Lalə Cəmilli: “Səyat Nəvanın milli kimliyi haqqında əsas fikir odur ki, o, erməni deyil, azərbaycanlıdır...”
Azərbaycan mədəniyyəti o qədər zəngindir ki, həm mədəniyyətimiz, həm də mədəniyyətimizi, ədəbiyyatımızı yaradan şəxsiyyətlər bəzi qərəzli qonşularımızın həsəd ünvanına çevrilir. Bilirik ki, elə tarixi şəxsiyyətlər var ki, onların yaradıcılığına, şəxsiyyətinə “iddialı” olan qüvvələr var. Bilirik ki, tarixən torpaqlarımıza yiyələnən ermənilər mədəniyyətimizə, tarixi şəxsiyyətlərimizə də sahib durmaq niyyətini ortaya qoyub. Bu, zaman-zaman belə olub.
Əslən Azərbaycan türki olan bəzi şairlərimiz var ki, onlar erməniləşdirilib, yaxud onların türk kökündən qoparılması üçün ermənilər saxtakar əməllərə əl atıb. Çoxlarımız uşaq vaxtından Sayat Nova adlı şair-aşıq haqqında eşidib. Hətta ədəbiyyat kitablarında da Sayat Nova haqqında məlumatlara rast gəlir, onun şeirlərindən nümunələrlə tanış olmuşuq.
Deyilənə görə, Sayat Nova üç dildə - Azərbaycan, gürcü və erməni dillərində yazıb. Bilirik ki, son illərə qədər erməni təbliğatı sayəsində Sayat Nova erməni şairi kimi təqdim olunub. Hətta onun erməni ədəbiyyatının formalaşmasında rolu olduğu da bildirilir. Onu da bildirək ki, S.Novanın şeirlərinin çox hissəsi Azərbaycan türkcəsində yazılıb və aşıq şeiri üslubundadır. Erməni nə bilir aşıq şeiri nədir? Yaxud erməni Azərbaycan ədəbiyyatının ruhuna necə bələd ola bilər?
Tanınmış folklorşünas-alim, professor Məhərrəm Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, S.Novanın erməniləşdirilməsi sırf ermənilərin çirkin niyyətləri ilə bağlıdır. M.Qasımlının sözlərinə görə, S.Nova erməni yox, tər-təmiz Azərbaycan türküdür, Tiflisdə doğulub və burada yaşayıb, fəaliyyət göstərib. Qədim zamanlardan azərbaycanlıların Tiflisdə yaşadığını deyən M.Qasımlı dedi ki, S.Nəvanın erməniləşdirilməsi cəhdləri tarixi faktlarla alt-üst edilir: ”Bilmirəm, erməni məsələsi haradan Səyat Nəvanın üstünə yazılıb. Əslində, o, Sayat Nova yox, Səyat Nəvadır. Bizim köhnə aşıqlarımız istənilən vaxt rus, gürcü, erməni dilində şeirlər deyirdilər. S.Nəva da erməni və gürcü dilində şeirlər yazıb. Amma onun əsas yaradıcılığı Azərbaycan dilindədir və S.Nəva erməni yox, Azərbaycan sənətkarıdır. Tiflisdə doğulub, azərbaycanlıdır. Zaman içində əlimizdən getdi, ermənilər dünyaya təqdim elədilər ki, erməni aşığıdır. Onun erməni olması ilə bağlı heç bir fakt yoxdur. Mirəli Seyidovun böyük tədqiqatları var ki, o, Azərbaycan aşığıdır. Deyə bilərəm ki, Azərbaycan dili, mədəniyyəti bölgədə dominantlıq etdiyi üçün, hətta erməni, gürcü aşıqları da Azərbaycan dilində yazıblar, şeir deyiblər. Hətta erməni aşıqlarının 300-ə yaxını Azərbaycan dilində yazıb-yaradıb, çalıb-oxuyub.
Unutmamalıyıq ki, onların içində çox istedadlı adamlar da olub. Şəmkirdə aşıq Yervant var idi, o, Azərbaycan dilində çalıb-oxuyurdu. Hər dəfə mənə deyirdi ki, erməni dili aşığa uyğun deyil, saza yatmır. Sazın sırf Azərbaycan hadisəsi olduğunu öz dili ilə deyirdi. Bu gün dünyada erməni aşıqlarının təbliği var, amma unutmaq olmaz ki, Azərbaycan aşıq sənəti hər zaman erməni mədəniyyətini təsiri altına salıb. Bu gün Azərbaycan talış, ləzgi, türk, tat aşıqları var, onlar öz dillərində də, Azərbaycan dilində də çox rahat çalıb-oxuyurlar”.
Folklorşünas Lalə Cəmilli bizimlə söhbətində bildirdi ki, ermənilərin S.Nəvaya sahib çıxması bəlkə də zaman-zaman bizim öz şəxsiyyətlərimizə soyuq münasibətimizin təsirindən olub: “Qeyd edim ki, S.Nəva Azərbaycan xalqının çox istedadlı övladlarından biridir. O, Tiflisdə yaşayıb fəaliyyət göstərdiyindən, tamaşaçıların etnik tərkibini nəzərə alaraq, orada yaşayan müxtəlif xalqların dilində də şeirlər söyləyib. Bu da təbiidir. Şair el üçündür, xalq onun yazdıqlarını eşitməlidir. Deyim ki, uzun müddətdir bəzi qonşu dövlətlərin də mətbuatında Səyat Nəvanın kimliyi haqda araşdırma məqalələr, fikirlər dərc edilir. S.Nəvanın milli kimliyi haqqında əsas fikir odur ki, o, erməni deyil, azərbaycanlıdır. O əsasən doğma Azərbaycan dilində yazıb yaradıb”.
Folklorşünas qeyd etdi ki, internet saytlarındakı məlumat bazalarında S.Nəvanın atasının suriyalı, anasının gürcü olduğu bildirilir. Bu məlumatın erməni əli ilə hazırlandığını deyən L.Cəmilli bildirdi ki, məlumatlara görə, o, XVIII əsrdə yaşayıb və uzun müddət Səfəvi sarayında xidmət göstərib: “Müxtəlif mənbələrdə onun Səfəvi sarayında yüksək mövqe tutan rütbəlilərdən birinin bacısına aşiq olduğu, buna görə nüfuzunu itirib saraydan uzaqlaşdığı deyilir.
Deyim ki, S.Nova xristian olub. Məlumatlara görə, o, bir müddət İranda, daha sonra isə Qaxda kilsədə rahiblik edir. Bu kilsələr heç bir vaxt erməni kilsəsi ola bilməz, bilirik ki, bizim ölkənin ərazisində kifayət qədər alban kilsələri var. Bu da S.Nəvanın da alban kilsəsinə bağlı olduğunu göstərir. Ümumiyyətlə, bizim ərazilərə ermənilər 1828-ci ildən sonra köçürülüb. Bu faktı hər kəs bilir. O, erməni deyil. Onu ermənilər öldürüb. O, erməni olsaydı, erməni kilsəsinə, erməni ideologiyasına xidmət etsəydi, ermənilər onu öldürməzdi axı. Demək o gerçək bir türk olub. Ermənilər hər zaman tarixi saxtalaşdırmağa can atırlar və bəzən buna nail olurlar da. Amma artıq çox yerdə bilirlər ki, o, Sayat Nova yox, türk Səyat Nəvadır. Onun 1712-ci ildə doğulduğu və 1795-ci ildə qətlə yetirildiyi bildirilir”.