Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi şərhçi: “ABŞ kiçik və mənasız Ermənistana görə qondarma soyqırımı tanıdı”

Bizimyol.info-nun suallarını beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli cavablandırır.

Əziz Əlibəyli

-Əziz bəy, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu partiya qurub və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.”İndiki sistem davam etdikcə, demokratiyadan danışmaq mümkün olmayacaq. Bütün haqları müdafiə edən parlamentar sistemin qurulmasını istəyirik”- deyib Türkiyə yenidən parlament sisteminə dönə bilərmi?

-Türkiyə parlament üsul-idarəsinə dönə bilərmi kimi proqnostik sualın cavabını indiki halda vermək bir az çətindir. Amma Türkiyə siyasi sistemini təşkil edən partiyaların mövqeyinə baxanda təhlilə əsasən demək olar ki, ölkənin prezidentlik institutundan imtina etməsi bir çox faktorlara görə mümkün olmayacaq. Ölkədə iqtisadi problemlər yaşansa da, artan millətçilik və türkiyəçilik duyğusu, müharibə psixologiyası mərkəzi hakimiyyətin ətrafında xalqın birləşmə instiktini gücləndirib. Baxmayaraq ki, hazırkı sistem üç cəbhədən təhdid edilir: - Avropadan , Ənənəvi müxalif güclərdən və Ərdoğanın keçmiş silahdaşlarından. Amma MHP, millətçilər, sağ – mərkəz və sağ, islamçı qüvvələr hazırkı administrasiyanın sütunudur. Ötən seçkilərdə böyük şəhərlərin itirilməsi də prezidentli idarəçiliyin parlamentlə əvəz olunması demək deyil, çünki seçkilərin iqtisadi mesajları millətçi mesajla müqayisədə uduzur. Çünki Türkiyədə artıq prezidentlik institutunun taleyi Ərdoğanın boyunu aşıb və milli təhlükəsizlik məsələsinə dönüb. Ən azından bu cür mərkəzləşmiş, vahid güc Türkiyəni daha yaxşı idarə etməyə, çevik reaksiya verməyə, xalqı da mobil şəkildə səfərbər etməyə imkan verir.

- Hakimiyyətdən getdikdən sonra Davudoğlunun müxalif mövqe tutması nə ilə əlaqədardır?

-Türkiyəni Suriya bataqlığına salan, rus təyyarəsini vurub, ölkəni pis durumda qoyan və “strateji dərinlik” anlayışı ilə türk hakim elitasını darmadağın edən bu adamın hazırkı gücü nəinki AKP-ni sarsıtmağa yetər, sadəcə nəlbəkidə fırtına effekti yarada bilər.

- ABŞ Senatın qondarma “erməni soyqırımı” barədə qətnaməni qəbul etdi. Bu Türkiyə və ABŞ münasibətlərinə necə təsir edəcək?

-Məlum olduğu kimi ABŞ qondarma soyqırımı tanıdı. ABŞ kiçik və mənasız Ermənistana görə, (əslində isə elə deyil) Yaxın Şərqdəki ən güclü tarixi müttəfiqini itirmək ərəfəsindədir. Bu qətnamələr kağız parçasıdır, mənasız şüarlardan, saxta tarixdən ibarətdir, amma ABŞ-ın mövqeyinin ifadəsidir. Görünür ki, ABŞ Türkiyədə S-400 müqaviləsini və Rusiya ilə dostluğunu bağışlaya bilmir. Ola bilər ki, Tramp yekun qətnaməni təsdiq etsin, amma dəqiq odur ki, ABŞ bu itkinin yerini uzun illər doldura bilməyəcək və bu uğursuzluq hətta ABŞ-da hansısa siyasi partiyanı qəbiristanlıq edəcək. O baxımdan, tezliklə ABŞ-ın bu səhvdən imtina etməsini düşünmək daha real olar.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »