Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arif Əliyev: "Nə işıq gələn tərəf var, nə də it hürən tərəf"

Arif Əliyev: "Çox istərdim ki, bu səfərlər effektiv olsun, məqsədinə çatsın, turist səfərlərinə çevrilməsin"

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri ictimaiyyətə qapalı olsa da, baş tutdu. Hökumət tərəfindən nəhayət ki, dünən bu səfərlərin yekunlarına münasibət bildirildi. Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd etdi ki, erməni jurnalistlərin Azərbaycana səfər edərək, gözləri ilə gördükləri barədə erməni ictimaiyyətini məlumatlandırması vacib şərtlərdən biridir.

“Nəzərə almalıyıq ki, Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasları və səbəbləri ciddi şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə bağlı Azərbaycanın baxışı barədə jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmasına bir zərurət və ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Bu, həyata keçirilən ilk təşəbbüslərdən biri idi. Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı səfərlərinə dair təşəbbüslər barədə isə hələlik məlumat yoxdur”, - deyə o vurğuladı.

PA rəsmisinin bu açıqlamasından sonra belə anlaşıldı ki, jurnalistlərin səfərlərinin davamı da olacaq. Həmçinin QHT nümayəndələrinin qarşılıqlı səfərlərinin baş tutması ehtimalı da var. “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə bu ehtimallara, ümmumiyyətlə indiki dönəmdə bu tip qarşılıqlı səfərlərin mahiyyətinə, hər hansı müsbət nəticə verib-verməyəcəyinə AYNA tutmağa çalışdıq.

- Arif müəllim, nəhayət ki, dünən hökumət tərəfindən jurnalistlərin qarşılıqlı səfərlərinin yekunlarına münasibət bildirildi. Maraqlıdır, siz bu barədə nə düşünürsünüz?

- Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ münaqişəsi o dərəcədə qəliz məsələdir ki, bunun hər hansısa bir elementini ayrılıqda həll etmək qeyri-mümkündür. O cümlədən də informasiya mübadiləsini. Hikmət Hacıyevin dediyi, əslində doğrudur. Mən özüm münaqişədən sonra Yeravanda 3 dəfə mətbuat konfransı keçirmişəm və təbii ki, orada da burda dediklərimdən fərqli heç nə söyləməmişəm, çünki ifadəni, sözü deməkdən çox şey aslıdır. Mən onun şahidiyəm ki, Ermənistanda Azərbaycan haqqında olan təsəvvürlər yanlışdır. Necə ki, bizdə Ermənistanın dağılması, bu gün-sabah çökəcəyi barədə yanlış təsəvvürlər var.

Bu yanlış təsəvvürlər xüsusilə Qarabağda hiss olunur. Qarabağ deyəndə ərazini yox, oradakı cəmiyyəti canlı təsəvvür etməliyik. Orada müstəqil kütləvi informasiya vasitələri və müstəqil mənbələr yox dərəcəsindədir. Əvvəl bir jurnal var idi, yarımüstəqil bir qəzet çıxırdı, bu gün onlar da faktiki olaraq məhv dərəcəsinə gətirilib. Ona görə də orada yaşayan erməni cəmiyyəti çox güclü təbliğatın təsiri altındadır. Onlarda Azərbaycan haqqında real olmayan təsəvvürlər var, düşünürlər ki, burada yaşayan adamların gecə-gündüz düşüncəsi ondan ibarətdir ki, “harada erməni tutsaq, boğazlayaq”. Əgər biz deyriksə, problemin sülh yolu ilə həlli bir variant kimi qalır, bu variant da istənilən halda azərbaycanlı və erməni icmasının bir yerdə yaşamasını ehtiva edir. Biz deyirik ki, Qarabağ bizimdir, deməli orada yaşayan insanlar da bizim vətəndaşlarımızdır. Əgər sülh istiqamətində gediriksə, öz münasibətimizi də buna uyğun kökləməliyik.

- Bir neçə jurnalistin qarşılıqlı səfərləri buna imkan yaradacaqmı?

- Bu, iki-üç jurnalistin qarşılıqlı səfərləri ilə məhdudlaşan proses deyil, buna kompleks yanaşmaq lazımdır. Həmin təsəvvürləri dəyişmək istəyiriksə, mütləq informasiya məkanımızı açmalıyıq.

- Ancaq əvvəlcə Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini düzgün hesab etmədiyinizi demişdiniz...

- Ona görə demişdim ki, proses bu formada yox, kompleks şəkildə həyata keçirilməlidir. İkincisi, bu, Azərbaycanla Ermənistanın arasında həll olunan məsələ olmalıdır, Azərbaycanla Ermənistanın özünün hazırladığı plan əsasında həyata keçirilməlidir. Burada təşəbbüs Minsk qrupunun olsa da, faktiki olaraq icraçı Rusiya idi, hətta seçimi də onlar aparmışdı. Üçüncüsü, əgər biz bu səfərlərlə ictimaiyyətə təsir etmək istəyiriksə, oğurluq kimi həyata keçirilməməlidir. Hətta həm orada, həm də burada həmin jurnalistlərlə yerli jurnalistlərin görüşü olub və yerli jurnalistlərə qəti olaraq tapşırılıb ki, bu barədə heç kim bilməsin. O zaman sual yaranır, proses ictimaiyyətə təsir etmək məqsədilə həyata keçirilirsə, ictimaiyyətə bu qədər etibarsızlıq etmək nədir? Həmçinin bu işlər siyasətçilər tərəfindən təşkil olunmamalıdır. Necə ki, siyasət professional məsələdir, parlamentdə qanunvericilik professionalların əlində olmalıdır, eləcə də bu proseslə peşəkarlar məşğul olmalıdırlar. Siyasətçiləri gətirib bu işə cəlb edəndə onun ağırlığını biz jurnalistlər çəkməli oluruq və illərdir bunun şahidiyik.

- İndiki şəraitdə və bu formada aparılan informasiya mübadisəli effektiv olacaqmı?

- İnformasiya mübadiləsi müharibə şəriaitində belə, çox mühüm və vacib məsələdir. Çünki bütün qərarlar informasiya əsasında qəbul olunur. İnformasiya səhvdirsə, təsəvvür yanlışdırsa, qəbul olunacaq qərarlar da ya faciə ilə nəticələnməlidir, ya da uğursuzluğa düçar olmalıdır. İnformasiya mübadiləsi kompleks şəkildə aparılmadıqca nəticəsiz olacaq. Danışıqlar prosesində heç bir nəticə yoxdur, danışıqlara necə gedirlərsə, eləcə də qayıdırlar, cəbhə xəttində atışmalar davam edir, bir tərəfdən də jurnalistlər gedib-gəlirlər. Çox istərdim ki, bu səfərlər effektiv olsun, məqsədinə çatsın, turist səfərlərinə çevrilməsin. Bu prosesləri təşkil etmək o qədər də asan deyil, hər iki cəmiyyətdə buna etiraz var. Həmçinin təhlükəsizlik, risk, seçim məsələləri mövcuddur.

- Jurnalistlərdən sonra QHT nümayəndələrinin də qarşılıqlı səfərləri barədə ehtimallar var. Jurnalist səfərlərinin effekti olmadan QHT nümayəndələrinin qarşılıqlı səfərləri nə qədər qənaətbəxş olar?

- Düşünürəm ki, biz bu taktikanı seçiriksə, addımlar ardıcıl olmalıdır. Təkcə jurnalist səfərləri uğursuz olacaq, bunun ardınca QHT də hərəkət etməlidir, politoloqların müzakirələri olmalıdır. Cəmiyyətdə bir ümid yaranır, sonra isə görürlər ki, digər müstəvilərdə - siyasi, vətəndaş cəmiyyətinin digər qrupları arasında heç bir irəliləyiş baş vermir, ona görə də iyrənir, jurnalist səfərlərindən də bezir. Səfərlərin verdiyi müsbət nəticələrə də əks mövqedən yanaşır. Heç nəyin dəyişməməsinə görə bütün narazılıq, nifrət jurnalistlərə yönəlir.

- Bu proseslər əvvəllər də olub və uğursuzluqla nəticələnib...

- Ona görə uğursuzluqla nəticələndi ki, siyasi prosesdə bir addım da qabağa getmədik. Cəmiyyət bundan iyrəndi və həmin nifrəti ictimai təşkilatların üzərinə yönəltdilər. Nəticədə xeyli dərəcədə gərgin münasibətlər yarandı. Əgər bu proses əvvəlki formada davam edəcəksə və bu, heç bir siyasi addımlarla bağlanmayacaqsa, onda biz eyni nəticə ilə üzləşəcəyik.

- Bildirirlər ki, bu səfərlərin məqsədi insanları sülhə hazırlamaqdır. Media indiki halda cəmiyyəti hansı sülhə hazırlamalıdır: qarşılıqlı kompromisə, yoxsa təslimçi sülhə?

- Biz indiki şəraitdə cəmiyyəti ancaq iki məsələyə hazırlaya bilərik: Birincisi real informasiyadan, real şəraitdən çıxış etməyə, ikincisi, dözümlülüyə və bir-birini anlamağa. Amma sülhə hazırlamaq çox ciddi vəzifə və məsuliyyətdir. Cəmiyyəti media olaraq sülhə hazırlamaq üçün bilməliyik ki, siyasi prosesdə hansısa addım, sülh haqqında təsəvvürlər var. Bu gün isə ermənilərlə azərbaycanlılar arasında bu yoxdur, heç kompromis haqqında ümumi təsəvvürlər mövcud deyil. Ermənilər elə başa düşürlər ki, kompromis azərbaycanlıların Qarabağın müstəqilliyini tanımasıdır, azərbaycanlılar da elə başa düşürlər ki, kompromis ermənilərin öz iddialarından əl çəkməsidir.

- Paşinyan açıq şəkildə bəyan edir ki, torpaqların qaytarılmasından söhbət gedə bilməz. O zaman belə anlaşılır ki, söhbət təslimçi sülhdən gedir?

- Təslimçilik sülhünün belə, konsepsiyası olmalıdır, ancaq burada heç nə yoxdur. Məqsəd olmadan vasitələrdən istifadə edirik. Paşinyanın bir çox çıxışlarında gah nala, gah mıxa vurması, müxtəlif fikirlər səsləndirməsi elə onu göstərir ki, rəhbərlik səviyyəsində sülhə hazırlıq yoxdur. Hər şey də oradan başlayır, ona görə də əsas proseslər orada baş verməlidir. Və yaxud onlar gördükləri gələcəyə getmək üçün bizdən kömək istəyə bilərlər ki, biz də o yolu bir qədər təmizləyək. Amma bizə hələ heç nə göstərilməyib, bilmirik ki, bu yolun axırında nə görünür.

- Qarşı tərəfdə baş verənlərin fonunda elə düşünə bilərikmi ki, işıq gələn tərəf yoxdur deyə, biz it hürən tərəfə gedirik?

- Hələlik nə işıq gələn tərəf var, nə də it hürən tərəf. Onu da deyim ki, qarşı tərəf də belə düşünür. Ermənistan cəmiyyəti bu məsələdə 10-15 il əvvəlkindən daha radikaldır. Ona görə ki, əlaqələr, qarşılıqlı müzakirələr yoxdur, hərə çayın bir tərəfindən qarşı tərəfə daş atır. Daş qarşı tərəfə çatmasa da, ən böyük daşdan yapışırıq ki, öz cəmiyyətimizdə hörmətli olaq. Eyni şey hər iki tərəfdə baş verir. Həmçinin arxadan gələn nəsil yetişib, ön plana keçir və bu nəsil gözünü açandan bu şəraiti görüb. Ermənistan tərəfdə, “Qarabağ bizimdir, əvəllər də bizim olub, azərbaycanlılar onu almaq istəyirdilər, biz geri qaytardıq, ona görə də azərbaycanlılar bizi xalq olaraq məhv etmək istəyirlər” təsəvvürləri ilə böyümüş nəsil indi həm siyasi səhnəyə gəlir, həm jurnalistikada rəhbər vəzifələrə yüksəlir.

- Paşinyandan sonra onun xanımı da siyasətdə aktivləşib, Qarabağla bağlı müxtəlif açıqlamalar verməyə başlayıb. Həm Paşinyanın, həm də xanımının bəyanatlarına əsasən deyə bilərikmi ki, indiki Ermənistan hökumətinin Qarabağla bağlı konkret fikri mövcuddur?

- Paşinyanın indiki çıxışlarının üzərində o qədər də yük qoymayın. Qarabağla bağlı Ermənistanın real mövqeyi, əgər yaranıbsa, Qarabağdakı seçkilərdən sonra bilinəcək. Paşinyanın bəyanatlarının əksəriyyəti Azərbaycandan çox, daxili auditoriyaya hesablanıb. Paşinyanın özünün çox ciddi problemləri var, xüsusən də media ilə. Qarabağda gözlənilən seçkilərdə onun ən böyük qorxusu ondan ibarətdir ki, Qarabağ klanının tərəfdarları güclənərək Yeravan hakimiyyətinə güclü təzyiqi artıra bilər. Bu gün Qarabağ məsələsi Ermənistanda daxili siyasi mübarizədə daha fəal istifadə olunur, nəinki Azərbaycanda.

- Son olaraq, proseslər bundan sonra hansı müstəvidə davam etdirilməlidir?

- Düşünürəm ki, proseslər uzandıqca mürəkkəbləşir. Bunun bir yolu var: Həddən artıq sürətli demokratikləşməklə Avropadakı münasibətlər səviyyəsinə keçməliyik ki, bu sərhədlər bütövlükdə əvvəlki mənasını itirsin. Yox əgər bu qapalı vəziyyətdə öz inkişafımızı əvvəlki formada davam etdirəcəyiksə, o zaman başqa yollar seçməliyik. (Ayna.az)

Son xəbərlər
Bütün xəbərlər »