Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Büdcə müzakirələri – Yenə özümüzü aldadırıq?

Bu gün Milli Məclisdə (MM) 2020-ci ilin büdcə zərfi ilə bağlı 3 günlük müzakirələrə yekun vurulacaq. Qanun layihəsi digər qanun layihələri kimi, birinci oxunuşda müzakirə olunacaq və qəbul ediləcək. Bununla da üçgünlük müzakirələr yekunlaşdırılacaq.

Lakin büdcə müzakirələri heç də hamını məmnun etməyib. Deputat Qüdrət bildirib ki,“Növbəti il üçün büdcədə yaşayış mininum məbləği 157 manat, pensiyanın aşağı həddi 200 manat, əlilliyə görə aylıq pensiya 197,6 manat, birinci qrup əlillər üçün 238.2 manat nəzərdə tutulub. Bu rəqəmlər Azərbaycan reallığında, əslində, çox kiçik rəqəmlərdir. Biz hamımız bilirik ki, 157 manatla bir nəfərin yaşaması mümkün deyil”.

İqtisadçı alim Rövşən Ağayevin fikrinə görə bu cür ildırımsürətli müzakirənin hər hansı effekti yoxdur.

Rövşən Ağayev Rövşən Ağayev

“Büdcədən qrantlar niyə artıb? 2020-ci ilin büdcəsinin yeni büdcə təsnifatı əsasında tərtibatı müstəqil təhlilləri xeyli çətinləşdirib.

Yeni təsnifatda əsas dəyişikliklərdən biri dövlət büdcəsindən ayrılan qrantların büdcə xərclərində əks olunması ilə bağlıdır.

Məsələ belədir: indiyədək (2019-cu il daxil olmaqla) Naxçıvan MR-na verilən dotasiya iqtisadi təsnifatda (250000 təsnifat kodu) "subsidiya və cari transferlər" maddəsi altında əks olunurdu. 2020-ci ildən etibarən isə Naxçıvana maliyyə yardımları "Qrantlar və digər ödənişlər" maddəsi (təsnifat 260000 kodu) altında əks olunub.

Bir tərəfdən də bu dəyişikliyə paralel olaraq Naxçıvana ayrılan maliyyə yardımı 90 mln. manata yaxın artırlıb. Reallıqda dövlət büdcəsindən qrantlara ayrılan vəsaitin 6 dəfə artması sırf təsnifat dəyişikliyilə bağlıdır. Əksinə, Naxçıvana verilən qrantlar nəzərə alınmasa, 2019-cu ildə büdcə qrantlarının həcmi 100 mln. manata yaxın olub, 2020-ci ildə isə təxminən 26 mln. manat proqnozlaşdırılır

2 komitə iclasındakı müzakirələri nəzərə almasaq, dövlət büdcəsi Parlamentin cəmi 1 plenar iclasında müzakirə edildi.

Dünən 26 milyard manata yaxın xərclə proqnozlaşdırılan dövlət büdcəsinə həsr edildi, bu gün artıq Sosfond-un büdəcinə baxırlar.

Əslində bu cür ildırımsürətli müzakirənin hər hansı effekti yoxdur. Nə proqramlar və strategiyalar üzərindən müzakirə edilir, nə bu büdcə ilə qısa və orta dövrdə hansı nəticələrin əldə olunacağı dartışılır, nə sahə qurumlarının rəhbərləri çıxıb öz büdcələrini əsaslandırmırlar.

Yeri gəlmişkən, dünən Siyavuş Novruzov deyib ki, bizdə prezidentli respublika olduğuna görə sahə qurumlarının rəhbərlərinin gəlib hər birinin öz büdcəsini əsaslandırmasına ehtiyac yoxdur.

Yanlış müqayisədir. Türkiyə prezidentli siyasi sistem keçdi, amma yenə hər nazir öz büdcəsini təqdim edir, proqram və startegiyalar ilə büdcə arasında əlaqəni təqdim edir, parlament qarşısında xərcləri əsaslandırır .

Parlamentdə büdcə müzakirələrinin sürətinə görə dünya reytinqi tərtib edilsə, biz top 10-luqda yer alarıq. Fikrimcə, vətəndaş cəmiyyəti artıq büdcəni rəqəmlər üzərindən (nə artdı, nə azaldı və s.) analiz etməkdən daha çox effektiv xərclənmə, müzakirə prossesinin effektivliyi, büdcə şəffaflığı kimi məqamları önə keçirməlidir”,- deyə o qeyd edib.

İqtisadçı alim Qubad İbadoğlu 2020-ci ilin büdcəsinin ən zəif 2 bəndini analiz edib.

Qubad İbadoğlu Qubad İbadoğlu

1) Növbəti il büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir. 2020-ci ilin büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 64,2 faiz həcmində və ya 17275,9 milyon manat olacaq. Beləliklə də gələn ilin cari xərclər bu illə müqayisədə 37,6 faiz çox proqnozlaşdıırılıb. Əslində müqayisə olunan dövrdə qeyri-neft sektorundan daxilolamaların artım tempi cari xərclərin artım tempini üstələyərdisə bu dəyişiklikdən narahat olmağa dəyməzdi. Amma gələn il üçün bütün mənbələrdən qeyri-neft gəlirləri 10604,5 milyon manat proqnozlaşdırılır ki, bu da bu illə müqayisədə 12 faiz artım deməkdir. Eyni zamanda gələn il üçün proqnozlaşdırılan qeyri-neft gəlirləri cari xərclərin 61,4 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, 2020-ci il büdcəsinin cari xərclərin hər 3 manatından 2 manatı neft gəlirləri nəzərə alınmadan maliyyələşdirilə bilər. Büdcə sistemi haqqında qanuna görə, cari xərclərə əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr daxildir.

2) Gələn il dövlət büdcənin kəsiri böhran həddini keçəcək. Çünki, 2020-ci il üçün büdcə kəsiri ÜDM-in 3,3 faizi həcmində proqnozlaşdırılır. Bu isə Avropa məkanında olan ölkələr üçün Mastrix sazişi ilə tənzimlənən 3 faizlik böhran həddinin aşılması deməkdir. Digər narahatlıq yaradan tendensiya gələn il üçün proqnozlaşdırılan büdcə kəsirinin ötən ilə nisbətən 12,5 dəfə çox olmasıdır.

2020-ci ilin büdcəsinin özəllikləri barədə danışan ekspert bunları qeyd edib.

“Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsi üzərində işləri yekunlaşdıraraq sənədi Nazirlər Kabinetinə təqdim edib və bu sənədin bəzi konturlarını açıqlayıb. Onlar arasında cari ilin büdcəsi ilə müqayisədə diqqəti cəlb edənlər aşağıdakılardır.

1) 2020-ci ildə büdcənin social yönümlü xərcləri cəmi xərclərin 40,7 faizini (2019-cu ildə 30,8 faiz) və ya 11253,7 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 2664,2 milyon manat çoxdur. Növbəti ildə əməyin ödənişi üzrə xərclər 6723,4 (2019-cu ildə 4751,9 milyon manat) milyon manat, təqaüdlər və social müavinətlər üzrə xərclər 3213,4 (2019-cu ildə 2527,4 milyon manat) milyon manat, icbari tibbi sığortanın tətbiqi üzrə xərclər 902,9 milyon manat (2019-cu ildə 223,5 milyon manat), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər 414 milyon manat (2019-cu ildə 640,6 milyon manat) nəzərdə tutulub.

2) Gələn il Azərbaycan Dövlət Neft Fondundan büdcəyə 11 767,5 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 403 mln. manat, 3,55% çoxdur. Bütövlükdə 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24484 milyon manat proqnozlaşdırılır ki, onun da 43 faizi (10536,5 milyon manat) qeyri-neft sektorunun, 57 faizi (13947,5 milyon manat) neft sektorunun payına düşəcək. Baxmayaraq ki, İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, orta müddətli dövrdə (2020-2023-cü illərdə) ÜDM-in tərkibində qeyri-neft sektoru 65,8 faiz, neft sektoru isə 34,2 faiz olacaq.

3) Növbəti ilin büdcəsindən dövlət borcuna xidmət üzrə 2458,2 milyon manat xərc proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 123,4 milyon manat çoxdur.

4) 2020-ci ilin büdcəsində ilk dəfə olaraq cari xərclərin cəmi xərclərdə xüsusi çəkisi 60 faizi ötəcək. Bu isə o deməkdir ki, qeyri-neft gəlirləri büdcənin cari xərclərinin 80 faizini ödəyə biləcək, cari xərclərin yerdə qalan 20 faizi, dövlət borcuna xidmət xərcləri və əsaslı xərclər bütövlükdə neft gəlirləri hesabına maliyyələşdiriləcək. Bu isə o deməkdir ki, Azərbaycanda hələ də büdcənin artan xərcləri qeyri-resurs sektoru hesabına təmin edilməsi mümkün deyildir. Beləliklə də növbəti ilin büdcəsinin xarici şoklardan asılılığı artıb və büdcə gəlirlərinin təmin olunması riski çoxalıb.

5) 2020-ci ilin büdcə layihəsi ilk dəfə olaraq Maliyyə Sabitliyi Şurasında da müzakirə olunub”.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »