Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Turizm cənnətinə dəmir yolu lazımdır ya yox? – Ekspert rəyləri

Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə 45 milyon manat ayrılıb.

Bizimyol.info xəbər verir kii, Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisinə 2018-ci il dövlət büdcəsindən 30 milyon manat ayrılmışdı.

Ölkənin əsas turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43 km olan yeni dəmir yolu xətti tikilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görülən işlərlə bağlı bildirib ki, "Turist axınının artmasını nəzərə alaraq biz çalışacağıq ki, gələn il Bakıdan turistləri Qəbələyə qatarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir.Gələn ilin yayına dəmir yolu ilə Qəbələyə getmək mümkün olacaq və Bakıdan Qəbələyə kimi 280 km uzunluğu olan yolu sərnişinlər 2,5 - 3 saata rahat vaqonlarla qət edəcəklər".

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bu yolun çəkilməsinə ehtiyac yox idi.

“Keçən il Ləkidən Qəbələyə cəmi 42 km dəmir yolu çəkilməsi üçün 30 mln. manat pul ayrılmışdı. Arqument kimi də deyirdilər ki, bu turizmin inkişafına səbəb olacaq. Bu addımın lazımsız və mənasız olduğu haqqında o zaman fikir bildirdik, əsaslandırdıq, hətta qeyd etmişdim ki, bu pul hələ başlanğıcdır, yenə büdcədən vəsait ayrılacaq, bu layihə turizmə heç bir dəstək olmayacaq, ancaq bəzi məmurların özünə təzə bahali maşın, villa almasına səbəb olacaq. O zaman ADY-nın rəhbərliyi TV lərə çıxıb heç bir arqument gətirmədən məni tənqid etdi, hətta yalançı adlandırdı. Gətirdiyi arqument də bu idi ki, Qəbələyə xizək sürməyə gələn xarici turistlər öz avadanlığını qatarla aparacaq, buna görə bu yol çox vacibdi. Siz heç öz avadanlığı ilə sürüşməyə gələn turist görmüsünüzmü? Xub, lap gəldi, Bakıdan Qəbələyə maşınla 2 saata gedə biləcəyi halda hansı axmaq turist hava limanından əvvəl 1 saata dəmir yol stansiyasına, sonra da qatarla 5 saat Qəbələyə gedəcək?! Turist lox zaddı?! Hətta öz avadanlığı ilə gəlsə belə otellər buna icazə verməz ki, öz avadanlığını icarəyə verə bilsinlər.

Görünür məmurlara daha bahalı maşınlar, daha böyük villalar lazımdı.

Turizmin inkişafı üçün qatar yox ağıl, plan, elmi yanaşma, rəqabətli mühit və məmurların biznesdən qovulması lazımdır”,- deyə o bildirib.

Yeni dəmir yolu xətti Ləki stansiyasının sağ tərəfindən, Ağdaş rayon mərkəzinin yanından keçməklə, Qəbələnin hava limanına qədər davam edəcək.

43 kilometrlik dəmir yolu xətti boyunca 75 suötürücü, 14 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında isə vağzal tikiləcək.

Artıq 1 ədəd yoldəyişən qurğu qoyulub, 4 km dəmir yolu xətti çəkilib, Nehrəxəlil-Şəmsabad avtomobil yolunun üzərindən 1 tunelin tikintisi başa çatıb. Eləcə də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərində 1 körpünün inşası davam edir.

Xatırladaq ki, Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerləri var. Dəmir yolu xəttinin də təxminən 20 kilometri Qəbələ rayonunun dağlıq ərazisinə düşür.

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir. Yol çəkilişində 200 nəfər çalışır.

Turizm üzrə ekspert Ruslan Quliyev hesab edir ki, nəqliyyatın bu növü günümüzün böyük tələbidir: "Qatar turizminin inkişaf etdirilməsinə böyük ehtiyac var. Büdcəli bir turizm növüdür və bu gün Azərbaycan üçün çox aktual turizm növlərindən biri hesab etmək olar. Bu nəqliyyat vasitəsi həm də məktəblilər və gənclər üçün geniş imkanlar yaradır. Dəmir yolu nəqliyyat vasitəsi turistlər üçün çox cəlbedicidir, çünki digərlərinə nisbətən daha təhlükəsiz hesab olunur. Qatarla səyahət edən turistlər ətrafdakı mənzərəni daha rahat seyr edə bilir. Həmçinin getdikləri yerə daha rahat çatma baxımından, nəqliyyatın bu növü daha sərfəlidir. Turist axınını qoruyub saxlamaq üçün Qəbələ və Qusarda digər amillərə də diqqət yetirilməlidir. Turistlərin vaxtlarının daha səmərəli təşkili üçün əlavə xidmətlərin reallaşmasına böyük bir ehtiyac var. Ekskursiya agentliklərinin marşrut üzrə sayı artırılmalıdır. Gənclərə və yeniyetmələr üçün kütləvi tədbirlər təşkil edilməlidir. Maraqlı idman infrastrukturunun yaradılması, ekoloji marşrutların daha da çeşidlənməsi bu bölgələrdə turistlərin daha çox qalması üçün çox əhəmiyyətlidir".

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »