Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbədənkənar… media seçkiləri
Azad və güclü media. Onu biz niyə və necə yaradacağıq?

Baxırsan, hamı düz deyir. Prezidentdən tutmuş sıradan bir vətəndaşa qədər hamı deyir ki, azad və güclü media olmalıdır, güclü vətəndaş cəmiyyəti olmalıdır. Eləcə də, hamı deyir ki, müxalifət olmalıdır. İndi kim “sağlam”, “konstruktiv” müxalifət istəyir, kim başqa bir şey istəyir – bunlar başqa məsələ. Hərçənd, “sağlam”, “konstruktiv” deyəndə yenə hərə bir şeyi nəzərdə tuta bilər. Biri üçün sağlam müxalifət ölkənin problemlərini dərindən araşdıran, canında hiss edən, o problemlərlə yaşayan və bununla barışmayan, təhlil edən, tənqid edən, təklif verən insanların toplusudur. Başqası üçün “üzdən gedən”, bir-iki hətta 4-5 mandata qane olub sakit dayanan, üçüncü-beşinci dərəcəli məsələlərlə bağlı “sərt” olub, əsas məsələləri açıb ağartmayan adamların təşkilatı, sağlam və konstruktivdir.

Əslinə qalsa, problemin həlli çox sadədir. Oturub gözləmək lazım deyil ki, ölkədə deyildiyi kimi güclü, gerçəkdən sağlam müxalifət nə zaman yaranacaq. Elə ilk demokratik, azad, ədalətli seçkidə sağlam iqtidar da yaranacaq, sağlam müxalifət də. Ola bilməz ki, sağlam iqtidarın xəstə müxalifəti olsun. Çünki müxalifəti də, iqtidarı da xalq seçir. Sağlam iqtidar da, sağlam müxalifət də azad, bərabər siyasi rəqabətin məhsulu olaraq ortaya çıxır. Bu da ən azı iradə məsələsidir; gərək siyasi proseslərdə iştirak edən bütün tərəflər bərabər rəqabət şərtlərinə razılaşsınlar. Sonra da sağlam seçki keçirsinlər, O zaman sağlam iqtidar da olacaq, sağlam müxalifət də, vətəndaş cəmiyyəti də, sağlam media da.

Deyəcəksiniz ki, azad medianın seçkilərə nə dəxli var?! Azca diqqət etsəniz görərsiniz ki, elə media seçkilərdə məlum olur. Referendumlarda, Prezident seçkisində, parlament seçksində, hətta bələdiyyə seçkisində. Mən hələ təkcə onu nəzərdə tutmuram ki, azad seçkilər olsa, bərabər rəqabət mühiti olsa, media üçün informasiya bolluğu da, siyasi reklam gəlirləri də olacaq. Bunlar öz yerində. Sivil dünyada seçkilərdə həm də hansı media orqanlarının hansı dəyərləri müdafiə etdiyi, necə müdafiə etdiyi də ortaya çıxır. Hətta hansı siyasi qüvvələrə, hansı namizədlərə simpatiyasının olması da bəlli olur. Elə bilirsiniz, ABŞ-da, yaxud Fransada, elə Türkiyənin özündə media orqanları, köşə yazarları seçkilərdə - ciddi siyasi seçim anlarında bu və ya başqa siyasi qüvvəni yaxud namizədi dəstəkləmir?! Yoxsa düşünürsünüz ki, dünyada hamı tərəfsizdir?! Xeyr. Hansısa bir tərəfi dəstəkləmək normalda ağa qara demək deyil; doğruluğuna inanmaq üçün əlində faktların və bu faktoloji bazada qura biləcəyin arqumentlərin olduğu halda haqlı bildiyin mövqeni bölüşməkdir. Hansısa bir siyasi mövqeyi bölüşmək simpatiya bəslədiyin qüvvənin və ya namizədin rəqibinə tribuna verməmək, yaxud həmin rəqibi qaralamaq, aşağılamaq anlamına gəlmir. İstənilən halda məsələlərə obyektiv yanaşacaqsan. O baxımdan, qarşıdakı seçki həm də media azadlığı üçün bir fürsətdir. Əlbəttə ki, bu seçkilərin də azad və ədalətli olmayacağı haqqında fikirlər, mövqelər var; seçki qanunvericiliyindəki boşluqlar, seçki komissiyalarının tərəfsiz olmaması, ölkədə total repressiya mühitinin olması, obyektiv seçki müşahidəçiliyi üçün şəraitin yaradılmaması, söz, fikir, sərbəst toplaşmaq azadlığının və başqa azadlıqlarının məhdudlaşdırılması haqqında iddialar var. Hətta bütün bunları əsas götürərək seçkidə iştirak etməyən siyasi qüvvələr də məlumdur. Ancaq bununla yanaşı, indiki şəraitdə də normal seçkilərin ola biləcəyinə inananlar da az deyil; elə iddiaçıların bolluğu və gözlənilən namizəd anşlaqı bunu deməyə əsas verir. Bir az dərinə getsək, kimsə çıxıb Fransada seçkiləri Daxili İşlər Nazirliyinin keçirməsi haqda arqument də gətirəcək.

Ümumən, seçkilərin necə olacağını şəxsən mən bəri başdan proqnozlaşdıra bilsəm də, istənilən halda yekun qənaətə gəlmək üçün fevralın 9-nu gözləyək (Hərçənd ki seçki oyun qaydaları məcmusudur; o necədirsə, nəticəsi də elə olacaq; hazırda isə əvvəlki oyun qaydaları dəyişməyibsə, hər şey əvvəlki kimi olacaq; əvvəlkindən çox fərqlənməyəcək). Ancaq mövzumuz tam olaraq bu deyil. Yaxud, təkcə bu deyil. Biz media azadlığı məsələsi üzərində dayanaq. Bütövlükdə “azad, güclü və effektiv medianı necə yarada bilərik?” sualını araşdırmağa çalışırıq. Şübhəsiz ki, dediyim kimi, bunun ilk və əsas şərti (bəlkə də tək şərti) ölkədəki ictimai-siyasi proseslərdən, seçkilərin necə olmasından, hakimiyyət ierarxiyasının necə formalaşmasından asılıdır. Yəni hakimiyyətin formalaşmaqda olan (yaxud formalaşmaqda olduğunu düşündüyümüz) yeni informasiya-kommunikasiya siyasəti azad və güclü media istəyəcəkmi? İstəyəcəksə, onu özünə tərəfdaş, müttəfiq kimi görəcək, yoxsa rəqib, daha pisi düşmən kimi görəcək?! Budur əsas sual. Burada xüsusi olaraq vurğulamaq istəyirəm ki, “hakimiyytətin media siyasəti” əslində bəlkə də qüsurlu ifadədir, “informasiya-kommunikasıya siyasəti” desək yəqin ki, daha doğru olar. Yəni hakimiyyət əlində olan informasiyaları media ilə bölüşməkdə maraqlı olacaqmı? Hansı prinsiplərə söykənəcək bu bölgü? Hakimiyyət medianı deyil, informasiya axınlarını idarə etsə, daha düzgün olar. Burada da informasiyanı gizlətmək deyil, dövlət və hərbi sirrlər istisna olmaqla, bütün başqa informasiyaları cəmiyyətlə bölüşmək, cəmiyyəti informasiya ilə idarə etmək ən doğru yoldur. İnformasiyalı cəmiyyəti informasiyasz idarə etmək mümkün deyil; sənin gizlətdiyin məlumatları istənilən halda başqa (çox halda və ya bəlkə də həmişə) sənə rəqib olan mənbələrdən tapacaq; sosial media alətləri, hazırkı kütləvi kommunikasiya sistemləri buna imkan verir (heç deyilsə, xarici media var). Əgər biz bu yazıda siyasətlə medianın qarşılıqlı təsirlərini, münasibətlərini araşdırırıqsa, mütləq siyasətin resurslarına gəlib çıxırıq. Siyasətin resursları deyəndə vaxt, pul, adamlar (sosial baza, elektoral baza və sair də deyə bilərik), informasiya nəzərdə tutulur. Bu sıralama şərtidir; bəzi yerdə maliyyə faktoru önə keçir, bəzi yerdə vaxt ilk və əsas şərt olur. Ancaq bütün hallarda informasiya başlıca resursdur. O özü vaxt resursu da yarada bilir, pul resursu da, insan resursu da. Bu üzdən cəmiyyətin idarəçiliyində informasiya ən əsas alətdir. Artıq baxır informasiya axınlarını necə yönəldirsən. Bizdə uzun müddət siyasət belə olub: media vasitəsilə cəmiyyəti yönəltmək deyil, cəmiyyəti və medianı bir-birindən ayırıb hər ikisini ayrı-ayrılıqda yönəltmək. İndi sanki bu siyasətdən imtina olunur; Prezident "ictimai nəzarət" anlayışı üzərinə vurğu qoyur. Bunu ara-sıra təkrar bəyan edir. Ali dövlət rəhbərliyində olanlar, əlbəttə, ümumi istiqamətləri müəyyənləşdirirlər. Konkret məsələlər daha aşağı səviyyələrdə həll edilir, icra olunur. Hazırda necə həll edilir? Necə icra olunur, yaxud necə icra olunacaq?! Bu suallar da açıq qalıb. Hərçənd ki, media kimi həssas məsələdə sualların belə uzun zaman açıq, cavabsız qalması özü yeni-yeni suallar doğurur ki, bu da media ilə yanaşı (və daha çox) dövlətin də zərərinə işləyir.

Növbəti yazımda azad və güclü media adına problemləri araşdıracağıq və ideyalarımızı bölüşəcəyik.

Bahəddin Həziyev,

“Bizim Yol” qəzetinin və Bizimyol.info portalının baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
››› "Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır"
Son xəbərlər