Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhərin ortasındakı müəmmalı "yataq" - Fotolar

"Elmlər Akademiyası bağı"ndakı müəmmalı "yataq"ların müəmması hələ də aydınlaşmır.

Bizimyol.info xəbər verir ki, Elmlər Akademiyası ilə üzbəüz parkda skamyaların üstünü balış, yorğanlar zəbt edib. 4 noyabrdan bu yana ərazidən çəkilən görüntülər fakt olaraq qalsa da, müəmması açılmır.

Xəbər verdiyimiz kimi məsələ ilə bağlı dünən Yasamal Rayonu Polis İdarəsi ilə əlaqə saxladıq. Əraziyə post patrul xidməti göndərilib baxış keçiriləcəyi deyilmişdi. Bu gün növbəti dəfə ərazidə olduq və yenə də bir skamyanın üstündə yorğan, balış müşahidə etdik. Parkdakı insanlarla söhbətləşib maraqlansaq da, onlar da bilmədiklərini dedilər. Yaxınlıqda işlədiyini deyən bir xanım isə yorğanların təzə olduğuna və indiyəcən bu mənzərənin necə olub ki, onun diqqətini çəkmədiyinə təəccübünü ifadə etdi.

Elmlər Akademiyası Parkdaki yataq

Yasamal Rayonu Polis İdarəsi həmin əraziyə 27-ci polis bölməsinin baxdığını deyərək bizi onlara yönləndirdi. Lakin nə 26, nə də 27-ci polis bölməsi həmin ərazinin onlara aid olduğunu dedi. Uzun çək-çevirdən sonra 28-ci polis bölməsinin həmin əraziyə baxdığını müəyyənləşdirib onlarla əlaqə saxladıq. 28-ci polis bölməsi əraziyə baxış keçirəcəklərini bildirdilər. Bir neçə saat sonra əlaqə saxladığımızda isə həmin ərazidə belə bir fakta rast gəlmədiklərini bildirdilər. Bir neçə saat əvvəl ərazidən çəkilmiş fotoların olduğunu bildirdiyimizdə isə aqressiv tərzdə: "Nə sualınız var Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayın!" deyə cavab verdilər.

Bu müəmmalı "yataq"larla bağlı media olaraq zəng edib maraqlandığımız halda belə etinasız yanaşma görürük. Bəs sadə vətəndaş zəng edib bildirsə idi nə olardı?

Onu da qeyd edək ki, nə Yasamal Rayonu Polis İdarəsi, nə də 28-ci polis bölməsi sonrakı zənglərimizə cavab verdi. Əraziyə həqiqətən baxış keçirilib ya yox, bundan sonra bu da müəmma altında qalır...

Aləmdə Nəsib, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »