Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada azərbaycanlıların miqrant alveri: təkcə bir nəfər 300 min avro qazanıb

Almaniyanın müxtəlif nəşrləri mühacir alverilə bağlı keçirilmiş əməliyyatlar və aralarında azərbaycanlıların da olduğu çoxsaylı insanların həbsindən yazır.

Bizimyol.info xəbər verir ki, yüzlərlə polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi əməliyyat ölkənin 6 böyük vilayətində baş tutub. Reydlər zamanı laptoplar, mobil telefonlar, sənədlər, nağd pul, silahların da müsadirə olunduğu bildirilir.

"Spiegel" jurnalının Almaniya federal polisinə istinadən yaydığı məlumatda deyirlir ki, əməliyyatların bir neçəsi də azərbaycanlılara qarşı keçirilib. Həmin əməliyyatlara 180 nəfərə yaxın polis cəlb olunub. Şimali Reyn-Vestfaliya və Hessendə keçirilən əməliyyatlar zamanı qanunsuz yolla Azərbaycandan adam gətirməkdə ittiham olunan şəxslər saxlanılıb. Polis Köln, Düsseldorf, Frankfurt və Visbadendəki 13 obyektdə axtarış aparıldığını, Koblenzdə iki nəfər haqqında həbs qərarı verildiyini açıqlayıb.

Almaniyanın swr.de saytı isə polisə istinadla 8 nəfərin şübhəli şəxs qismində saxlndığını yazır. Xəbərdə qeyd olunur ki, həmin şəxslər 3 min-10 min avro müqabilində ən azı 20 nəfəri qaçaq yolla Azərbaycandan Almaniyaya aparıblar.

Tutulanlar kimlərdir?

Saxlanılanlar arasında "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev, "Müsavat” Avropa Koordinasiya Mərkəzinin sədri İlham Həsən, onun müavini Mehdi Xəlilbəyli, sürücüsü Rəşad Məmmədov, qohumu Abdin Cavadov, 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin rəisi olmuş Elçin Əkbərov, Elşən Abdullayev və Vəli Həsənəliyevin (keçmiş YAP üzvü) olduğu bildirilir. Onların hamısı Almaniyada siyasi mühacir kimi oturum alıblar.

Əlövsət Əliyev keçmiş deputat, şair Sabir Rüstəmxanlının qardaşıdır. O, Azərbaycanda "Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri kimi hüquqi yardım fəaliyyətilə məşğul olurdu. 2014-cü ildə Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general Emin Şəkinskinin keçmiş həyat yoldaşı və dörd övladının ondan xəbərsiz, saxta sənədlərlə ölkədən çıxarılmasına görə barəsində cinayət işi başlanmışdı. Həmin ərəfədə Ə.Əliyev ölkədən gedərək, Almaniyada sığınacaq almışdı. O, bir müddət sonra beynəlxalq axtarışa verildiyinə görə Kiyevdə saxlansa da, Azərbaycana göndərilmədi. İki gün sonra Ukraynanın hüquq-mühafizə orqanları onu sərbəst buraxmış və o, Almaniyaya qayıtmışdı.

Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı və qardaşı Sabir Rüstəmxanlı onun saxlandığını təsdiqləyib. Amma yaxınları onun mühacir alverilə məşğul olmadığını, Almaniyada köməyə ehtiyacı olanlara hüquqi yardım göstərdiyini deyir.

Bu əməliyyatlar əsasında başlanmış cinayət işinin materiallarında iddia olunur ki, təkcə Mehdi Xəlilbəyli qanunsuz yollarla miqrant daşınmasından 300 min avro pul qazanıb.

Britaniya, Türkiyə, Macarıstan polisləri də əməliyyatlara cəlb olunub

Bu əməliyyat tədbirləri təkcə Almaniyada yox, digər Avropa ölkələrində də həyata keçirilir. Almaniya polisinin noyabrın 13-də yaydığı məlumatda deyilir ki, insan alveri şəbəkəsinin aşkarlanması üçün Britaniya, Macarıstan, Rumıniya və Türkiyə polisləri də bu əməliyyata cəlb olunublar.

Məlumatda ən azı 2 milyon avro qarşılığında azı 580 miqrantı Almaniyaya gətirməkdə şübhəli bilinən 36 nəfərə qarşı birgə əməliyyat aparıldığı bildirilir.

Oxşar əməliyyat Ukraynadan olan şəbəkəyə qarşı da keçirilib.

Bizimyol.info

Almaniyada saxta miqrant

Son xəbərlər
Bütün xəbərlər »