Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Ölkəmizdə işsizlərin hüquqları qorunmur”
Direktor  -  Memur

Ölkədə yeni bir təşkilat yaradılıb- İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatı.Təşkilatın təsisçisi Aydın Məmmədov Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, ölkədə işsizlərin hüquqlarını qoruyan heç bir qurum olmadığına görə belə bir təşkilat yaratmaq qərarına gəliblər.

“Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VII bəndinə əsasən "İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır". Lakin işsizlərə nəinki heç bir müavinət verilmir, hətta bircə dənə belə güzəşt də tətbiq olunmur. Hər bir işçinin maaşından işsizlik sığortası adı ilə vergi tutulsa da, işçi işsiz qaldıqda dövlət ona dirsək göstərir. Çünki mövcud qanunvericiliyə görə öz xahişi ilə işdən çıxanlar, müdirin istəyi ilə işdən azad edilənlər, əmək müqaviləsi müddəti bitdiyinə görə işdən azad olunanlar işsizlik sığortası ala bilməzlər. Başqa sözlə işini itirənlərin 99 %-i işsizlik sığortası ala bilməz! Heç yerdə işləməmiş şəxslər isə ümumiyyətlə dövlətdən müavinət ala bilməz. Bu Azərbaycan xalqının ələ salınmasıdır və Azərbaycan Respublikası Konstitusiyasının kobud şəkildə pozulmasıdır! İşsizlər 7 milyonluq Azərbaycan əhalisinin (MSK-nın seçici siyahılarına əsasən) əhəmiyyətli bir hissəsini təşkil edir, ümumi say 1 milyondan çoxdur. Bu qədər böyük sayı olan əhali qrupunun 125 nəfər deputat tərəfindən ələ salınması, hüquqlarının pozulması ona görə baş verir ki, indiyədək işsizlər arasında birlik olmayıb. Hesab edirik ki bütün işsizlər birləşməli, təşkilatlanmalı və öz hüquqlarının pozulmasına birlikdə etiraz etməlidir”.

Aydın Məmmədovun sözlərində böyük həqiqət var.

İndi belə bir vəziyyət yaranıb. Dövlət qaçqın və köçükünərin sosial problemləri ilə yetərli qədər maraqlanır. Qarabağ əlilləri və şəhid ailələri də hər zaman diqqət mərkəzində olub və olacaq. Amma ölkə yalnız qaçqın və köçükündən ibarət deyil. Onların hüquqlarını müdafiə edəcək yetərli qədər qanun var. Bəs bu statusu olmayıb sosial ehtiyacı həddən artıq çox olan insanlar da var axı. Onlar şikayətlərini yerli icra strukturlarına yönəldirlər, cavab almayanda da prezidentə yazırlar, o məktub da dönüb dolanıb gəlir yenidən icra hakimiyyətinin üstünə. Köməksiz qaldıqlarına görə onlar üz tuturlar ya mediaya, ya da deputatlara. Şikayət səslənmyinə səslənir. Lakin hüquqi həll yolunu tapmır.

Bu gün əmək qanunvericiliyi üzrə konsultant, İnsan resursları üzrə təlimçi Müşfiq Əmircanov

Bizimyol.info-ya bildirib ki, İşdən azad edilən işçilərə çox zaman kompensasiya tələb etməsin deyə məcburi qaydada ərizə yazdırırlar. Bu ərizə onun sonrakı tələblərinin qarşısını alır. İşçi də əmək kitabçasına və ya karyerasına problem yaratmasın deyə könüllü ərizə yazmağa razılıq verir.

Təbii ki, bu hal birmənalı şəkildə yolverilməzdir. Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçiyə müxtəlif üsullarla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Lakin sirr deyil ki, təcrübədə bu hallara yol verilməkdədir. Bunun qarşısının alınmasının birinci yolu işçinin öz hüquqlarını bilməsi və tələb etməsidir.

Bu halda işçi hüquqlarını necə bərpa edə bilər?

İşçilərin işəgötürən qarşısında kollektiv və ya fərdi tələbləri ola bilər. Sırf öz hüquqlarının pozulması ilə bağlı işçi məhkəmələrə müraciət edə bilər. Amma bu sahədə ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərə yardımçı olur. Onlar nazirliyin qaynar xəttinə müraciət etməklə və ya birbaşa ərizə ilə həmin dövlət orqanına müraciət edə bilər. Təbii ki, təcrübədə çox da istifadə edilməsə belə işçilərin qanunvericilikdə tətil etmə hüququ da vardır.

Bir çox müəssis sahibləri hesab edirlər ki, onlar işəgötürən və ya sahibkardırlarsa, işçiylə istədikləri kimi rəftar edə bilərlər. Kobudluğa yol verənlər, işçinin mənəviyyatına toxunanlar az olmur. Bu halda qanun nə deyir?

İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. İşçiyə qarşı təhqir və ya digər qeyri-əxlaqi hərəkətlər olarsa işçi bunun nəticəsində dəyən mənəvi ziyanı məhkəmə qaydasında müvafiq ərizə ilə müraciət etməklə işəgötürəndən tələb edə bilər.

Müvafiq qanunvericiliyə əsasən, işçilər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Lakin bu qurumun yaradılmasını ilk növbədə işçilər özləri istəməlidirlər. Bununla yanaşı əksər şirkətlərdə İnsan resursları bölməsi də fəaliyyət göstərir və onlar da işçilərinin hüquqlarının təmin olunması, onların rəy və fikirlərinin rəhbərliyə çatdırılmasında mühüm rol oynayırlar.

Bu qaydalar işi olanlar və işdən çıxarılanlar üçündür. Bəs işsizlər ordusu barədə statistika nə deyir?

“1 sentyabr 2019-cu il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən işsiz şəxs kimi qeydiyyata alınanların sayı 70,9 min nəfər olub”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, 2018-ci ilin analoji dövründə bu göstərici 35,4 min nəfər təşkil edib:

“Məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 70,9 min nəfər işsiz şəxs Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan rəsmi 253 min nəfər işsizin tərkib hissəsidi .Yeni “Məşğulluq haqqında” qanuna əsasən, Məşğulluq Alt Sistemində işaxtaran kimi qeydiyyata alınmış şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzləri tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur”.

Hər bir halda yeni təşkilatın yaranması əgər öz sözünü deyib, cəmiyyətdəki işsizlərin dərdinə dəva ola biləcəksə yaxşı addımdır. Ümid edirik ki, İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatının adı kağız üzərində qalmayacaq, aktiv fəaliyyət göstərəcək. Çünki ona həqiqətən ehtiyac var.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Turist daşıyan təyyarə yandı - Video
››› Beş gün dərs olmayacaq
››› Bakıda amansız qətl: Kişinin ayaqlarını sındırdılar...
››› Həkim terrorunun daha bir qurbanı
››› Xose Bernardo onu və qardaşını bıçaqlayanın kim olduğunu açıqladı - Video
Son xəbərlər
Bütün xəbərlər »