Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistikanın vicdanı

Nəcəf Nəcəfov: cismani yoxluğun iyirminci ili

Tərifi xoşlamıram. Kimsə məni tərifləsə, rahatsız oluram, sıxılıram. Yersiz tərif isə məni lap qəzəbləndirir; özümə qarşı olan da, özg vəyə qarşı olan da. Çünki yalançı pafos bizim axırımıza çıxdı. Ancaq ustadım Nəcəf Nəcəfov haqqında nə danışsaq, tərif olacaq. Mən Azərbaycanın yaxın tarixində sözün tam anlamında bu qədər ZİYAlı-işıqlı şəxsiyyət görmədim. İnsanı heyrətləndirən İnsan.

Həmişə düşünmüşəm: axı necə bu qədər yaxşı insan olmaq olar?! Əgər uşaqlarımıza: "Böyüyəndə yaxşı insan, Vətənini, ailəsini, dostlarını, işini heç bir qarşılıq güdmədən (heç o barədə düşünmədən) sevən, əsl jurnalist, əsl ictimai xadim, əsl peşəkar, əsl ziyalı, əsl ata olmaq istəyirsənsə, Nəcəf Nəcəfov kimi ol" deməliyik.

Bütün varlığımla inanaraq, gördüyüm, hiss etdiyim gerçəkləri yazıram. Nəcəf Nəcəfov təkcə onun 30 il bundan qabaq əsasını qoyduğu və məni də zamanında bir parçası olaraq yetişdirmiş əfsanəvi "Azadlıq" qəzetində redaktorum olmaqla qalmadı. Nəcəf bəy mənim insan kimi taleyimin, yaradıcı taleyimin də REDAKTORu idi. Hər zaman ondan dərs aldım, örnək aldım. Sağlığında da, dünyasını dəyişdikdən sonra da. Ömrümün sonuna qədər də belə olacaq.

Bu gün artıq Nəcəf bəyin aramızdan ayrılıb getməsindən 20 il keçdi. Nəcəf Nəcəfovu görə bilməyən, tanəmayan bir nəsil yetişdi; onu sanki qəsdən unutdurmağa çalışdılar. Ancaq Nəcəf bəy unudulmağa deyil, xatırlanmağa, araşdırılmağa, öyrənilməyə layiq nadir söz, fikir adamı, böyük şəxsiyyətdir. Onu tanıyan hər kəs mütləq sevəcək. Müəllimlər müəllumi, böyük alim və mütəfəkkir Şirməmməd Hüseynov Nəcəf Nəcəfovu Həsən bəy Zərdabi ilə müqayisə etmişdi. Nəcəf bəy də Zərdabi kimi bizim tariximizdə öz uca yeri olan insan, ziyalıdır. Nəcəf Nəcəfova jurnalistikamızın vicdanı deyirlər; müstəqil jurnalistika 80-ci illərin sonunda "Molodyoj Azerbaydjana" qəzetində Nəcəf Nəcəfovla başladı. Çox təəssüf ki, ondan sonra da bitdi.

Nəcəf Nəcəfov təkcə jurnalistikamızın deyil, millətimizin vicdanıdır. Onu itirdik. Ancaq Hikmət Hacızadənin təbirincə desək, "Nəcəf getdi, yeni bir Nəcəf mütləq gələcək".

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »