Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biləsuvar və Masallı rayonlarına mediatur keçirilib

Bu gün Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib.

Bizimyol.info xəbər verir ki mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak ediblər.

Mediatur iştirakçıları əvvəlcə Biləsuvar şəhəri 1 nömrəli tam orta məktəbdə, sonra isə Masallı rayonu Mahmudavar kənd və Masallı şəhəri 4 nömrəli tam orta məktəblərdə olublar.

Mediatur iştirakçıları Masallı rayonunda məktəblərdə yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanış olublar. Bildirilib ki, hər iki icma əsaslı məktəbəqədər təhsil qruplarında 3-4 yaşlı 20 uşaq dörd gün ərzində iki saatlıq məşğələlərə cəlb olunur. 2019-cu ilin oktyabr ayından Təhsil Nazirliyinin dəstəyi ilə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi və 2017-ci ildən “UNİCEF Azərbaycan” və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən “İcma qruplarının iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi həyata keçirilir. İcma əsaslı məktəbəqədər təhsil qrupları Masallı da daxil olmaqla respublikanın 33 bölgəsində yaradılıb.

Biləsuvar və Masallı - Media tur

Qeyd olunub ki, icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır. Layihə çərçivəsində bölgələrdəki ucqar kənd və sərhəd zonaları da daxil olmaqla ümumlikdə 321 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Bu qrupların hər birində orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq olmaqla ümumilikdə 6212 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Mediatur iştirakçıları həmin qruplardakı məşğələləri izləyiblər. Bildirilib ki, dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Proqramda uşaqların sosial emosional, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişaf dinamikası izlənilir.

İştirakçıların o da diqqətinə çatdırılıb ki, 2020-2021-ci tədris ilindən daha 250 icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulur.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »