Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənzillərin icbari sığortası ilə bağlı hüquqşünasdan açıqlama

“Son günlər əhali arasında söz gəzir ki, növbəti ildən daşınmaz əmlakın-yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası qüvvəyə minir, buna görə də bu ilin sonunadək kim sığorta müqaviləsi bağlamasa, cərimələnəcək. Əslində, sözügedən icbari sığorta növü “İcbari sığortalar haqqında” Qanunun 2-ci fəslinə əsasən 2011-ci ildən mövcuddur və məcburidir”.

Bizimyol.info xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənov

O, deyib ki, həmin qanuna görə, sığorta haqqı Bakıda 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər yerlərdə isə 30 manatdır: “Sadəcə əhalinin mütləq əksəriyyəti əmlakını sığorta etdirmir. İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə yerli icra hakimiyyəti orqanları buna görə vətəndaşları 30 manat məbləğində cərimə edə bilər. Əgər vətəndaş sonuncu cərimədən sonra 20 gün ərzində sığorta müqaviləsi bağlamasa, hər 20 gündən bir cərimələnə bilər. Amma etmirlər.

Məndə olan məlumata görə, son günlər vətəndaşların aldığı bildirişləri yerli icra hakimiyyəti orqanları göndərməyib. Bəs onda kim göndərib? Böyük ehtimalla sığorta şirkətləri. Yəqin ilin sonunda ajiotaj yaradaraq xeyli gəlir əldə etmək istəyirlər”.

Hüquqşünas deyib ki, yerli icra hakimiyyəti orqanları seçkiqabağı insanları kütləvi cərimələməyə başlaması indandırıcı deyil: “8 il ərzində heç nə etməyiblər. İndi birdən birə niyə etsinlər ki? Özü də heç bir maarifləndirmə işi aparmadan. Bütövlükdə, sözügedən sığorta növünün icbari olmasının özü düzgün deyil. Hər kəs öz əmlakını sığortalamaqda sərbəst olmalıdır. Axı söhbət üçüncü şəxslərə deyil, mülkiyyətçinin özünə dəyə biləcək zərərdən gedir. Yəni bu, könüllü sığorta növü olmalıdır. Buna görə də narahat olmuş vətəndaşlarımıza tövsiyəm budur ki, deputatlığa namizədlərdən xahiş etsinlər ki, bu sığorta növünü gələcəkdə könüllü etsinlər. Yəni qanuna dəyişiklik etsinlər”.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »