Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Biz Suriya… deyilik. Layiq də deyilik
secki

Bahəddin Həziyev, "Bizim Yol"

Rusiyanın Azərbaycan əsilli milyarderi Fərhad Əhmədovu, təbii ki, şəxsən tanımıram. İnternet resurslarında onun haqqında çox geniş məlumatlar var; həyatı və yüksəlişi asan olmayıb. Milyardları Azərbaycandan kənarda – Rusiyada qazanıb. Necə qazandığı haqda da internetdə çox yazılıb.

Yazımın mövzusu üçün önəmli olan bunlar deyil. Mənim üçün (düşünürəm ki, elə hamı üçün də) maraqlı olan ölkədən kənarda varlanmış və varlanmaqda, ən azı indiki varidatı ilə birlikdə var olmaqda davam edən Azərbaycanlı milyarderlərin Azərbaycana baxışıdır. İqtisadiyyatına, siyasətinə, cəmiyyətinə - gələcəyinə. 2013-cü ilin Prezident seçkilərini yəqin ki, xatırlayırsınız. O zaman da Rusiyada yaşayan Azərbaycanlı milyarderlər ölkəmizdəki seçkilərlə qəfil maraqlandılar, hətta gurultulu adı olan “Milyarderlər İttifaqı” da yaratdılar. Özü bəlkə milyarder olmasa da, o zaman bu klubda təmsil olunan məşhur kinorejissor Rüstəm İbrahimbəyovu hətta Azərbaycan Prezidentliyinə namizəd göstərdilər (daha doğrusu, buna uğursuz cəhd elədilər). Əslində Rüstəm İbrahimbəyovu Prezident etmək planları yox idi (bunun mümkünsüzlüyünü bilmək üçün milyarder olmaq da lazım gəlmirdi; adam Rusiya vətəndaşı idi və namizədliyinin qeydə alınmayacağı noyabrda yağışların yağması kimi danılmaz gerçəklikdi).

Bəli, o zaman Azərbaycandan kənarda olan azərbaycanlı (daha doğrusu, bəlkə də Azərbaycansız) milyarderlər ölkə siyasətinə tərs köşədən giriş etdilər, “uduzub” çıxdılar. Bu dəfə isə səhnəyə iki yeni milyarder çıxıb. Türkiyədən Mübariz Mənsimov, Rusiyadan Fərhad Əhmədov. Ancaq onların mesajlarına baxıram, məncə, yanlış bir şey demirlər. Mübariz Mənsimov bir az daha “siyasi təmkin” göstərir. Ancaq bu gün Fərhad Əhmədovun Azərbaycanın daxili siyasəti ilə bağlı sensasiyalı sayıla biləcək fikirləri yayıldı. Daha sonra xəbər gəldi, ardınca isə İlham Əliyev hakimiyyətinə qarşı ardıcıl barışmazlığı ilə seçilən Milli Şura seçkiyə qatılmamaq haqqında bəyanat verdi.

Burda bir az çaşqınlıq yaradan hal olduğu üçün, aydınlaşdıraq ki, Milli Şura gələn ilin fevralında keçiriləcək növbədənkənar seçkilərlə bağlı qərarını bir neçə gün əvvəl vermişdi. Orda bildirilmişdi ki, Azərbaycanda seçki islahatları keçirilməsə, Milli Şurada təmsil olunan siyasi qüvvələr və şəxslər bu seçkilərdə iştirak etməyəcək. Həmin qərarı iqtidar “siyasi ultimatum” kimi dəyərləndirib rədd elədi. Ancaq daha maraqlı orasıdır ki, Fərhad Əhmədovun seçkilərlə bağlı təklif etdiyi “yol xəritəsi” ilə Milli Şuranın məlum qərarındakı şərtlər, demək olar ki, tamamilə üst-üstə düşür. Fərhad Əhmədov, Azərbaycan Prezidentinin çıxşlarında “konstruktiv müxalifət” haqqında dediklərinə də şərh verib və deyib ki, bu cür müxalifətin “ortaya çıxacağını gözləmək lazım deyil”. AXCP sədri Əli Kərimli də internet televiziya kanallarındakı çıxışında əvvəllər dediyi bir fikri bu dəfə də dönə-dönə təkrar edib: “Hökumətin geniş imkanları var, ancaq özünə müxalifət yaratmaq imkanı yoxdur, bu, mümkün olsaydı, son 16 ildə belə bir müxalifət yaranardı.” Və burada daha bir maraqlı tablo göz önündə canlanır: Fərhad Əhmədov da seçkilərə qatılanları deyil, indiki şərtlərdə qatılmayanları müxalifət saymır (hətta “cib müxalifəti” adlandırır). Milli Şura da, Fərhad Əhmədov da Seçki Məcəlləsini dəyişdirməyi, seçki komissiyalarını buraxıb yenidən formalaşdırmağı, proporsional seçki sisteminin tətbiqini təklif edir. Düzdür, Milli Şuranın başqa şərtləri də var: siyasi məhbusları buraxmaq, seçki müşahidəçiliyinə geniş imkanlar yaratmaq və sair. Bütövlükdə bu müxalifət qurumu ilə Rusiyalı Azərbaycansız milyarderin fikirlərinin bu qədər üst-üstə düşməsi çox diqqət çəkir. Onlar hətta demokratik seçkilər olmayacağı təqdirdə ölkəyə “sosial partlayış” vəd edəcək qədər yaxın həmfikirdirlər.

Sözün düzü, hələ bir neçə ay əvvəl bu sətirlərin müəllifi də öz təhlil yazılarında bu il növbədənkənar parlament seçkilərinin keçiriləcəyini proqnozlaşdırmışdı. Həmin yazılarda yazdığımız fikirlərdən biri də bu idi ki, hakimiyyət əleyhinə tənqidləri–sərt və ya yumşaq olmasından asılı olmayaraq, parlamentin divarları arasında toplamaq qaçılmaz zərurətdir. Bu fikrimizdə qalırıq. Cəmiyyətdə daxili gərginliyin, qarşılıqlı pressinqin artan xətlə getməsi bizi yaxşı bir yerə aparmır. Əlbəttə, sabitliyi əsas gətirəcəklər. Ancaq bu sabitliyin özü aldadıcı ola bilər; latent konflikt potensialı çox böyükdür. Bu yaxınlarda Prezident özü dedi ki, onun yaşlı kadrları gənclərlə əvəz etmək çağırışlarını və addımlarını hakimiyyət ierarsxiyasındakı yaşlılara qarşı kampaniyaya çevirmək istəyənlər olub və dövlət başçısı özü bu kampaniyanın qarşısını alıb. Niyə alıb? Çünki cəmiyyətdəki bu əsasdakı (nəsillər arasındakı) təbii konflikt potensialının hərəkətlənməsini istəməyib. Doğrumu edib?! Təbii ki, doğru edib. Burdan yola çıxaraq düşünürük ki, konflikt potensialı təkcə yaşlılarla cavanlar arasında deyil.

Bəli, milyonlarla insanı əhatə edən sosial paketlər qəbul olundu. Ancaq konflikt potensialı təkcə sosial xarakterli də deyil. Ölkədə siyasi konflikt potensialı da çox böyükdür. Zaman-zaman da hərəkətlənir. Bunun qarşısını “konstruktiv müxalifət” proyektləri ilə almaq olmur. Siyasi sistemimizdə düzən qurmağın yolu bütün tərəflərin qatılacağı və nəticələrini də bütün tərəflərin tanıyacağı bir seçkidən keçir. Hazırda ölkədə “kim daha ucadan və daha kəskin danışırsa, o haqlıdır” yanaşması hökm sürür. Hər kəsin haqlı olub-olmamasını onun özünün çıxardığı səs deyil, Xalqın ona verəcəyi səs müəyyən edir. Biz Azərbaycan vətəndaşı, Azərbaycan sevdalısı olaraq ölkəmizə (bəlkə də artıq xaricdə tasarlanıb daxildə boyumuza biçilən) sosial partlayış, siyasi qarşıdurma arzulamırıq. Cəmiyyətə təsir imkanları olan müxalifət qüvvələrindən hər hansı birinin belə bu seçkidən kənarda qalması əvvəlki cümlədə dediyim təhlükəni canlı saxlayacaq. Baxın, çox şey demirəm, 2011-ci ildən sonrakı Suriyanı nəzərdə tutanlar bəzən deyirlər ki, kimlərsə, Azərbaycanı həmin Suriyaya çevirmək istəyir. Bəlkə də vicdanını itirmiş hansısa insanlar, doğrudan da, belə düşünür. Bəs onlara niyə fürsət tanınsın ki?! 2011-ci ildən sonrakı Suriya bu gün ona görə var ki, 2011-ci ilə qədərki Suriya var idi. Biz bu iki Suriyadan heç biri olmağa layiq deyilik axı. Məncə, heç bir Suriya olmamaq üçün iki qarşıduran cəbhəyə bölünməkdən, siyasəti nifrətə kökləməkdən yayınmaq (bu qorxunc perspektivdən mümkün qədər qaçmaq) lazımdır. Bu qış isti olacaq – bəlli. Ancaq yanğına çevrilməməsi üçün düşünməli və bir-birimizlə danışmalıyıq. Bəlkə də sadəlöv görünəcək bu fikirlər. Düşündüyümüzü danışdıq. Bizim ölkədə hələ də kardinal Taleyranın: “Dil-insana fikirlərini gizlətmək üçün verilib” formasında ifadə etdiyi ictimai düşüncə tərzi hakimdir. Hamı sözlərinin dilinin altında gizlənib və bu, çox təhlükəlidir…

Bahəddin Həziyev Bahəddin Həziyev
Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Məhkəmə Neftçalanın icra başçısı ilə bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »