Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin büdcədə qiyməti təhlükə yarada bilər

Əli Məsimov: “ Biz təklif etdik ki,neftin qiyməti çoxvariantlı ssenarilər əsasında qurulsun”

Məlum olduğu kimi, yeni il üçün dövlət büdcəsində neftin bir barrelinin qiyməti 55 ABŞ dollarından hesablanaraq proqnozlaşdırılıb. Bəzi iqtisadçılar bunu təhlükəli sayır. Başqa fikirlər də var.

Millət vəkili Əli Məsimli “Bizimyol.info”- ya verdiyi açıqlamasında bildirib ki, 2020 -ci ilin büdcəsi hazırlanan zaman neft hasil edən ölkələrdə neftin qiymətinə müxtəlif cür yanaşırlar: “Məsələn, burda ən optimal yolu Rusiya tutub ki 40 dollardan bir az yuxarı bir rəqəm götürüb və rəqəmə uyğun surətdə də vəsait büdcəyə daxil olub.Bunun üstün cəhəti ondan ibarətdir ki, dünya bazarında neftin qiyməti 40-43 dollara qədər düşəndə bu, Rusiyanın büdcəsinə heç bir ciddi təsir göstərməyəcək.Amma başqa ölkələr konkret rəqəmləri göstərib, başqa mexanizmlər tətbiq edirlər.Tutaq ki,Qazaxıstan və Azərbaycan neftin qiymətini gələn il üçün büdcədə 55 dollar götürüb. Ərəb ölkələrində bu hardasa 40, 50,60, dollar ətrafında götürülən var. Elə ölkə var ki, hətta ixrac optimizminə gedib, 70 dollar götürüb. Bu baxımdan, sadaladığım qiymətlərin nisbətini götürəndə, Azərbaycan hardasa neftin qiymətini optimistə yaxın, orta bir variantda götürüb. Biz bu məsələdə elə bil ciddi səhvin olduğunu demirik. Amma hesab edirik ki, dünyada gedən proseslər, o cümlədən ticarət müharibələri gec-tez ona gətirib çxaracaq ki, dünya iqtisadiyyatında ya neft şoku yaşanacaq, ya da maliyyə böhranı olacaq”.

Millət vəkili bildirib ki, bu proses neft hasil edən ölkə kimi Azərbaycana da mənfi təsir göstərə bilər: “Bu 2020- ci ildə də və ondan sonrakı illərdə də baş verə bilər.Həmin proseslərə hazırlaşmaqdan ötrü biz təklif etdik ki,neftin qiyməti çoxvariantlı ssenarilər əsasında qurulsun. Təkcə 55 dollar üzərində hesablanmasın. Bir sıra qiymət ssenariləri, yəni 40 dollardan aşağı olan büdcə ssenariləri hazırlansın. 40 dollardan aşağı olanda necə təsir göstərəcək - bu məsələ aydınlaşdırılsın ki, o neqativ proseslər gedən zaman Azərbaycan az itki versin , yaxud da heç bir itkiyə məruz qalmadan çıxa bilsin. Hesab edirəm ki , bizim mövqeyimiz daha sanballı, daha əhatəli, Azərbaycanın maraqlarına daha cavab verən bir variantdır”.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »