Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlığın son səhəri

“Azərbaycan jurnalistikasının vicdanı” Nəcəf Nəcəfovun xatirəsinə

Nəcəflə münasibətlərimizi, bilmirəm, necə adlandırım – qəribəmi, həssasmı… On üç illik tanışlığımız müddətində biz “Molodyojka”da da bir yerdə işləmişik, qəzetdən gedəndə də bir yerdə getmişik. “Azadlıq” yarananda da bir olmuşuq, “Turan” yarananda da. 20 Yanvar gecəsində yanaşı dayanmışıq, dövlət işində qoşa çalışmışıq, sonralar açmaq istədiyimiz qəzetin planını birgə işləmişik. Səfərlərdə də çox olmuşuq, bir-birimizin evində də. Mitinqlərdə, redaksiyalarda da dəfələrlə səhəri bir yerdə açmışıq, dost məclislərində də. Amma həmişə bir-birimizə “Siz” deyə müraciət etmişik. Bizim münasibətlərimizi bilənlər çox vaxt bu müraciəti eşidəndə təəccüblərini gizlədə bilmir, bəzən açıq, bəzənsə xəlvət soruşurdular: “Siz hələ də rəsmiyyəti aşmamısınız?”. Əlbəttə ki, bu, rəsmiyyət deyildi, nə isə başqa bir hissin təzahürü idi ki, onu ifadə etməkdə indi həmişəkindən daha çox çətinlik çəkirəm. Necə ki, bu yazını yazmaqda, söyləmək istədiyim fikirləri ifadə etməkdə böyük çətinlik çəkirəm. Ona görə bu kiçicik hekayətdə sonsuzluq bildirən nöqtələrdən çox istifadə etdiyimə görə bəri başdan oxucudan üzr istəyirəm.

… Nəcəf Nəcəfov Milli Məclisin tribunasının yanında dayanmışdı. Səsi gur çıxsa da çox əsəbi olduğu görünürdü:

“Üzr istəyirəm, bu kişi yalan danışır”.

Tribunadan ikiəlli yapışıb çıxış eyləyən “kişi” – Azərbaycan Kommunist Partiyasının ozamankı birinci katibi Əbdürrəhman Vəzirov isə Nəcəf Nəcəfovu mikrofondan aralamağa çalışır və bağırırdı:

“Prokuror, prokuror, uçest eto”…

Həmin vaxt iclas zalında əyləşmiş kommunistli-demokratlı millət vəkillərinin də, elə keçmiş prokuror İlyas İsmayılovun özünün də indi bu əhvalatı xatırlayanda, yəgin ki, dodağı qaçır. O zamansa həyəcandan adamın dodağının qanı qaçırdı. Vəzirovun çəkdiyi qiyyadan sonra birdən-birə salona (bəlkə də tək salona deyil, bütün ölkəyə) çökmüş sükut içərisində kimi qorxudan, kimisə hirsindən içini yeyə-yeyə təşvişlə nə baş verəcəyini gözləyirdi…

Bu hadisədən bir necə ay sonra – 1990-cı ilin qışında SSRİ Xalq Deputatlarının qurultayı (bəlkə də qurultay deyildi, sessiya idi, dəqiq xatırlamıram) gedən günlərdə Moskva mehmanxanalarından birində oturub Nəcəflə söhbətləşirdik. Soruşdum: “O sükutda beyninizdən hansı fikir keçdi?” “Fikri xatırlamıram, – dedi, – amma həmin anda qızımın gözləri gəlib gözlərimin önündə dayandı”.

Onda Nərgiz yaş yarımlıq idi…

Bütün güclü şəxsiyyətlər kimi, Nəcəf bir-biri ilə çox çətin uzlaşan iki hissi özündə birləşdirə bilirdi: ölçüsüz səmimiyyət, daxili qapalılıq. Onunla istənilən mövzuda, ən incə mətləblər barədə çəkinmədən danışmaq olurdu. Bununla belə, hiss edirdin ki, Nəcəfin qısqanclıqla yanaşdığı bir mövzu var. Amma bu, ailə-uşaq söhbətlərindən qaçmağa çalışan “şərq kişisinin adi qısqanclıqı” deyildi. Yalnız ara-sıra söylədiklərinin dərininə varanda, qısa-qısa fikirlərini cəmləşdirəndə handan-hana başa düşə bilirdin ki, əslində bu, heç qısqanclıq da deyil, müdafiə, qoruma reaksiyasıdır. Göründün ki, insanları nəinki dinləməyi bacaran, onları anlamağa çalışan, ürəyi hamı üçün açıq olan Nəcəf içərisində möhkəm-möhkəm gizlətdiyi, ədalətsizlikdən, mənəviyyatsızlıqdan, allahsızlıqdan – bir sözlə, hər cür “naməhrəm baxışlardan” qoruduğu bir dünyanın fərqindədir.

O dünyanın pəncərəsindən bizim dünyamıza iki cüt uşaq gözü boylanırdı – Nəcəfin qızları Nərgizin və Leylanın gözləri…

Həyatının hansı mərhələsini yaşadığını Nəcəf çox gözəl başa düşürdü. Növbəti dəfə kimyəvi müalicə keçib xəstəxanadan çıxandan sonra bir axşam onunla Bakı Mətbuat Klubunun ikinci qatında oturub çay içirdik. Həmişə beynində ideyalar qaynaşan Nəcəfin “fantaziya körüyü” yenə işə düşmüşdü:

– Bu çayın yanında səməni halvası da olsaydı, nə olardı! Niyə eləmirsiniz? Jurnalistlərin çoxu işdən sonra özləri də bura gələr, hələ qonaqlarını da gətirər. Əla şeydir – həm dadlı, həm xeyirli, həm də, Hikmət demiş, milli. Çoxdandır heç harda görməmişəm. Rəhmətlik anam hərdən bişirərdi. Ətri evi bürüyərdi.

– Yaxşı, eləyərik.

– Elə “eləyərik-eləyərik” deyirsiniz. Siz eləyənə qədər mən burada olmaram…

Diksindim. Nəcəf xəstəliyindən danışanda da həmişə elə danışırdı ki, sanki qarpız qabığını ayaqlayıb, sürüşüb-yıxılıb, topuğunu əzib, bir-iki günə hər şey keçəsidi. Adama elə gəlirdi ki, xəstəliyi onun nəzərində narahatlıq üçün əsasdan daha çox zarafat üçün bir mövzudur.

– Xeyir ola? Hara hazırlaşırsınız?

– Əvvəlcə Londona… Ailəliklə. Lalə Bi-Bi-Si-də işləyəcək.

Bilirdim ki, keçmiş iş yoldaşımız, sonradan isə Nəcəfin həyat yoldaşı Lalə hələ beş il əvvəl Bi-Bi-Si-nin elan etdiyi müsabiqəni udub və İngiltərəyə, radioostansiyanın mərkəzi qərargahında işə dəvət olunub. Amma Nəcəf Azərbaycanı tərk edib harasa köçməyin qəti əleyhinə idi. Pafoslu ifadələr işlətməmək üçün niyəsindən danışmıram. Düşünürəm ki, Nəcəfi tanıyanlar, onun hansı imanda olduğunu, hansı arzularla yaşadığını bilənlər üçün bu sualın çavabı onsuz da aydındır.

Nəcəfi isə sonuncu qərara gəlməyə məcbur edən cavabsız qalan suallar idi. O suallar ki, onları xəbislikdənmi, acgözlükdənmi, ağılsızlıqdanmı, ikiüzlükdənmi insanlar özləri yaradır, qucaq-qucaq qalayır, sonra da, rəhmətlik Aydın Məmmədov ölümünə ikicə gün qalmış dediyi tək, dünyanın “bir dərdi kimi, səri kimi, qarı kimi, yağışı kimi” çuval-çuval yükləyirlər bu məmləkətin barmaqla sayılası vicdanlı adamlarının çiyninə. Həmin adamlar da bu yükü çəkə-çəkə aramızda gəzir, suallarımıza cavab axtarır, bircə gözləri qaralıb nəfəsləri təngiyəndə, artıq ürəklərinin partlayacağını, beyinlərinə qan sızacağını hiss edəndə son anda çiyinlərindəki çuvalları yerə atmağa, heç olmazsa, iclərində gizlətdikləri təmizlik dünyasını – Nərgizlərin və Leylaların dünyasını – bu ağırlığın altında xurd-xəşil olmaqdan xilas etməyə çalışırlar…

– O uşaqların axırı nə olacaq? Mən onları düzlüyə, halallığa, ləyaqətli olmağa öyrətmişəm. Bu yalanın, haramın, talanın içərisində onlar öz ləyaqətlərini necə qoruyacaqlar? Mən övladlarıma bir keyfiyyət təlqin edirəm, həyat isə onlardan tamam başqa keyfiyyətlər tələb edir. Ətrafdakı mənəviyyatsızlığı, haqsızlığı görəndən sonra gedib evdə qızlarımın gözünə baxanda düşünürəm: mənsiz onlar burada neyləyəcəklər, necə yaşayacaqlar? Mən onları arzuladığımız gələcəyə hazırlayırdım. Amma həmin gələcəyi biz yarada bilmədik…

Bu, bizim sonuncu görüşümüz idi…

Aktyor evində vida mərasiminin başlanmasına bir neçə saat qalsa da Nərgizlə Leylanı oraya aparıb-aparmamaq haqqında söz-söhbət davam edirdi. Qohum-qardaşın, dost-tanışın çoxu uşaqların hisslərini qorumağı, həmin müddətə onları başqa yerə göndərməyi təklif edirdi. Son qərarı Lalə özü qəbul etdi:

– Yox, aparacağam. Qoy, özləri görsünlər. Bilsinlər ki, necə ataları olub. Qoy, Nəcəfin övladı olmaq məsuliyyətini hiss etsinlər, bu məsuliyyəti ömürlük yadlarında saxlasınlar…

Balaca Leylanın və onun dayısı qızı Cəmilənin çəkdikləri, bu qəmli hekayətin üzərinə işıq salan şəkilləri Nəcəf vəfat edən günün səhəri onun evində, uşaqların otağındakı masanın üstündə görmüşdüm. Dəfndən bir neçə gün sonra Lalədən onları müvəqqəti olaraq mənə verməsini xahiş etdim. Razılaşdı:

– Belə rəsmlərdən evdə çox idi. Ümumiyyətlə, uşaqlar onunla şəkil dili ilə danışmağı xoşlayırdılar. İki həftə əvvəl otaqlarını yığışdıranda çoxunu atıblar. Nə biləydik?.. Bəlkə deyim, yenə çəksinlər?.. Görəsən, indi nə çəkərdilər?

NəcəfNəcəf

Nəcəfin yeddisi çıxan gün Lalə mənə bir rəsm də verdi:

– Mən onlara heç nə demədim. Eləcə dedim ki, oturun, bir şəkil çəkin. Bu, Nərgizin rəsmidir. Bağımızı çox xoşlayır, ona görə də buna bənzər şəkillərdən tez-tez çəkir. Ancaq məni, bilirsənmi, nə heyrətləndirdi?.. Həmişə Nərgizin şəkillərində stolun ətrafında dörd stul olardı: Nəcəfçün, mənimçün, bacısı üçün, bir də özü üçün. İndi cəmi üç stul çəkib…

Birdən-birə mənə elə gəldi ki, Nəcəfin bizim dünyamızdan köçməyə hazırlaşdığı və Nərgizlə Leylanın rəsmlərini masanın üstündə ilk dəfə gördüyüm həmin səhər bu iki balaca qızın uşaqlığının son səhəri idi. Əlbəttə, onlar yenə də uşaq oyunları oynayacaq, uşaq rəsmləri çəkəcəklər. Amma artıq bu rəsmlərdəki quşların qanadları, ayı balalarının qucağında hədiyyə torbaları olmayacaq, masaların ətrafında stullar çatışmayacaq. Artıq onlar çox şeyə başqa cür baxacaqlar…

Neyləyək? Necə eləyək ki, hamımızın sevdiyi Nəcəfin sevimli balaları da, bizim candan artıq istədiyimiz övladlarımız da onları həyatın çirkinliklərindən qorumaq üçün qurduğumuz qalalar bəd gələn bir Allah səhəri uçub-dağılanda, bu dünya uşaqlarımıza başqa cür, əslində isə olduğu kimi – İNDİ olduğu kimi görsənməsin? Arzuladığımız, uşaqlarımızı hazırladığımız gələcəyi – təmizliyi, hallallığı, ləyaqətli həyatı necə yaradaq, necə quraq? Bu qovhaqovda, bu vurhavurda, şair demiş, “bu basabasda” Nəcəfin övladı, tanışı, yoldaşı olmaq məsuliyyətini necə daşıyaq?

Köçəkmi, qalaqmı? Qalırıqsa necə qalaq, harda qalaq, kimlə qalaq?..

Arif Əliyev

Son xəbərlər
Bütün xəbərlər »