Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ləki–Qəbələ dəmir yolu xətti - Bu yol hələ çox müzakirələrə səbəb olacaq

Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə 45 milyon manat ayrılıb. Ekspert Natiq Cəfərli bu dəmir yolu xəttinin tikintisinə ayrılan pulları boş israf hesab etdiyini demişdi.

İqtisadçı alim, professor Saleh Məmmədov Bizimyol.info saytına verdiyi açıqlamada bu fikirlərlə razı olmadığını qeyd edib.

Saleh Məmmədov Professor Saleh Məmmədov

“Qəbələ dəmir yolu haqqında qeyd olunan iradlar olduqca məntiqsiz və əsassızdı, həm də zərərlidi. Dəmir yolu ekoloji cəhətdən ən təmiz, maliyyə cəhətdən ən sərfəli və ucuz, son nəticə etibarı ilə ən faydalı nəqliyyat növüdür. Müqayisəli qiymətləndirməyə keçsək bu layihə son illərdə Azərbaycan hökümətinin büdcədən maliyyələşən ən vacib və uğurlu investisiya lahiyəsi kimi dəyərləndirilə bilərdi. Çünki,

1. Qəbələ turuzm bölgəsidi, dəmir yolu isə ekoloji cəhətdən ən təmiz nəqliyyat növüdü. Turizm bölgələrində ümumiyyətlə təbiəti çirkləndirən vasitələri imkan daxilində məhdudlaşdırmaq lazımdı. Bu zonalarda dəmir yolundan və elektromobillərdən daha yaxşı vasitə yoxdu. Yalnız yanacaqla işləyən maşınlar vasitəsilə təbiətə, ekologiyaya vurulan zərərin qarşısının alınması bu layihəyə tam bəraət qazandırardı.

2. Ümumiyyətlə, Qəbələ böyük rayondu, xeyli istehsalı var, istehlak məkanı isə başqa bölgələrdi, dağ bölgəsində yerləşir, iri maşınlarla yüklərin daşınması çox ağırdı və baha başa gəlir. Yükdaşımada (həm də Qəbələyə daşınan məhsullar üzrə) məhsulların pozulmasının qarşısının alınması amili belə dəmir yolunun çəkilməsini zəruri edir. Həm də inkişaf etməkdə olan rayondu, istehsal, istehlak, yükdaşıma sürətlə artır..., qonşu rayonlar var, bunlar da eyni çətinlik şəraitində yaşayırlar.

3. Azərbaycan dəmir yol şəbəkəsinə görə xeyli geri qalır, bir çox rayonlar var ki, hələ də dəmir yolu çəkilməyib, bu ekoloji təmiz nəqliyyat vasitəsindən çox az istifadə olunur, müstəqillik illərində bu çox vacib sahə (daha çox Bakı, tramvay yolları daxil) dağıdılmışdı. Dünya təbiəti çirkləndirən vasitələrdən qaçır, biz isə təmiz nəqliyyat vasitələrini dağıdırıq. Mənə elə gəlir ki, dəmir yolu nəqliyyatı ölkənin bütün regionlarına çəkilməlidi, Bakının, Sumqayıtın, Gəncənin tramvay parkı, xüsusilə şəhərin mərkəzində nəqliyyat əsasən tramvay və elektromobillər üzərində qurulmalıdı. Elə sahələr var ki, onun birbaşa səmərəsi görünmür, amma dolayı yolla təsirlərini balansa vuranda çox böyük fayda üstünlüyü ortaya çıxır. Müasir dəmir yolu belə sahələrdəndi, o gələcəyin nəqliyyatıdır”,- deyə alim bildirib.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »