Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağıllı, kəskin... Elçin

45 yaşlı jurnalistin 55 yaşına yazmaq istədiklərim

“...Polislər qapını sındırırlar, sındırdılar, artıq onlar içəri daxil oldu, artıq yanımdadırlar, məni döyürlər..." Elçin Səlcuqun bu cümlələri, yəqin ki, BİZİM ZAMANımızda yaşamış və yaratmış, bir hissəsi (içi mən qarışıq) o zamankı kimi yaratmasa da, hələ də yaşayan jurnalist dostlarımızın yadındadır.

Elçin Səlcuq 1991-ci il avqustun 23-də Azərbaycan Xalq Cəbhəsinin keçmiş Sovet, yəni indiki Nərimanov küçəsində küçəsində ("Sovetski"də) yerləşən qərargahına polis əməliyyatından qərargahın içindəki otaqdan "Komsomolskaya Pravda" qəzetinə telefonla bu reportajı vermişdi.

Həmin günlərdə -19-21 avqustda Moskvada "QKÇP" deyilən antiQorbaçov hərbi-saray çevrilişi cəhdi məğlub olmuşdu, o vaxt İranda səfərdəykən bu çevrilişi dəstəkləmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun kreslosu laxlamışdı. Bundan yararlanmaq istəyən o zamankı DTK sədri Vaqif Hüseynov və başqa daxili - hakimiyyətiçi müxalif qüvvələr Mütəllibovun devrilməsini sürətləndirmək üçün Xalq Cəbhəsinin qərargahına polis basqını etmiş, sədr Əbülfəz Elçibəy, Sabir Rüstəmxanlı və başqa tanınmış şəxslər başqa olmaqla xeyli insana, o sırada, hadisənin mərkəzindən reportaj hazırlayan "Azadlı" qəzetinin reportyoru Elçin Səlcuqa xəsarət yetirmişdilər. Elçibəyi çox çətinliklə - evlərin arası ilə, məhəllələrdən keçirərək təhlükəsiz yerə çıxarmaq mümkün oldu - onu öldürmək istəmişdilır, cəhbəçilər öz bədənlərini sipər edərək liderini qorumasaydı, öldürəcəkdilər. Və bu, Mütəllibovun çox dəhşətli sonu olacaqdı.

Olayların başlanğıcında Elçin Səlcuqa nəyin bahasına olsursa-olsun, qərargahın içərisinə daxil olmağa dair redaksiya tapşırığı verilmişdi. O da bu tapşırığı əsl reportyor çevikliyi, bacarığı və məsuliyyəti ilə yerinə yetirdi. Elçin Səlcuq sanki anadan reportyor doğulmuşdu. Həm cəsur, həm işini bilən... Heyf ki, bu gün Elçin Səlcuq haqqında felin keçmiş zaman formasında danışırıq. Özü keçmiş deyil, zaman keçmişdir. Və o zaman bizi artıq 10 ildir ki Elçindən ayırıb - Elçini bizdən, yəni doğmalarından və dostlarından alıb haqq dünyasına aparıb. İki gündən sonra onun 55 yaşı olacaq. Və 45 yaşında bu dünyadan getdi. Elçin 2009-cu il dekabrın 17-də vəfat etdi, ondan düz 10 il qabaq isə - 1999-cu il dekabrın 17-də əfsanəvi "Azadlıq"ın elə bir o qədər də əfsanəvi redaktoru Nəcəf Nəcəfov 44 yaşında dünyasını dəyişmişdi. Təmkinli, ziyalı Nəcəf Nəcəfov dəli-dolu, ipə-sapa yatmayan Elçin Səlcuqu xarakterlərindəki bu diametral ziddiyyətə baxmayaraq hədsiz çox istəyirdi. Və Nəcəf bəy o dünyada Elçinsizliyə, sadəcə, 10 il "dözə bildi".

Kim nə deyir-desin, kim nə düşünür-düşünsün, Azərbaycanda ağıllı, kəskin və cəsur media "Azadlıq"la başladı, o zamankı "Azadlıq"la da bitdi. "Ağıllı" və "kəskin" ifadələrini elə-belə işlətmədim; o zaman bizim "Azadlıq"da tanınmış publisist Xaliq Bahadır: "Qəzet kəskin olmalıdır" deyə bir konsepsiya təklif etdi, ən azı bir o qədər mahir qələm ustası, publisist İsrail Musayev isə: "Qəzet ağıllı olmalıdır" dedi. Elçin Səlcuq Xaliq Bahadıra tərəf çıxdı. Mübahisə qızışdı. Hamı iclasda Nəcəf Nəcəfova baxdı ki, bu dartışmaya nə deyəcək? O isə özünə məxsus yumşaq, işıqlı təbəssümü ilə, məncə, medianın tarixinə yazılmalı və gələcəyinə yön verməli olan müdrik bir fikir söylədi: "Qəzet ağıllı olmalıdır, ağıllı olanda həm də kəskin olacaq".

Bu fikirlə Xaliq bəydən başqa hamı razılaşdı. Elçin Səlcuqun reaksiyası isə hər kəsi güldürdü: "Nəcəf bəy sözü elə deyir ki, adamın qanına işləyir, razılaşmaq istəməsən də, razılaşırsan". Mən Elçini həmişə belə duzlu-məzəli, özü-sözü diri, canlı-qanlı, dəlisov, həm də içi-çölü bir görürəm. Ölkəsini sevən, dərdlərinə yanan görürəm. Bir soyuq fevral səhəri redaksiyanın taxta döşəməsi üzərinə çöküb əlləri ilə başını tutmuş, ağlamaqdan qızarmış, şişmiş gözlərini bir nöqtəyə zilləyib Xocalıya hönkür-hönkür yas tutan görürəm. Mən görürəm ki, Elçinin bu toplumda, bu dünyada, yanımızda, aramızda bir hücrəsi, bir yeri var - boş qalıb. Tək təsəllimiz onun xatirəsi, yazıları, onun yolu ilə gedən oğlu Səlcuq Elçindir.

Bu gün Azərbaycanın tanınmış simaları Mətbuat Şurasına müraciət edib ki, Elçin Səlcuqun 55 yaşı və ölümünün 10 illiyi ilə bağlı anım gecəsi, mərasimi keçirsin. Mən buna iki əlli səs verirəm. Bunu, məncə, müzakirəsiz qəbul etmək lazımdır. Onun xatirəsinə, ailəsinə dövlət də öz diqqətini və dəstəyini göstərməlidir. Elçin Səlcuq bu ölkə üçün qələminin gücü, canı, ruhu ilə savaşmış fədakar oğullardandır. Elçin Səlcuq anılmağa, oxunmağa, sevilməyə layiq bir yazar, bir qələm ustasıdır. Allah o dünyasını Cənnət etsin. Biz Elçini çox sevirik və unutmuruq. Onunla bağlı xatirələrimi yazsam, bir kitab olar. Bu qədəri ilə yetərləndim.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »