Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qulu Məhərrəmli: “Anamdan Allahı belə öyrənmişəm, “kim görməsə də, Allah görür”

Əməkdar jurnalist, filologiya belmləri doktoru, professor Qulu  Məhərrəmlinin 65 yaşı tamam olur. Hər zaman sözünün  işığına yığışdığımız insanla bu gün bir az  fərqli formatda söhbət etmək istəyirik - yubiley söhbəti. Amma ruhuna, qanına vətən, xalq sevgisi hopmuş, sözünün başı da, ayağı da millət olan insanla bu nə dərəcədə alınır, buna siz özünüz qiymət verin.

Bizimyol.info Qulu Məhərrəmli ilə müsahibəni təqdim edir.

-Qulu müəllim, dediniz dostlar ad günümü təbrik edib mənə təsəlli verdilər. 65 yaşınızı təbrik edəndə məyusluq keçirirsiniz, ya necə?

- Bu bir taledir əvvəla sevinirsən ki, gəlib çıxdın 65-ə . Yaş üstə yaş gələndə adam daha çox tələsməyə başlayır, bilirsən ki, daha az qalıb. Düşüncədə təzə çalarlar yaranır. Kitabın vərəqlərinin çoxunun oxunduğunu görürsən, bu səni düşünməyə vadar edir. Ömür qatarı keçdi. Fəsillər kimi keçir ömür. Bütün rəngləri ilə çalarları ilə.Bundan sonra nələr olacaq bilmirəm, amma onu bilirəm ki, həyat yalnız maddi zövqlərdən dad almaq üçün deyil. 60-dan sonra insan daha fəlsəfi danışmağa başlayır.

- Deyirlər 40 yaşda dünya ilə yenidən tanış olursan. 65 yaş nə hədiyyə verir bəs?

- O fikirlə razı deyiləm, Adam var dünyanı 20 yaşında dərk edir adam var 30 yaşda. Adam da var 70 yaşında özünü təsdiq edə bilməyib. Həyat situasiyalardan ibarətdir və bu situasiyalar bizi yaradır. Onlardan keçməyincə nə özünü, nə başqalarını, nə həyatını dərk edə bilmirsən. Mənim həyatım ağır keçib. Atam olmayıb, Şuşada internat evində yaşamalı olduq. Mən 7-10 yaşlarımda artıq sərbəst qərarlar verməyə məcbur olmuşdum. Özüm-özümü idarə etməli olmuşam. Həyatın səni küncə sıxmağı səni özünüdərkə vadar edir. Yaşlanan adamların məsləhət verməyinə inanmaq lazımdır, əgər onun arxasında dolğun bioqrafiya varsa.

- İndi dönüb geri baxsanız gənc Quluya nə deyərdiniz. Prinsiplərinizdə çox şey dəyişdi?

- Önəmli olan prinsiplərin dəyişməsi yox, cilalanmasıdır. Nəyə heyfslənirəm? Vaxtın axarına. 30 yaşda zaman dayanır, 50-də sürətin artdığını hiss edirsən, 60-da isə qalan vaxt ehtiyatından səmərəli istifadənin vacibliyi səni tələsdirir. Çalışmışam ki, həmişə daxili azadlığımı qoruyum. Daxili azadlığı olmayan, başqasının iradəsini qəbul edən insanlar, diktə ilə yaşayanlar şəxsiyyat kimi məhv olurlar. Peşəkarlıq və ləyaqətli olmaq çox çətin məsələdir. Peşəkar həmişə nəticəyə işləyir. Xalturaya yol vermir. Bizim dövrdə peşəkarlığın olmaması ən böyük problemdir. Cavanşir Quliyev, Fuad Poladov kimi insanlar əslində bizim dəyərlərimizdir. Onlar peşəkarlığı, ləyaqəti, daxili azadlığını qorumaqla əzmi, iradəni özündə birləşdirdikləri üçün hamı tərəfindən sevildilər.

-Məşhur ictimai sima olaraq yaşamaq asandırmı. Basdırılmış duyğular çox oldu?

-Bu sualın altında niyyət nədir bilmirəm.(gülür). Amma hamının sıxılmış hissləri ola bilir.Təbii ki, məndədə də olub. Ta uşaqlıqdan bəri. Bəlkə uşaqkən maddiyyatla bağlı olub, gənckən gəncliyə uyğun hisslər olub. Amma yaşlandıqca maddi istəklər mənəvi istəklərə çevrilir. Məsələn düşünürəm ki, mən bu məmləkət üçün nə edə bilmişəm? Bu situasiyada öz acizliyini dərk etmək böyük faciədir. İnsanlarla bağlı hisslərin olur. Uzun yol gedirsən, yolda itirdiklərin olur, yoxa çıxanlar, səni yarıyolda qoyanlar olur, çoxlu təəssüflər var. Bəzən düşünürəm ki, XX əsrin əvvəlindəki mədəni intibahımız niyə yoxdur? Onu şərtləndirən iqtisadi şərait var, amma şəxsiyyətlər ortaya çıxmır. Kütləni ardınca apara bilən qurum, yüksək təşkilatlanmanın bizdə olmaması təəssüf doğurur.

-Dövlət olaraq varıq. İqtisadi gücümüz də var. Bəs sizcə xalqda mütəşəkkillik varmı?

- İradə olmalıdır. Yaşamaq üçün hərəkət lazımdır. Belə bir təcrübə aparılıb. İki qurbağanı 3 litlik süd balonuna atırlar. Biri boğulub ölür. Digəri o qədər çabalayır ki, südün üstündə yağ topası yaranır, o yağın üstünə çıxıb özünü xilas edir. Bənzətmə qüsurlu olsa da, yaxşı örnəkdir. Səni irəli aparan işıqlı məqsəd üçün çarpışmalısan Tarixin təcrübəsi bunu göstərir.

- Adətən insanlar yaşlandıqca dini düşüncələri dəyişir. Bəziləri Allaha daha çox bağlanmağa başlayır. Sizdə necə?

- Bizim yazıçılarımızdan birinin fikridir. “İnsanlar 11 ay ciddi yaramazlıqlarla məşğul olurlar. Bir ay məhərrəmlikdə müsəlman olub Allaha kələk gəlmək istəyirlər”. Mənimçün din anlayışı xeyli mücərrəddir. Allahın varlığına inanıram. İlahi varlığa inanıram. Din cəmiyyətə və şüura ciddi şəkildə mənfi təsir göstərir. Maarifsizlik, nadanlıq, intriqalar, qətllər hamısı var. Necə ola bilər, ibadət edəsən amma qan tökəsən? İslam bir fəlsəfə və siyasət kimi mövcud olsa da milyonlarla müsəlmanı xoşbəxt edə bilmir. Anamdan Allahı belə öyrənmişdim. “Kimsə görməsə də Allah görür”. Ədalətli olmaq lazımdır. Mənim üçün din budur.Allah insanın ürəyində içində olmalıdır, Allahdan qorxmaq yox, onu sevmək lazımdır. Sevgi ən gözəl açardır. Xüsusən təriqət məsələsini anlamıram. Bu nəyə xidmət edir? Ümumi sözümün canı odur ki, mən dindar adam deyiləm.

- Çox çalışdınız, vuruşdunuz. İçinizdə qalan, “kaşki” dedirdən arzu var?

-Bir arzu olsaydı nə vardı ki. Bunun bir faizi mənim şəxsi həyatımla bağlıdır. Özünü dərk edən insan üçün qavrayış bir az fərqlidir.Bizim ictimai şüurumuz o dərəcədə yüksək olmalıdır ki, biz hansı millətin övladı olduğumuzu dərk edək. Mənəvi sütunlarımızdan mahiyyətcə çox uzaq düşmüşük. Bu gün toy toğlusu kimi ortaya düşüb tarixi şəxsiyyətləri aşağılayan çoxlu layiqsiz insanlar var. Onlar ya tərbiyəsizidirlər, ya naqis, ya da kiminsə iradəsi altındadırlar. Azərbaycana müstəqillik vermiş böyük kişilər olub, onlar bizim istiqlalımızın təməlini qoyan adamlardır. Mən arzu edirəm onlar layiqincə təbliğ olunsunlar, müqəddəs səviyyədə tanınsınlar, onlara edilən hücumlara xalq olaraq imkan verməyək. Bunun yaddaşdan silinməsi yolverilməzdir. O cümhuriyyt olmasaydı bu günki Azərbaycan yox idi. Tarix bu yaddaşsızlığı bizə bağışlamaz. Bu dövləti qorumaq və gələcək nəslə salamat çatdırmaq ən böyük arzumdur.

- Bu gün müxalif qüvvələr mitinqlərə birlikdə deyil, ayrı- ayrılıqda çıxırlar. Belə təəssürat yaranır ki, xalqın rifahı uğrunda deyil, hakimiyyətə gəlmək uğrunda mübarizə gedir.

- Hər şeyi məqsəd müəyyənləşdirir. Mənim məqsədim siyasi müxalifətçilidkirsə davranışım ona uyğun olmalıdır. Məsələn məqsədimiz yolun ortasına düşmüş dəyirman daşını qaldırmaqdırsa bir yerə gəlib güc edib qaldırırıq. Amma dəyirman daşını satmaq, onu özünə götürmək istəyəndə məqsəd dəyişir, bir araya gəlmək mümkün olmur . Hərə bir tərəfə çəkir. Məmmədəmin Rəsulzadə Xoyski hökuməti ilə yaranmış siyasi böhran zamanı nə demişdi?. Xoyski hökumətinə müstəqilliy ləğv etmək və insan hüquqlarını məhdudlaşdırmaqdan başqa bütün ixtiyar verilmişdi. Məmmədəmin buna etiraz edənlərə nə cavab vermişdi? “Əfəndilər bizə kreslo lazımdır, yoxsa müstəqil Azərbaycan?” Böyük düşüncə budur. Bu cəmiyyət üçün ən vacib olan dialoqdur, cəmiyyətdə dialoqun olmaması insanları qəzəb püskürməyə, söyüş söyməyə vadar etdi.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »