İngiltərinin Blekholl Kolyeri adlanan yerində müamma yaşanır. Bu kənddə naməlum adamlar küçəyə pul bağlamasını atıb gedirlər.
Bizimyol.info BBC-yə istinadən xəbər verir ki, İngiltərə kəndində son 5 ildə 12-ci dəfə insanlar küçədə pul tapıblar. Adəti üzrə yenə bir bağlama 20-lik funt sterlinq aşkar edilib. Söhbət təxminən 2588 dollardan gedir.
Pulun tapıldığı ətrafda çoxlu sayda adamlardan, ofislərdən, poçt idarəsindən soruşsalar da, heç kim pula sahib çıxmayıb. Pulların üzərində barmaq izlərinin axtarılması da nəticə verməyib.
Blekholl Kolyerinin sakinləri çox dürüst davranır. Hər dəfə pul tapanda polisə təhvil verirlər. Yerli asayiş keşikçiləri isə küçəyə pulları kimin səpələdiyini heç cür aydınlaşdıra bilmirlər.
İlk dəfə belə hal 2014-cü ildə yaşanmışdı. Onda da kənd adamları küçədən 2000 funt sterlinq tapmışdılar.