Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəb direktoru ilə müəllim arasında konflikt – Müəllimə şiddətli töhmət verilib

Sabunçu rayonu Maştağa qəsəbəsi Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin binası yararsız vəziyyətdədir.

Bu barədə Bizimyol.info-ya məktəbin idman müəllimi Müşfiq Əliyev bildirib.

Onun sözlərinə görə, məktəbin sinif otaqları və idman zalı tədris proqramını həyata keçirmək üçün qənaətbəxş vəziyyətdə deyil.

“Məktəbin bütün sinifləri sınıx-salxaqdır. Buna səbəb təhsilə aidiyyatı olmayan hüquqşunas ixtisaslı məktəb direktorudur. Təsəvvür edin ki müavinlərin hamısı onunla işləyə bilmədikləri üçün işdən çıxıblar. Psixoloq da məktəbdən işdən çıxıb. Direktor hər ay müəllimlərdən 10 manat “fond pulu” yığır, amma məktəbə xərcləmir”,-deyə məktəbin idman müəllimi Müşfiq Əliyev bildirib.

Məsələ ilə bağlı F.Bayramov adına 22 nömrəli tam orta məktəbdən Bizimyol.info-ya verilmiş məlumatda qeyd olunur ki, məktəbin fiziki tərbiyə müəllimi Müşfiq Əliyev əvvəllər dəfələrlə məktəbin əvvəlki rəhbərliyi ilə konflikt yaratdığına, müəllimlərin etik davranış qaydalarını pozduğuna və inzibati məsuliyyətə cəlb olunduğuna görə 2015-ci ildə məktəb rəhbərliyinin əmri ilə ilk Həmkarlar Təşkilatının rəyi əsasında işdən azad edilib. 2018-ci ildə müvafiq qərarla işə bərpa edilib. Lakin 2017-ci ildə məktəb rəhbərliyinin dəyişilməsinə baxmayaraq, M.Əliyev qeyri-etik davranışları davam edib. M.Əliyev məktəb rəhbərliyinə, pedaqoji kollektivə və “Məktəblinin dostu” layihəsinin əməkdaşlarına qarşı müəllim adına yaraşmayan kobud hərəkətlər edib, xırda xuliqanlıq əməllərinə yol verib. Bu səbəbdən məktəb rəhbərliyi tərəfindən M.Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Hazırda müəllim etdiyi hərəkətlərdən təəssüfləndiyini və ayrı-ayrı instansiyalara müraciətlərinin qərəzli olduğunu söyləyir.

Onu da qeyd edək ki, təlim-tərbiyə işləri üzrə direktor müavini 307 nömrəli tam orta məktəbə direktor təyin olunub. Digər müavin və psixoloq isə yaşayış yerinə uyğun olan 307 və 311 nömrəli tam orta məktəblərə rotasiya qaydasında yerdəyişmə ediblər”.

Məktəbdən verilən məlumata görə, məktəbdə hər hansı vəsaitin toplanması məlumatı da həqiqəti əks etdirmir.

Məktəbdən bildirilib ki, 22 nömrəli tam orta məktəbin təmiri və partalara olan ehtiyacla bağlı müvafiq qaydada müraciət olunub. Yaxın vaxtlarda ehtiyac olan partaların verilməsi təmin ediləcək və məktəbin təmiri cari ilin təmir planında nəzərə alınacaqdır.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »