Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənim düşüncələrim
Həqiqətlər və həqiqət kimi görünənlər haqqında esse

Sözün açığı, yazmağa həvəs də yoxdur. Yazının axırı hara gedib çıxacaq? Kim oxuyacaq? Belə söhbətlər kimin üçünsə maraqlıdırmı indiki informasiya əsrində?! Doğrudur, Mirzə Cəlil deyirdi: "Sözünü o kəslərə de ki sənə qulaq asmırlar". Problem də budur: Mirzə Cəlilin yazdıqları kitab rəflərimizdə də var, dəfələrlə də oxuyuruq bəlkə. Məktəb dərsliklərində də uşaqlara öyrədirik. Tez-tez onun əsərlərinə kino və ya televiziya tamaşaları versiyalarında da baxırıq, dinləyirik. Dinləyiriksə də, bu, hələ onu eşitdiyimiz anlamına gəlməz.

Biz Mirzə Cəlilə heykəl də qoymuşuq, adını şəhərə, rayona, teatra, küçəyə... də vermişik. Bizdə bu nə adətdir görəsən?! Dünyadan köçən dahilərimizin adını yaşatmaq üçün dəridən-qabıqdan çıxarı, ancaq ideyalarını, proqressiv əməllərini yaşatmağın qayğısına qalmırıq. Sonucda adamlar yaşayır, yaradır, canını, ruhunu qoyur, böyük amallar, nəcib əməllər qoyub gedir, biz isə özümüzü elə aparırırq ki, sanki bizə, tutaq ki, elə həmin Mirzə Cəlilin, sadəcə, quru adı da bəsdir. Mirzə Cəlilin: "Sözümü o kəsələrə deirəm ki, mənə qulaq vermirlər" (yəni eşitmirlər - B.H.) sözlərini tamam hərfi anlamda qavramışıq. Ona günün bu günündə də qulaq vermirik. Bizim qəribə özəlliyimiz var: adamları tanıyana qədər sevirik, sevənə qədər tanımaq istəmirik. Çünki sevmək əslində əmək verməkdir; Mirzə Cəlili tanımaq üçün onu oxumaq lazımdır axı ən azı. Biz sevginin "asan başa gələn" versiyasını axtarırıq. Doğrudanmı, Ramiz Rövşənin məşhur şerində dediyi: "Gilası mürəbbə, quzunu kabab, şairi heykəl tək xoşlayan adam"ların çoxluq olduğu toplumuq?! "Nəsimi ili" deyirik, hamı "Nəsimi, Nəsimi" deyir. Ancaq nə qədərimiz Allahı Seyid İmadəddin Nəsimi qədər öz içimizdə dərk edə, hiss edə bildik?!

Bax, bu üzdən yazmaq çətindir; Nəsimi kimi dühanı tam anlamıyla qavramayan adam bizim kimi çox kiçik, sıradan qələmləri necə və niyə anlasın ki? Günümüzdə gecə-gündüz gerçəkləri deyən insanlara qulaq asanların sayı çoxdur (sosial media fenomeni sayəsində bir də görürsən, heç kimin tanımadığı bir gəncin kanalını yüz minlər izləyir), ancaq gəlin, görək, nə qədər adam dinlədiyini eşidir?! Mirzə Cəlilin sözü ilə desək, onun zamanından fərqli olaraq bəlkə qulaq verən çoxdur, ancaq dinləyən, ən başlıcası, eşidən azdır.

Mən çox illər əvvəl belə bir fikri yazımda vermişdim: insanlar yalana həqiqətdən çox inanırlar. Əslində bu, mənim deyil, Aristotelin fikridir: "İnsanlar həqiqətə deyil, həqiqət kimi görünənlərə inanırlar". Bax, bütün dağıdıcı savaşlar da, qanlı inqilablar da, soyqırımları da, işğallar da, insanlığa qarşı hər cür pis əməllərin hamısı elə Aristotelin bu "həqiqət kimi görünənlər" adlandırdığı yalan üzərinə qurulub. Nasistlər dünya hökmranlığı eşqinə düşəndə dedikləri nəhəng yalan o toplumdakıların hər halda böyük çoxluğuna hər halda başlanğıcda həqiqət kimi görünmədimi?! Bu həqiqət kimi görünən yalan dünyanı az qala məhv olma təhlükəsinə, on milyonlarla insanın ölümünə, yüz milyonların talayinin qırılmasına səbəb olmadımı?! Bu üzdən ev telefona zəng gələndə uşağınıza: "De ki, atam evdə yoxdur" göstərişini verəndə öz balanızın dünyasını və bütün dünyanı necə zədələdiyinizi, öz balanıza və bütün dünyaya necə bir dəhşətli pislik etdiyinizi düşündünüzmü?! Onu yalan üzərinə bir yaşama köklədiyinizin fərqindəsinizmi?! Yalan üzərinə köklənən ömür azadlıq hissindən məhrum olacaq. Azadlıq həqiqəti sevir. Azad insan yalanı sevməz. Reallıqları, gerçəklikləri tənizmləyən qanunun da başlıca fəlsəfəsi azadlıqdır. Qanun, bizdə çox vaxt düşünüldüyünün əksinə olaraq, azadlqıları qısıtlamaq üçün deyil, azadlıqların gerçək sərhədlərini cızmaq üçündür.

Konstitusyi günü

Bax, bu gün bizim Konstitusiya günümüzdür. Bilirsiniz, Konstitusiya ilk dəfə İngiltərədə yaranıb. Adına baxın: "Azadlıqların Böyük Toplusu. Nə anlam ala bildik bundan?! O anlam ki, qanun - azadlığın özülüdür. "Demokratiya" sözü şüar kimi görünür, ancaq bu, siaysi deyil, hüquqi-mənəvi anlayışdır daha çox. Deyəcəksiniz ki, bu gün bizim toplumda demokratiya anlayışı populyar deyil, insanlar daha çox sosial problematikaya köklənib. Elədirsə, deməli, hələ azadlığı tam dərk etmir. Çünki demokratiya -dərk olunmuş və qanunlarla tənzimlənən azadlıqdır.

Və Konstitusiyada elə azadlığın əsasıdır. Konstitusiya təkcə dövlətə dəxli olan bir anlayış deyil. Hər bir fərd də bir dövlətdir; hər normal insanın daxili konstitusiyası, yəni, daxili "Mən"i var. Öz baxışları, öz yaşam qaydaları, öz prinsipləri, xarakteri var. Onu bu cəmiyyət içində dik saxlayan, ayaqda saxlayan, bütöv saxlayan sütunları var. O yerdəki dövlətin yaratdığı - qəbul etdiyi qaydalar, Konstitusiya vətəndaşın, yəni fərdin daxili Konstitusiyasına çevrilir, yaxud ona uyğun olur, orda azadlıqlar var deməkdir. Bəzən belə ifadəyə rast gəlirik: "Bizdə dövlətlə xalqın birliyi var". Bu, məncə, qüsurli ifadədir. Çünki dövlət zatən xalqındır. Xalqın deyilsə, zatən dövlət deyildir. Bəli, Konstitusiya günü rəsmi bayramdır, nə gözəl! Ancaq bu xüsusi tarixi günlər bizə təkcə sevinmək, qürurlanmaq üçün deyil, həm də (əslində daha çox) düşünmək üçün bir fürsətdir. İki gün əvvəl Bayraq günündə də belə idi; təbii olaraq, sevindik, qürurlandıq. Bayrağımız gözəldir, ucadır da. Dövlətimizin deyil, hər birimizin bayrağıdır. Ölkə də hər birimizindir. Bəs o bayraq bizim ölkəmizin bir hissəsində niyə endiirlib?! Kim endirib, niyə endirib- bəllidir. Sevincimiz, qürurumuz yarımçıq olmasın, tam olsun deyə o bayrağı endirildiyi yerə təkrardan taxmaq da bizim boynumuzun borcu deyilmi?! Biz həm bayrağımızın ölkənin bir hissəsində endirilmiş olması ilə barışa, həm də bayrağımızla tam anlamında qürurlana bilmərik axı! Konstitusiyaya da baxışım belədir. Bizim Konstitusiyamız təkcə Bakı üçün, Şəki üçün... deyil, həm də Ağdam üçün, Şuşa üçün... keçərli olmalıdır. Konstitisiyanı millətimizin hər bir fərdi öz içində və ölkəsinin hər yerində hiss edə biləndə, o zaman ürəkdolusu sevinəcəyik, qürurlanacağıq. İldə bir dəfə Konstitusiya günümüz var. Əslində isə bu, hər günümüzün Konstitusiyasıdır. Hər halda elə olmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »