Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gömrük rüsumunun və verginin yüksək olması yeni avtomobillərin alınmasına mane olur”

“Hazırda elektromobil və hibrid avtomobillərə tələbat artıb. Amma təəssüf ki müəyyən maneələrə görə vətəndaşlarımız ikinci əl avtomobillərə, köhnə avtomobillərə üstünlük verirlər. Çünki Azərbaycanda avtomobillərin gömrük rüsumu və mühərrik həcminə görə aksiz vergisi olduqca yüksəkdir”.

Bu barədə Bizimyol.info-ya avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər bildirib.

Eldəniz Cəfər Eldəniz Cəfər

Ekspert deyib ki, eyni zamanda, avtomobil alarkən tələb olunan kreditin faizi olduqca yüksəkdir: “Bu faiz hazırda 40 faiz təşkil edir. İllik isə 16 faizdir. Bu isə olduqca böyük rəqəmdir. Bu səbəblərdən Azərbaycan vətəndaşları daha komfortlu və yeni avtombil almaqda çətinlik çəkdiklərinə görə, köhnə, maya dəyəri ucuz olan avtomobillərə üstünlük verirlər”.

Eldəniz Cəfər bildirib ki, Azərbaycana ekoloji cəhətdən təmiz avtomobillərin gətirilməsi stimullaşdırılmalıdır: “Dövlət başçısı ötən ilin dekabr ayında “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Bu proqramın müddəalarına əsasən Azərbaycana ekoloji cəhətdən təmiz avtomobillərin gətirilməsi stimullaşdırılmalıdır. Bu qərara əsaslanaraq bu ilin yanvar ayından elektrik mühərrikli avtomobillərdən tutulan rüsumlar azaldıldı. Bu avtomobillərdən tutulan rüsum 15 faizdir. Yəni Azərbaycan vətəndaşları elektriklə çalışan avtomobilləri gətirərkən sadəcə onun məbləğinin 15 faiz rüsum ödəməklə avtomobili ölkəyə gətirə bilərlər.

Lakin elektrik avtomobillərlə bağlı da müəyyən çətinliklər var. Belə ki, elektrik avtomobillər üçün hələ Azərbaycanda infrastruktur yaradılmayıb. Yəni bu avtomobillər elektrik mənbəyindən elektirik toplayır. Həmin avtomobil ən çox təxminən 300 kilometr gedir. Məsələn, siz Bakıdan Qazaxa getmək istəyirsinizsə, siz Qazaxa çatmaya bilərsiniz. Bundan əlavə, elektiriklə çalışan avtomobillərin texniki xidmət sahəsi hələ tam qurulmayıb. Bu avtomobillərin ifrastrukturu tam qurulmadığına görə, vətənaşlar elektriklə çalışan avtomobillərə tam maraq göstərmirlər”.

Ekspert deyib ki, elektrik və hibrid avtomobillərin Azərbaycanda istifadəsinin tətbiqi və təşfiqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcminin azaldılması əhəmiyyətli dərəcədə mümkün olmayacaq: “Çünki atmosferi xüsusən minik avtomobilləri çirkləndirmir. Atmosferi müxtəlif zavodlar, istehsallar, eyni zamanda, dizel mühərrikli iri maşınları çirkləndirir. Bu yük maşınları gecə-gündüz Bakı şəhərində tikinti sahəsində istifadə olunur. Hazırda şəhərin mərkəzində tikinti işləri davam etdirilir. Bu sahədə kompleks tədbir görmək lazımdır. Bütün avtomobillərin alternativ enerji ilə işlənməsini düşünmək lazımdır ki, Bakının ekoloji vəziyyəti normallaşsın. Bu proses uzun müddət vaxt tələb edəcək. Bu prosesə minik avtomobillərdən başlamaq olar”.

Eldəniz Cəfər bildirib ki, ekoloji cəhətdən təmiz avtomobillərin vətəndaşlar tərəfindən hər hansı bir stimullaşdırıcı addımlar atılmır: “Hər halda mən bu addımları görmürəm. Heç olmazsa, ən azından hibrid mühərrikli avtomobillərə aksiz vergisinin azaldılması və yaxud da gömrük rüsumunun azaldılması ola bilərdi. Bu addımlar hələ ki atılmır. Ola bilsin ki gələn illərdə biz bu addımları görəcəyik”.

Ekspert Eldəniz Cəfər deyib ki, bu gün ekoloji cəhətdən təmiz olan avtomobillər inkişaf etmiş ölkələrdə geniş yayılır: “Bu, xüsusən Avropa İttifaqı ölkələrindən başlayan siyasətdir. Bu təşkilat qərara gəlib ki atmosferi zəhərli qazlarlar çirkləndirən insan sağlamlığına zərər vuran ənənəvi mühərrikli avtomobillər, yəni benzin və dizellə çalışan avtomobilləri ekoloji cəhətdən təmiz avtomobillərlə əvəz edilsin.

2025-ci ildən Avropa İttifaqı ölkələrində - Almaniya, Hollandiya, Fransa kimi ölkələrdə benzin və dizellə işləyən avtomobillərin qadağan edilməsi gözlənilir. Avropanın, Yaponiyanın aparıcı avtomobil istehsalçıları elektirik, hidrogen və hibrid mühərrikli avtomobilləri istehsalına başlayıblar.

Məsələn, neft ölkəsi olan Norveçdə 100 mindən çox elektrik avtomobil var. Eləcə də, bu ölkədə hibrid avtomobillər də çox populyardır.

Düşünürəm ki yaxın 10 il ərzində ənənəvi benzin və dizellə çalışan avtomobil görməyəcəyik. Bu proses şərqi Avropaya, eləcə də, keçmiş sovet ölkələrinə, həmçinin Azərbaycana da gəlib çıxacaq. Çünki vətəndaşlarımız ekoloji cəhətdən atmosferə çox da ziyan verməyən avtomobillərə maraq göstərirlər”.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »