Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert prezidentdən problemli kreditin həllini istəyən vətəndaşı tənqid etdi - Video

Xəbər verildiyi kimi noyabrın 19-da Bakı Dəmiryolu Vağzalının qarşısında Prezidentə yaxınlaşan vətəndaş Məmmədova Səmayə İbrahim qızı “Bank of Baku”ya olan borcunun və Qərb Universitetinin tələbəsi nəvəsinin təhsil haqqısının ödənməsini xahiş edib.

Bizimyol.info xəbər verir ki, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov vətəndaşın problemli kreditinin həlli üçün dövlət başçsına müraciətini tənqid edib.

Əkrəm Həsənov

“Bu xanımın kredit problemi həll olundu. Sadəcə, Prezidentə yaxınlaşdı, əksər insanlardan fərqli olaraq, onunla şəkil çəkdirmək, hörmət və sevgisini bildirmək əvəzinə, borclarının ödənilməsini istədi, vəssalam! Onu qınamıram, amma bunu düzgün də hesab etmirəm. Hər gün yüzlərlə vətəndaşımız dövlət başçısına müraciət edir, problemlərinin həllini istəyir: bəziləri maddi yardım, əksəriyyət isə sadəcə, tapdanmış haqqının bərpasını. Amma onlara bir qayda olaraq formal cavablar göndərilir”,- deyə Ə.Həsənov bildirib.

Ekspert vurğulayıb ki, dövlət qanunlarla idarə olunmalıdır: “Tapdanmış haqları məhkəmə bərpa etməlidir. Maddi problemi olanlara xeyriyyəçilər yardım etməlidir. Bir vətəndaşın probleminin dövlət (ən azı dövlət başçısının nüfuzu, səlahiyyətləri) hesabına fərqli həlli ədalət prinsipinə ziddir! Əslində, bu hadisədən sonra analoji vəziyyətdə olan digər vətəndaşlar da eyni yanaşmanı tələb etməkdə haqlı olacaq! Bəli, İlham Əliyev rəhmli, mərhəmətli insandır. Amma bundan sui-istifadə etmək olmaz! Küçədə təsadüfən borcunu ödəyə bilməyən xəstə yaşlı qadının yaxınlaşıb maddi yardım istəməsinə göz yummaq da olar, təbii. Amma bu modelin özü qorxuludur. Prezidentə fiziki yaxınlıq üstünlük verməməlidir. Əks halda, ən üstün vəziyyətdə onun mühafizəçiləri ola bilər. Mühafizəçilərdənmi asılı olmalıyıq? Xeyr, Prezidentə fiziki deyil, mənəvi yaxınlıq önəmli olmalıdır. Mənəvi yaxınlıq da yalnız dövlətçiliyin qorunması və inkişafına xidmət etməlidir”.

Ekspert bildirib ki, o dövlət başçısını küçədə təsadüfən görsəydi, ona bunları deyərdi: “Cənab Prezident, hüquq-mühafizə orqanları və məhkəmələr dövləti məhv edir, insanları Sizdən narazı salır, bu sahədə real, o cümlədən köklü kadr islahatlarının aparılmasını Sizdən xahiş edirəm. Onu da bilin ki, bu problemləri Sizə çatdırmaqda, ictimailəşdirməkdə, sözümüzü açıq deməkdə çətinlik çəkirik. Bizi az qala təqib etməklə hədələyirlər”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »