Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nə torpaqların qaytarılmasından söhbət gedir, nə də sülhməramlılardan, hamısı imitasiyadır"

Tofiq Zülfüqarov: "Nazirlərin Bratislava görüşünün nəticəsi biabırçılıqdır”

Dekabrın 4-də ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın Bratislavada baş tutan görüşündən sonra ictimaiyyətdə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəzi ehtimallar yaranıb. Belə düşüncə formalaşıb ki, Rusiya Qarabağ münaqişəsi ilə bağlı, “Kazan formulu”nun "rus versiyası" hesab olunan “Lavrov planı”nı işə salacaq.

Yəni Rusiya Azərbaycanın işğal olunmuş 5-6 rayonunu geri qaytarmağa nail olacaq, bunun müqabilində öz sülhməramlı qüvvələrini Qarabağda yerləşdiriləcək. Rusiya hərbçiləri bölgədə həm erməni, həm də azərbaycanlı icmalarının təhlükəsizliyinə nəzarət edəcək. Qarabağın statusu məsələsi isə qeyri-müəyyən olaraq qalacaq.

Aydındır ki, rus əsgərlər bölgəyə daxil olsalar, bir daha oranı tərk etməyəcəklər. Nəticədə Azərbaycan heç vaxt Qarabağı əldə edə bilməyəcək.

Maraqlıdır, bu ehtimallar həqiqətə nə dərəcədə yaxındır? İndiki məqamda “Lavrov planı” həyata keçirilə bilərmi? Suallarımıza sabiq Xarici İşlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarovla AYNA tutmağa çalışdıq.

Onun fikrincə, bu ehtimallar həqiqəti əks etdirmir: “Bu, ciddi məsələ deyil. Çünki köhnədən qalmış təkliflərdən hansısa mərhələdə imtina olundu. Sonra yeni təkliflər verildi. “Lavrov planı” barədə də sonuncu dəfə Lavrov özü danışmışdı. Bu təklifin üzərindən, 2 il qabaq Ermənistan xətt çəkib, demək olar ki, qəbul etməyib”.

Sabiq nazir sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi müqabilində, ilk mərhələdə hansısa rayonların geri qaytarılması məsələsinə də toxunub: “Bildiyimiz kimi, Paşinyan bir il bundan qabaq bəyənat verdi ki, “biz torpaq qaytarılması barədə heç bir danışıqlara gedən deyilik”. Bu bəyənatdan da heç kim imtina etməyib. Ara-sıra bəzi rayonların qaytarılacağı ilə bağlı fikirlər hansısa qüvvələr tərəfindən ortaya atılır".

"Burada söhbət başqa məsələdən gedir, vasitəçilərin bəziləri görürlər ki, məsələ həll olunmur və başa düşürlər ki, işğal olunmuş ərazilər uzun müddətdir işğal altındadır. Və indiyədək imitasiya xarakterli danışıqlar baş verirdi. İndi isə bu da mümkün deyil. Ona görə də bəziləri düşünürlər ki, yenidən nəsə etmək olar, ona görə də danışıqların formatı, masanın üzərində hansısa fikirlərin olması barədə fikirlər səsləndirirlər”, - Zülfüqarov bildirib.

“Görüşlər barədə mənbə yoxdur, axtaranda, tapmırıq. Görüşlər baş tutanda orada hansısa mətn müzakirə olunmur. Sadəcə fikir mübadiləsi aparılır, əgər razılaşsalar, tezislərin üzərində saziş layihəsi olur. Saziş layihəsi də artıq mövcud idi, ondan imtina ediblər. Hələ ki, heç bir real danışıqlar yoxdur, heç bir real məsələrə müzakirə olunmayıb”, - müsahibimiz qeyd edib.

Keçmiş XİN başçısı nazirlərin görüşündən sonra yayılmış bəyənatdan da danışıb: “Məmmədyarovla Mnatsakanyanın görüşü Bratislavada, Xarici İşlər nazirlərinin illik görüşü çərçivəsində baş tutub. Bu görüşün nəticəsində xüsusi bəyənat yayılıb. Bəyənatda bir dənə də olsun, ciddi məsələ qeyd olunmayıb. Sadəcə atəşkəs rejiminin güclənməsi, ictimaiyyət tərəfindən qarşılıqlı etimad və etibarı gücləndirən tədbirlər nəzərdə tutulub".

"Bəyənatda torpaqların azad olunması ilə bağlı bir kəlmə də deyilmir. Deyilmir ki, qaçqınların indiki vəziyyəti müzakirə olunub və tənqid olunub və s. Bratislava görüşünün nəticəsi biabırçılıqdır. Bunu ciddi şəkildə təhlil etdikdə görünür ki, ortada heç nə yoxdur. Bratislava görüşü barədə Xarici İşlər nazirlərinin adlarından da bəyənat yayılıb. Orada da Qarabağla bağlı bir kəlmə belə, yoxdur”, - T.Zülfüqarov vurğulayıb.

Sabiq nazir, həmçinin Ermənistan mediasında yayılmış, Azərbaycanın işğal olunmuş ərazilərində könüllü hərbi birləşmələr, kəşfiyyat-diversiya qruplarının yaradılması barədə xəbərlərə də münasibət bildirib: “Erməni mediasının bu tip xəbərləri yaymaqda məqsədi təbliğatdır. Onların bu tip təbliğatının bir hissəsi daxili auditoriya üçün nəzərdə tutulub, digər hissəsi isə bizim üçün. Məqsəd də əhalinin vətənpərvərlik hissinin yüksək olduğunu göstərməkdir”.

Həmsöhbətimizin fikrincə, yayılan xəbərlər informasiya müharibəsinin bir növüdür: “Ermənilər də başa düşürlər ki, Azərbaycanın hərbi büdcəsi ilə rəqabət apara bilməzlər. Bu baxımdan, müxtəlif üsullara əl atırlar, gah deyirlər, “İsgəndər” raketləri onlardadır, gah hərbi təyyarələr aldıqlarını bildirirlər. Gördülər ki, Azərbaycan tərəfi bu cür təxribatları ciddi qəbul etmir, indi də keçiblər bu tip xəbərlərə. Guya müharibə olsa, onlar partizan müharibəsi də apara bilərlər. Köhnə bir deyim var, “generalların əsgərləri və silahları azalanda çox danışmağa başlayırlar”".

Son xəbərlər
Bütün xəbərlər »