş edirəm, bunu nəzərə alın” deyir.

Respublika prokuroru (indiki adı ilə desək, baş prokuror) isə o zaman indi Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov idi.

İlyas İsmayılov respublika rəhbri Vəzirovun bu tələbini qulaqardına vurdu; Nəcəf Nəcəfovla və silahdaşları ilə bağlı heç bir cəzalandırma addımı atmadı. Burada Nəcəf Nəcəfovla yanaşı İlyas İsmayılovun da cəsur davranışı diqqəti cəlb etməyə bilməz.

Tarixi kadrlarla bağlı Bizimyol.info-ya açıqlama verən İlyas İsmayılov bildirib ki, o cəsur və xalq üçün böyük işlər görən Nəcəf Nəcəfova qarşı tədbir görməməsi ilə bağlı bu gün qürur duyur.

“Nəcəf gözəl insan idi. Onunla şəxsi tanışlığım yox idi, amma etdiyi işlərdən xəbərdar idim. Xalq Cəbhəsinin üzvü idi. Bu hadisəyə qədər o bir dəfə qəbulumda da olmuşdu. Mən Əbdürrəhman Vəzirovu dinləmədim. Çünki rəhbərə yox, qanunlara xidmət edirdim. Onun kimi zəif adamlara görə xalq üçün çalışan ziyalılara toxunmaq olmazdı. Bunun üçün başım ağrıdımı? Başımı ağrıtmağa çalışdılar. Lakin fikrimdən dönmədim, eynimə də almadım”.

Xatırladaq ki, Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən onun rəhbərlik etdiyi “Molodyoj Azerbaydjana" qəzeti ölkə həyatında rolu, təsiri və populyarlığı ilə erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib.

N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. Müstəqil "Azadlıq" qəzetini təsis edən (1989-cu il) N.Nəcəfov, respublikanın suverenliyinə və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda, AXC liderlərindən biri kimi, siyasətlə daha fəal məşğul olmağa başlayıb.

1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib. 1993-1995-ci illərdə o, AXC Məsləhət Şurasının üzvü vəzifəsində çalışıb. Ömrünün son illərində Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.

1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bakı şəhərində Köhnə qəbiristanlıqda dəfn olunub.

Son xəbərlər
Bütün xəbərlər »