Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan olmaq...

Bizi bizdən qoparan gündəmimiz haqqında esse

Epiqraf əvəzi: Biz güclü xalq olmağı seçmədik, güclünün xalqı olmağı seçdik.

Quba olaylarını yaxşı xatırlayarsınız. Həddini aşmış icra başçısının uyğunsuz işlətdiyi kəlməsindən qəzəblənən camaat küçələrə çıxmışdı. Rusiya ilə sərhəddimizin yaxınlığında, etnik mozaikası çox qəliz olan bölgədə olaylar cızığından çıxmaqdaydı. Əlbəttə, bu olayların gerçək pərdəarxası vardı; olanları, sadəcə, icra başçısının o kəlməsinə bağlasaq doğru olmaz. Səbəblər dərində idi. Ancaq bu, başqa söhbətin mövzusudur. O hadisələrdə camaatın qarşısnına iki rəsmi şəxs çıxdı. Biri o zamankı nəqliyyat naziri Ziya Məmmədov, o biri Milli Məclisin deputatı Vahid Əhmədov. O zamankı “ənənəyə uyğun olaraq, bölgənin qeyri-rəsmi “qubernatoru” Ziya Məmmədov qubalılar adından ölkə rəhbərindən üzr istədi (ki, bu da camaatı bir az da qıcıqlandırdı). Vahid Əhmədov isə qubalıları sakitləşdirməyə nail oldu. Çünki həmin bölgədən idi. Çünki ona inanırdılar; camaat arasında nüfuzu vardı.

İndi baxaq. Ölkənin neçə bölgısində ordan seçilmiş deputat var? Neçə bölgədə böhranlı vaxtlarda camaatın qarşısına çıxıb söz deyə biləcək, sözü eişidiləcək adam var? Mən Vahid Əhmədovu ideallaşdırmıram. Ancaq başqa mandat sahiblərinə baxanda fərqlidir. Ölkədə, o cümlədən, doğulub böyüdüyü, deputatı olduğu bölgədə hörməti var. Bir az uzaqdan gəldik. Sözü bir çox məsələlərə gətirəcəm.

Günlərdir ki, adamlar yeni ombudsmanın kim olacağını dartışdılar. Üç namizəd verilmişdi. Üçü də hüquqşünas. Üçü də qadın. Bunlardan hansı ombudsman olacaq deyə media və sosial şəbəkələr çalxalandı. Hətta əsas sual bu da deyildi. Əsas sual belə idi: “məşhur” YAP-çının xanımı ombudsman olacaq, ya olmayacaq? Guya ki, bunun ciddi bir fərqi varmış. Həmin xanım da ombudsman oldu. O nəyi həll edir ki?! İnsan Hüquqları üzrə Müvəkkilmiş. Ölkədə insan hüquqlarının durumuna baxsaq, bir də şikəst Ombudsman institutuna baxsaq, gerçək mənzərə bizə aydın olacaq. Vahid Əhmədovu niyə bayaq misal çəkdiyimi indi deyim. Mən şəxsən tanımasam da, intellektinə bələd olduğum Erkin Qədirli ilə tam razıyam: Ombudsmanın hüquqşünas olması vacib deyildi, nüfuz etməyi bacaran birisi olmağı vacib idi. Nüfuz etmək üçün gərək adamın nüfuzu olsun. Yəni İnsan Hüquqları üzrə Müvəkkil hər şeydən əvvəl Insan olmalıdır. Həm də nüfuzlu insan. Nüfuz qazanmaq isə asan deyil. Ləyaqətli bir ömür yaşamış, buna görə nüfuz qazanmış olmaq böyük şərtdir. Döyülən, əzilən, işgəncə görən, haqqı tapdalanan... İnsanların ağrısını hiss etmək üçün birinci növbədə İnsan olmaq lazımdır. Bu ağrını hiss etmək də azdır, bütün topluma hiss etdirmək lazımdır. Və, təbii ki, “yuxarı”lara çatdırmaq, bu halları doğuran səbəbləri aradan qaldırmaq üçün işləmək lazımdır. Kimin yeni ombudsman “seçilməsi” önəmli deyil indiki halda. Erkin Qədirlinin haqlı sözü ilə desək, zəif parlamenti olan ölkədə insan hüquqları üzrə güclü müvəkkil də olmayacaq. Bəli, ombudsman o ölkədə normal işləyə bilir ki, orda hakimiyyət qolları bir-birinə Konstision nəzarət edə bilir. Amma iş də ondadır ki, insan hüquqları üzrə müvəkkil axı elə insan hüquqlarının ən çox pozulduğu ölkələrə lazımdır; insanlarının müdafiəyə daha çox ehtiyacı olan ölkələrə. Və burada insan hüquqları üzrə müvəkkilin, sadəcə, müvəkkil deyil, insan hüquqları uğrunda fəal mübariz olması lazımdır. Yəni özü də bir növ dissident olur...

Bu aralar gündəmə baxdım. Hamımız Paşinyana yalvaran antimüxalifət aktivistlə əlləşirik. Yaxud düşmən dövlətlə sirli jurturizminin inkiafını izləyir, qıcıqlanırıq. Əli İnsanovun partiya yaratmağına cürbəcür şərhlər veririk. Haqq Ədalət Partiyasıymış – HƏP. Sosial şəbəkələrdə biri bunu HƏB kimi “oxuyub”, o biri “Haqq Hesab Partiyası” adlandırıb. Başqa birisi: “Bu qoca yaşında nə partiya qurursan? Get nəvələrinlə oyna” deyə keçmiş nazirə yol da göstərib. Bunlar hamısı, bilirsiniz, nədən doğur?! Xalq öz ölkəsinin sahibi deyil. Xalq öz ölkəsinə sahib çıxmadı. Toplumun güclü, qərarlı olduğu ölkədə kimsə cəsarət edib düşmənə yalvarmazdı. Xalqın sahiblik etdiyi ölkədə iliyinə qədər korrupsiyalaşmış birisi traybalist partiya yaratmağa qalxmazdı. Kimsə ölkənin gerçək sahibindən – xalqdan gizli işlərə bulaşmağa cürət etməzdi...

Bəli, Murad Köhnəqala düz deyir: 40 qəpik verib almaq istəmədiyi qəzetdən 40 min dənə dərdinə dərman istəyir. Bunu mən daha əvvəl dəfələrlə də yazmışam, demişəm. Bu xalq mediasına sahib çıxmadı. Əslində burda təəccüblü bir şey də yoxdur: özünə yiyə durmayan sözünəmi yiyə duracaqdı?! Baxın, bu gün noyabrın 26-dır. Düz 14 il qabaq meydana toplaşıb səsini qorumağa çalışan bizlərin üzərinə Daxili Qoşunların sümükqıran itlər buraxılanda uca millətim ətrafdakı üfunətli “Xruşşovka”ların dar eyvanlarından və çirkli pəncərələrindən bizə baxıb gülür, ələ salırdı. Bəli, o xalq o “xruşşovka”lardan enib seçki qutusundakı iradəsinə sahib çıxmadı. Uğrunda canını, malını, gələcəyini risqə atan insanlara yiyə durmadı, öz taleyinə tamaşa etməyi seçdi. Biz güclü xalq olmağı seçmədik, güclünün xalqı olmağı seçdik. Hələ də bu seçimdə israr edirik. Baxıram, mətbuatda, sosial şəbəkələrdə hamı gileylənir, hamı narazılıq edir. Biz kimdən inciyib küsürük ki?! Niyə heç kəs özündən danışmır?! Özünün bu ölkənin zərərinə etdiklərindən və ya bu ölkənin xeyrinə etmədiklərindən heç kəs bir söz demir. Elə içi biz qarışıq...

Və nə baş verir? Yalan-dolan gündəmlərlə başımızı qatırıq. Bu saxta, aşağı ayarlı gündəmlər bizi bizdən qoparıb daha uzağa atır. Əslində isə çox ciddi, ölkəmiz üçün çox daha taleyüklü proseslər gedir. Qarabağın taleyini, ölkənin gələcəyini bəlirləyəcək proseslər... bizim yanımızdan keçib gedir.

Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »