Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifətin taktiki masası

Əli İnsanov üzərindən məğlubiyyət strategiyası, yoxsa düşərgədaxili mövqe döyüşləri?

Arif Hacılının çağırışı ilə bəzi siyasi və ictimai xadimlərin Musavat qərargahında dəyirmi masa keçriməsi elə ora toplaşanların tərəfdarları da daxil olmaqla cəmiyyətdə birmənalı qarşılanmadı. Orda kimlər vardı? AXCP sədri Əli Kərimli, keçmiş səhiyyə naziri, YAP-ın qurucularından, Heydər Əliyevin yaxın silahdaşlarından olmuş, korrupsiya ittihamları ilə həbsə düşdükdən sonra müxalifətə keçən Əli İnsanov, Pənah Hüseyn, İsa Qəmbər, ADR Hərəkatından Hikmət Hacızadə, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev.

Burada ReAl Partiyasinin sədri İlqar Məmmədov da olmalı idi. Ancaq xaricdə səfərdə olduğu üçün iştirak etmirdi. İlqar Məmmədov Bakıda olsaydı belə, ola bilsin ki, dəyirmi masaya qatılmayacaqdı. Onun müxalifət adına ortada olan qüvvələrdən və şəxslərdən məsafədə dayanmaq cəhdi göz qabağındadır. Bunun da əsas səbəbi İlqar Məmmədovun bütün müxalifət və psevdomüxalifət düşərgələrindən fərqli – yeni (üçüncü ) qüvvə kimi qəbul olunmaq qayğısıdır. Bu üzdən müxalifətin birliyinə ReAl partiyasının öz baxışı var; onun seçdiyi strategiyada “müxalifətin birliyi” anlayışı altında çoxtərəfli formatlar yoxdur. O cümlədən, kütləvi aksiyalara da ReAl fərqli yanaşır. İcazəsiz mitinqlərin əleyhinədir. İcazəli mitinqə gəlincə, bunu seçki kampaniyaları dövründə uyğun bilir, seçki prossi olmayan (“dinc”) zamanlarda mitinqlərin effektsiz olduğunu düşünür. 19 yanvar mitinqində İlqar Məmmədov iştirak və çıxş etmiş və burda situasiyanın liderinin o deyil, Əli Kərimli olduğunu görmüş, AXCP və Milli Şura yanında ReAl-ın siyasi dekorasiya olacağını anlamışdı. Üstəlik icazəsiz mitinqi inqilab strategiyasının bir parçası sayır və “inqilab”ın müzakirəsində belə iştirakdan yayınır. Çünki İlqar Məmmədovun və Re Al-ın özünün praqmatik (növbəti və ya özlərinin dediyi kimi, növbədənkənar parlament seçkilərinə hesablanmış) partiya maraqları var. Əli İnsanovla və başqaları ilə bu maraqları bölüşmək də istəmirlər.

Dəyirmi Masaya qayıdaq. Əslində bu tədbir kənardan bir az qeyri-ciddi, hətta effektsiz bir siyasi tamaşa təsiri bağışlayırdı. Əli İnsanovun Musavata gəlməsi, oradakı çıxışlar sönük, sistemsiz, ən başlıcası isə, köhnə tezislərin təkrar deklamasıyası idi. Bu siyasi tamaşa əslində sanki 74 yaşında bir siyasi debütantın, daha dəqiq desək, siyasi diletantın, daha da pisi, keçmiş nazirlə onun zamanında “faşist”, “genetik xəstə” adlandırdığı İsa Qəmbərlə çətin təsəvvür olunan və perspektivsiz tandeminin uğursuz prezentasiyası – Əli İnsanovun gecikmiş və anlamsız üzrxahlığını qəbullanma mərasimi kimi görünürdü (Müsavat deyil, İsa Qəmbər deyirik, çünki artıq əvvəlki Müsavat və onun siyasi proseslərə ciddi təsiri də yoxdur, əvəzində başqanlıq səlahiyyətini əlində saxlamış, məsuliyyətini Arif Hacılıya yükləmiş İsa Qəmbər var).

Əlbəttə, bu tədbirə dair başqa suallar da var. Məsələn, Pənah Hüseyn orda hansı gücü təmsil edirdi? Və sair. Ancaq əsas sual başqadır: Əli Kərimlinin orda nə işi vardı? Axı o, yaxşı bilirdi ki, bu dəyimi masa ərəfəsində İsa Qəmbər ictimai rəydə bir-birinin ardınca iki ciddi zərbə almışdı: birincisi, Arif Hacılını yenidən formal başqan seçdirməklə, ikincisi, 19 oktyabr mitinqində Əli Kərimlinin protest elektoratın gözündə az qala yeganə döyüşən müxalifət lideri statusuna yüksəlməsi ilə. Əli Kərimli həbs olunan kimi Arif Hacılının da tələsik Nəsimi rayon Polis İdarəsinin qarşısına gəlməsi, heç nə etmədikləri halda Arif Hacılının və Pənah Hüseynin saxlanması da bu itkiləri necəsə (az da olsa) kompensasiya etmək cəhdləri kimi göründü. Həm Arif Hacılının, həm də Pənah Hüseynin əslində İsa Qəmbər olduğu nəzərə alınsa, o ərəfədə İsa Qəmbərlə Əli Kərimli ən azı iki-üç dəfə bərk toqquşmuşdular: birinci toqquşma Tofiq Yaqublunun Müsavat başqanlığına namizədliyi üzərindən oldu. Çünki İsa Qəmbər bilirdi ki, Tofiq Yaqublu Arif Hacılı deyil; onun ictimai rəydə nüfuzu daha böyükdür. Əgər Müsavat başqanını partiya qurultayı deyil, cəmiyyət seçsəydi, təbii ki, Tofiq Yaqubluya səs verərdilər. Partiya qurultayı nümayəndələrinin də birdən nəzarətdən çıxıb İsa Qəmbərin namizədinə deyil, Tofiq Yaqubluya səs verməsi ehtimalı (bu ehtimal az da olsa belə) onu narahat etmişdi; o halda Müsavat İsa Qəmbərin deyil, Əli Kərimlinin təsiri altına düşəcəkdi. İsa Qəmbər bu ehtimaldan o qədər çox qorxmuşdu ki, hətta Arif Hacılını başqan etdikdən sonra da belə, Tofiq Yaqublu “təhlükə”sini tamamilə aradan qaldırmaq üçün onun Məclis üzvlüyünə belə imkan vermədi. İkinci toqquşma isə Fəzail Ağamalının çağırışı ilə Pənah Hüseynin “iqtidar-müxalifət dialoqu”adlandırılan dəyirmi masaya getməsi ilə bağlı oldu. Ora Isa Qəmbəri də çağırmışdılar, amma Əli Kərimlini yox. Arif Hacılı de-yure başqan olduğu üçün ora getsə, bu, İsa Qəmbərin iştirakı demək olacaqdı. Pənah Hhüseyn isə formal olaraq başqa partiyanın sədridir. Əli Kərimlinin getmədiyi (çağırılmadığı) yerə İsa Qəmbər gedə bilmədi, ancaq ordan qalmaq da istəmədi – Pənah Hüseynin iştirakı bu üzdən işə yaradı. Bu, tam aşkar mübahisə predmetinə çevrilməsə də, cəbhəçilərə xoş gəlmədiyi ən azı sosial şəbəkələrdən aydın sezilirdi. Bütün bunlardan sonra 19 oktyabr mitinqi, aksiyaçılara və xüsusilə, Əli Kərimliyə qarşı fiziki zor tətbiqi İsa Qəmbərin siyasi lider olaraq ictimai rəydə daha da arxa plana sıxışdırılması demək idi. Əli Kərimlinin müxalif düşüncəli kəsimin nəzərində əldə etdiyi siyasi dividendləri əlindən almaq, bu da mümkün deyilsə, kölgələmək, başqa qüvvələr arasında paylaşdırmaq ehtiyacı duydular. Arif Hacılının çağırışı bu üzdən baş verdi.

Muxalifet

Bəli, bu fikirlərə etiraz edənlər deyəcək ki, müxalifətin birliyi üçün atılmış addımdır. Ancaq indiki siyasi situasiyaya baxsaq, müxalifətin birliyi üçün zəminin tamamilə başqa müstəvidə - kütləvi aksiyalar meydanında olduğunu görərik. Narazı kəsimin rəyində belədir: kim meydandadırsa, müxalifətdir, müxalifətdirsə, meydandadır. Birlik oradan keçir – bunu hələ 19 yanvar mitinqi göstərmişdi. Və ən azı 19 yanvardan müxalif siyasi situasiyanın öncülü Əli Kərimlidir. Bu üzdən hakimiyyət də ən çox ona hücum edir. Ona görə də 19 oktyabr mitinqindən sonra Müsavat da 10 noyabra aksiya təyin etdi. Cavabını isə Əli Kərimlinin 2 noyabr mitinq çağırışı ilə aldı. 2 noyabr mitinqi təxirə düşən kimi dəyirmi masa təşkil olundu; mitinqin ləğvi ilə Əli Kərimlinin reputasiyasına dəyən zərbənin üzərindən daha birini də vurmaq – onun topladığı siyasi xalları masaya yatırıb bölüşmək planı reallaşdırıldı. Sual yaranır ki, bu halda AXCP sədri bəs ora niyə qatıldı? Səbəbi sadədir: dəyirmi masa təşkilatçıları əslində bu tədbiri onun üçün təşkil etmişdilər – gələcəksə, meydanda topladığı xalları bölüşməyə məcbur olacaq, gəlməyəcəksə, müxalifıtin birliyini pozan (bütün narazı elektoratın lideri olmağa haqqını itirən) tərəf kimi ictimai rəydə zərbə alacaqdı.

Əli İnsanovun üzərinə qayıdaq. Belə görünür ki, tədbir hər nə qədər müxalifətin birləşməsinə və ya birləşmə görüntüsünü yaratmağa hesablansa da, əsas məqsədlərdən biri Əli İnsanovla Müsavatın yaxınlaşmasına şərait yaratmaq və onun resurslarndan istifadə imkanları qazanmaq ola bilər. Burda gələcəyə hesblanmış bir stratejinin olması da ehtimaldır. Məlumdur ki, hazırda müxalifətin seçkilərdə uğurlu iştirakı üçün bərabər imkanlar, əlverişli şərtlər yoxdur. Əlverişli seçki mühiti yaradılmayıb. Sosial və iqtisadi sferalarda dəyişikliklər (ən azı kadr yerdəyişmələri) olsa da, siyasi islahatların qoxusu belə gəlmir. İlham Əliyev hakimiyyətinin növbəti mərhələdə uzadılması və ya situasiyadan asılı olaraq, siyasi varislik prinsipi ilə (“yumşaq keçid” deyə) ötürülməsi perspektivləri müxalifəti də yenidən toparlanmağa və yenidən qruplaşaraq özünə əlverişli bildiyi konfiqurasiya yaratmağa sövq edəcək. 2013-cü ildə də bərabər şərtlər yox idi, 2018-ci ildə də. Indi də yoxdur. Biz əvvəlki seçkilərə baxsaq görərik ki, müxalifət düşərgəsi əlverişli seçki mühiti yaratmağa nail ola bilmədikdə (bu isə son 26 ildə əksər seçkilərdə və referendumlarda belə olub), ya seçkiləri boykot edir, ya da iştirakı qaçılmazdırsa, uduzmaq üçün... namizədə ehtiyac duyur (bəli, udmaq üçün deyil, uduzmaq ümün də namizəd lazım olur). Məsələn, Türkiyədə CHP sədri Kemal Kılıcdaroğlu Ərdoğana uduzacağını bildiyi üçün Müharrem İncənin namizədliyini irəli sürdü, İncə bu halda təkcə seçkini deyil, partiya daxilində lider perspektivini də uduzdu. Kılıcdaroğlu yenə böyük siyasətdə öz yerini qorudu. Bu, siyasətdə istifadə olunan fəndlərdir. Əli İnsanov da həmin situasiya üçün lazım ola bilər. 2013-cü ildə müxalifət Milli Şura yaradaraq Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürdü. İbrahimbəyov seçkidən çəkildikdən sonra Cəmil Həsənlinin üzərində dayandılar. Əslində Cəmil Həsənli ilə gözləmədikləri nəticə əldə etdilər. Ancaq burada seçkidən sonrakı mərhələnin uduzulmasından söhbət gedir; hər seçkiyə - parlament və ya prezident seçkisi olmasından asılı olmayaraq, müxalifət seçkilərin özündən çox (çünki bunün üçün şərtlər uyğun deyil), postseçki hərəkatı ilə hakimiyyəti dəyişmək imkanı kimi baxır. Ancaq bu imkan reallaşmadıqda, növbəti mərhələyə siyasi baxımdan salamat çıxmaq qayğısı da var. Əli İnsanov bu mənada müxalifətin bəzi qüvvələri üçün “postseçki inqilabı”nın mümkünsüzlüyü halında “təhlükəsizlik yastığı” ola bilər. 1998-ci ildə məhz bu qüvvələr seçkiyə qatılmamaqla o zamankı AMİP lideri Etibar Məmmədovun önünü açdılar (heç deyilsə, hakimiyyətin sosial bazasını parçalamaq düşüncəsi vardı həm də). Etibar Məmmədov gedib boş meydanda oynadı, narazı kəsimin səslərinin bir hissəsini alsa da, Prezident postunu əldə etmək üçün bu, bəs etməmişdi. Həmin postseçki mərhələsini müxalifət əslində Etibar Məmmədovun adı ilə “uduzdu” və Etibar Məmmədov özü elə bir zərbə aldı ki, hələ d siyasətə qayıda bilmir.

...Siyasət artıq çoxdan dəqiq elmdir; sadəcə, burda qeyri-səlis məntiq işləyir. Bir rəqəminin üstünə biri gələndə 2 edir. Ancaq siyasətdə ola bilir ki, 1+1 iki yox, sıfıra bərabər olur. Əli İnsanovun müxalifət masası ətrafında oturtmaqla gücünə güc qatdığı düşünənlər var. Ancaq bir də bunun əksini düşünsələr... Heydər Əliyev və İlham Əliyev hakimiyyətlərindən qopan başqa irili-xırdalı məmurlar, oliqarxlar zamanında müxalifətə transfer etmişlər. Onlar əslində bununla müxalifətin gücünə güc qatmayıblar, müxalifətin gücündən güc xərcləyiblər. Çünki insanların hakimiyyətin təmsilçisinə olan qəzəbi onu hakimiyyətdən getdikdən sonra da təqib edir. Bunun kifayət qədər çoxlu nümunələri var. Ona görə də bu gün Əli İnsanovun müxalifətə ekstra güc qazandıracağını düşünənlər qarşıdakı dönəmdə bunun neqativ nəticələrinə qatlaşmaq zorunda da qalacaqlar. 19 oktyabr da göstərdi ki, müxalifətin gücü cəmiyyətin içində - hakimiyyətdən narazı kəsimin enerjsində, mübarizə əzmində gizlənir, hansısa vurulmuş klan təmsilçilərinin maddi və traybalist resurslarında deyil. Bu üzdən son dəyirmi masa müxaifəti bəlkə birləşdirməyə doğru addım ola bilər, əvəzində cəmiyyətin müxalifətdən nicat gözləyən kəsimini, ən azı onun bir hissəsini (həm də böyük bir hissəsini) prosesdən küsdürə bilər. Belə ovqat da artıq sosial şəbəkələrdə, aqoralarda, mediada hiss olunmaqdadır və prinsipial müxalifıt üçün ciddi siqnalıdr.

Bahəddin Həzi

Son xəbərlər
Bütün xəbərlər »