Sumqayıtda yerləşən məşhur istirahət mərkəzi-restoranın tullantıları Xəzər dənizinin sahilinə axıdılırmış. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi obyektin rəhbəri Elnur Həşimovu məhkəməyə verib.
Bizimyol.info xəbər verir ki, nazirliyin 4̇ Sayli Regı̇onal Ekologı̇ya və Təbii Sərvətlər İdarəsinin iddiasına İnzibati-İqtisadi Məhkəmədə baxılıb. İdarənin məhkəmədən tələbi belə olub ki, istirahət mərkəzindəki çirkab suların Xəzərin sahilindəki zonaya axıdılmasının qarşısının alımaqdan ötrü restoran rəhbərliyinin üzərinə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi qoyulsun. Üstəlik, “Sahil” rəhbərliyi bu işi yerinə yetirənə qədər istirahət mərkəzinin fəaliyyəti dayandırılsın.
“Restoranın məsul işçisi Afət Əmirovun iştirakı ilə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Sahil” restoranında araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, obyektdə ekoloji, sanitar texniki normalar və tələblər yerinə yetirilmir, kanalizasiya və çirkab suları mərkəzi kanalizasiya xəttinə qoşulmayıb, primitiv qaydada qazılmış quyulara axıdılır. Bununla da Xəzər dənizi hövzəsinin birbaşa çirklənməsinə, fauna və florasına, insan sağlamlığına ciddi təhlükə yaradır. İctimai-iaşə obyektində formalaşan çirkab suların Xəzər dənizi sahili zonaya axıdılmasının qarşısının alınması məqsədiilə çirkab suların 2 ay müddətində ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi, nəticəsi barədə idarəyə məlumat verilməsi barədə məktub göndərilib. Ancaq qarşı tərəf heç bir tədbir görməyib”, - iddia ərizəsində belə yazılıb.
Restoran rəhbərliyi məhkəməyə çağrılsa da, gəlməyib. İddiaya onların iştirakı olmadan baxılıb. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iddiasını qismən təmin edib. “Sahil” istirahət mərkəzində formalaşan çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi obyektin sahibi Elnur Həşimovun üzərinə qoyulub. Amma istirahət mərkəzinin fəaliyyətinin dayandırılması hissəsində iddia təmin edilməyib.