Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis buraxılacaqmı?

YAP deputat korpusunun Prezidentə müraciəti necə və nədən doğub?

Yeni Azərbaycan Partiyası Milli Məclisin hazırkı tərkibinin buraxılması təşəbbüsündə bulunb. Partiya Prezidentə bu haqda müraciət edib. Konstitusiyaya görə, ölkə Prezidentinin buna səlahiyyəti var; 2016-cı il referendumu ilə Konstitusiyaya edilən dəyişikliklərlə Prezidentə belə bir səlahiyyət verilib. Doğrudur, Konstitusiya Məhkəməsinin təqdimatı əsasında Milli Məclisin də Prezidentə impiçment tətbiq etmək səlahiyyəti var. Ancaq bundan istifadə olunmur.

İmpiçment yalnız bir dəfə - Prezident Elçibəyə tətbiq olunub; 1993-cü il iyunun 24-də parlament onun öz salahiyyətlərini daha icra edə bilməməsini əsas gətirərək vəzifədən götürüb. Prezidentə qarşı impiçment və parlamentin buraxılması prosedurları Konstitusiyada ona görə nəzərdə tutulub ki, hakimyyətin qanunverici və icra qolları bir-birinə nəzarət edə bilsin. Konstitusiya Məhkəməsi isə hər ikisinə nəzarət funksiyalarını daşıyır. Ancaq məhkəmələrə nəzarət də hakimlərin Prezidentin təqdimatı ilə Milli Məclisdə təsdiqlənməsi prosedurları vasitəsilə Prezident və parlament tərəfindən birgə həyata keçirilir (Şərti olaraq, “dördüncü hakimiyyət” adlanan mətbuat isə, bütün hakimiyyət qollarına ictimai nəzarətin əsas alətlərindən biridir).

Əlbəttə ki, bunlar hamısı formal-hüquqi baxımdan belədir; reallıqda bu normaların necə işləməsi başqa məsələdir. Bu günün gündəmi parlamentin buraxılması ilə bağlıdır; artıq bu, realdır. Çünki “hakim” partiya Prezidentə belə bir müraciət göndərib. Milli Məclisin hansı hallarda buraxılmasına gılincə, Konstitusiyanın 98-ci maddəsi var.

Maddə 98-1. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması

I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

İstinad olunan 94 və 95-ci maddələrə, 96-cı maddənin 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərinə, eləcə də, 97-ci maddəyə baxdıqda Milli Məcisin buraxılması üçün formal olaraq heç bir əsas görünmür. Yəni Milli Məclisin müəyyən etdiyi qaydalarla, həll etdiyi məsələlərlə, səlahiyyətləri ilə bağlı sadaladığımız maddələrdə göstərilən hansısa işləri görməməsi, yaxud görə bilməməsi barədə açıq və rəsmi iddialar və ya rəsmi rəylər yoxdur. Bununla bağlı Konstitusiya Məhkəməsinin rəsmi qüvvəyə minmiş təfsirinə, qərarına da rast gəlmirik. Belə qərarlar varsa da, cəmiyyətə bəlli deyil. Ancaq Milli Məclisin YAP-dan olan çoxluğu “qəfil” belə bir qənaətə gəlib ki, parlament öz üzərinə düşəni etmir (buna qabil deyil).

“Qəfil qənaətə gəlib” ifadəsini ona görə işlədirik ki, bu günə qədər bu haqda YAP qurumlarında və ya açıq mənbələrdə hansısa müzakirələrə rast gəlinməyib. Müzakirələr olubsa da, yenə gizli keçirlib. Bu günkü müraciət isə o deməkdir ki, YAP-ın deputat korpusu qanunvericilik işi ilə lazım olan səviyyədə məşğul ola bilməməsini – əlindən heç nə gəlmədiyini, yəni parlament olmağa yaramadıqlarını “könüllü olaraq” etiraf edib. Əslində faktik olaraq da belədir; hazırkı parlament tərkibinin bir işə yaramadığını indiyədək o deputatların özlərindən başqa hamı deyirdi. Ancaq indi onlar özləri (YAP-dan olanlar) hamılıqla bunu “etiraf” edib. Yəni YAP-ın deputat korpusu özü özünə hökm çıxarıb. Həm də “qəflətən” və “könüllü olaraq”. Bu halda növbədənkənar seçkilərdə bu deputat korpusundan heç kimin yenidən Milli Məclisə namizədliyini verməyə siyasi-mənəvi haqqı çatmır demək doğru olmazmı?! Bu suala cavab vermək hakim partiyanın, xüsusilə, partiya sədrinin və təbii ki, ən əsası seçicilrin işidir.

Akademik-deputat Yaqub Mahmudov : “Qanunvericilik sahəsində hökmən islahatlar aparılmalıdır. Bu islahatlar digər sahələrdə aparılan islahatlarla həmahəng olmalıdır” deyib. Adam 80 yaşını keçib və birdən ayılıb ki, Milli Məslisin hazırkı tərkibi yeni dövrün tələblərinə, ümumiyyətlə, parlamentarizm fəlsəfəsinə uyğun deyilmiş. Halbuki bunu .biz media olaraq dəfələrlə yazmışıq, demişik, əsaslandırmışıq. Yaqub Mahmudov və onun YAP-çı deputat həmkarları ya bu fikirləri bu gün oxuyub belə qənaətə gəliblər, ya da komanda əsasında qərar veriblər. Başqa ehtimallara yer qalmır. Onsuz da hər kəsə hər şey aydındır.

Milli Məclisin buraxılması proseduru hələ formal olaraq başlamasa da (bu, sadə proses deyil; bir gündə həll olunmayacaq; formal baxımdan müəyyən mərhələlərdən keçməsi lazımdır) faktik olaraq düzgün qərar qəbul olunub. Məsələn, 10-15 il ərzində bir Rəqabət Məcəlləsi” qəbul edə bilməyən deputat korpusu özünü buraxdırmaq fikrinə düşübsə, doğru edib. O ayrı məsələdir ki, Prezident Milli Məclisi buraxsa. bundan sonrakı tərkib necə formalaşacaq?! Növbədənkənar parlament seçkiləri azad, ədalətli olacaqmı?! Bunun üçün bütün zəruri şərtlər varmı?! Ümumiyyətlə, Milli Məclis cəmiyyətdəki siyasi spektri necə əks etdirəcək?! Və əks etdirəcəkmi?! Axı Milli Məclis siyasi təsisatdır; qanunvericilik orqanı olsa da, formal olaraq, siyasi baxışlara, mövqelərə görə seçilir (daha doğrusu, seçilməlidir). Azərbaycan cəmiyyətinin bütün siyasi palitrasını yeni tərkibdə görə biləcəyikmi?!

Bax, bunlar əsas suallardır. İndi baş verənlərin hüquqi əsaslandırılması olmasa da, siyasi əsaslandırılması belədir ki, Milli Məclis “Prezidentin apardığı islahatlara uyğunlaşmalıdır, dəstək verməlidir” və sair. Ancaq iş də ondadır ki, Milli Məclisin hazırkı tərkibini buraxıb köhnə prinsip və qaydalarla yenisi formalaşdırılsa, o tərkib Prezidentə necə dəstək verə biləcək?! Heç özünün özünə xeyri olmayan deputat korpusundan kimə nə xeyir gələcək?! Hazırkı tərkibi “seçmiş” seçki komissiyaları (aşağıdan yuxarıya qədər) – bütövlükdə bu seçki sistemi, ümumiyyətlə, belə bir siyasi sistem, siyasi münasibətlər, siyasi mədəniyyətin indiki səviyyəsi qalacaqsa, parılament tərkibinin yenisi də elə əvvəlki kimi olmayacaqmı?!

Əlbəttə ki, bu suallara cavab vermək “Bizi buraxın” deyən deputatların işi deyil. Ancaq bu suallara istənilən halda cavab verilməsi lazım gələcək – çevik, effektiv, kompetent, dayanıqlı – cəmiyyəti bütün cəhətləti və bütün tərəfləri ilə təmsil edən parlament yaratmaq üçün həmin suallara cavablar önəmlidir. Bu isə köklü islahatların çox mühüm bir qolu-yönü, vektoru deməkdir. Beləliklə də, hər şey yenə ölkə Prezidentindən asılıdır. Necə deyərlər, “Bütün yollar Romaya aparır”...

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »