Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllimlər kənd məktəblərini tərk edirlər - Açıqlama

“Kənd məktəblərində işləyən müəllimlərin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə birdəfəlik verilən yardım və kommunal xidmətlərini ödəmək üçün hər ay verilən kompensasiya artırılmalıdır”.

Bu barədə Bizimyol.info-ya təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib. Ekspert öncə qeyd edib ki, son 5 ildə Azərbaycanda 18 136 müəllim işə qəbul olunub. Bu müddətdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Bu müddət ərzində 12 minə yaxın müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub.

Kamran Əsədov Kamran Əsədov

“Gənc müəllimlər 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 40 manat məbləğində kompensasiya almalıdırlar. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində işləyən gənc mütəxəssislərin əmək haqqına əlavə olaraq ayda 70 manat ödənilməlidir. İş yerlərinə göndəriş almış gənc mütəxəssislər yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım alırlar. Bundan başqa, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələri ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərirlər.

Bütün bunlar əla. İndi gələk əsas məsələyə: 5 il ərzində elektrik enerjisi və nəqliyyat daşıyıcılarının qiymətləri azı 2 dəfə bahalaşıb, amma müəllimin məhz bu problemini həll etmək üçün müəyyən edilmiş məbləğ artmayıb”,-deyə ekspert bildirib.

K.Əsədov deyib ki, müəllim 35 yaşı tamam olandan sonra da həmən yolu gedir və enerjini sərf edir: “Ona görə də, 35 yaş məhdudiyyəti aradan qaldırılmalıdır. Kompensasiya ödənilməsə, kənd məktəblərində çalışanlar bu yardım dayanandan sonra məktəbi dəyişəcək. Belə hallar artıq baş verir.

Birdə bölgələrdə müəllimlərin dərs saatı 25-30 saat deyil ki, onlar yüksək əmək haqqı alsınlar. Məhz gəncləri regionlarda məktəblərə cəlb etmək üçün əmək haqlarına müvafiq əlavələr edilməlidir.

Hazırda Təhsil Nazirliyi tərəfindən çıxarılan vakant yerlərin 63 %-i məhz həvəsləndirici tədbirlərin verildiyi ərazilərədi və ucqar ərazilərdə işləyən müəllimlər üçün hər cür şərait yaradılır”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »