Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belə fikir formalaşıb ki, deputatsansa bütün problemlərimizi həll etməlisən

Bizimyol.info-nun müsahibi deputat Nəsib Məhəməliyevdir.

- Cənab deputat, deputatların özəl biznesinin olmasına icazə verilirmi?

- Bu məsələ cəmiyyətdə çox hallandırıldığı üçün aydınlıq gətirmək lazımdır. Məmur və deputatların özəl biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır. Lakin, məmur təyin edilənə və ya deputat seçilənə qədər özəl biznesi olubsa, o vəzifəsinə başlayanda qanuna uyğun olaraq notarial qaydada işin icrasını başqa şəxsə həvalə etməlidir. Deputatın bankdan hüquqi şəxs olaraq kredit alması, maliyyə sənədi imzalaması, kommersiya fəaliyyəti ilə məşğul olması qadağandır.

- Deputatlar özəl şikayətlərin çoxluğundan şikayətlənirlər.Və çox vaxt buna görə seçicilərlə görüşlərdən qaçırlar. Bunu mənə açıqlamasında bir həmkarınız söyləyib. Sizcə düzgün yanaşmadırmı?

- Şəxsən mən heç kimdən qaçmıram. Mənimlə görüşmək istəyən seçicilərimlə görüşürəm. Lakin bu da faktdır ki, müxtəlif yardımlarla bağlı çoxlu sayda müraciətlər olur. Onların hamısına maddi yardım etməli olsan, gərək fövqəladə imkanlara sahib olasan. Bu təbii ki, mümkün deyil. İnsanlarda belə bir fikir formalaşıb ki, deputatsansa sən bizim bütün problemlərimizi həll etməlisən. Bizdən İcra hakimiyyətinin görməli olduğu işləri istəyirlər, yol, məktəb, bağça tikintisi, su, telefon çəkilməsi, qaz, işıq və s. Bu İcra hakimiyyətinin işidir, biz bu problemləri İcra orqanlarına çatdırırıq. Deputat xalqla hakimiyyət arasında körpü rolunu oynayır. ”Mütləq bunu eləməlisən” deməklə deputatı pis vəziyyətdə qoymaq doğru deyil. İnsanlar bir az maariflənməlidirlər. İcra, məhkəmə yerli hakimiyyət orqanlarının nə işlər görməli olması barədə elementar bilgiyə sahib olmalıdırlar.

- Bir deputata hansı xahişlə müraciət edilməlidir? Necə bir xahişlə sizə üz tutsalar bu sizin üçün qəribə səslənməz, məqbul sayılar?

- Bax bu gün 2 yetim uşağın anası müraciət etdi. İki uşaqdır, universitetdə təhsil alırlar, mən onların təhsil haqqını ödəməyi üzərimə götürdüm. Bu mənə qəribə gəlmədi, bunu şəxsən özüm edirəm. Mən belə məsələlərlə heç kimə müraciət etmirəm.

- Axı bu da şəxsi xahiş oldu.

- Düşünürəm ki, hər bir insan çətin vəziyyətdə olan insanlara kömək göstərməlidir. Bu əxlaq məsələsidir. İnsanın həyata baxış məsələsidir. Mən elə bir ailədə böyümüşəm ki, aildəki qazancın 50-60 faizi xeyriyyə məqsədi ilə istifadə olunub. Yetimə, əlilə, imkansıza, kimsəsizə əl tutulmalıdır. Bu səhər facebook səhifəmi açanda gördüm ki, Balakən rayonundan 9 yaşında bir qız uşağı Qan köçürmə institutunda leykomiyadan yatır, təcili 1+ qan qrupuna aid olan 4 donora ehtiyac var. Köməkçimi göndərmişəm, o da özəl xəstəxanalardan alıb onlara çatdıracaq. O insanları tanımıram, mənə müraciət də etməyiblər. Heç kimin yardım etmədiyi çətin anda insanlıq naminə kömək etmək Allaha da, bəndəyə də xoş olar.

- Nəsib müəllim, indi belə bir vəziyyət yaranıb. Dövlət qaçqın və köçükünərin sosial problemləri ilə yetərli qədər maraqlanır. Qarabağ əlilləri və şəhid ailələri də hər zaman diqqət mərkəzində olub və olacaq. Amma ölkə yalnız qaçqın və köçükündən ibarət deyil. Onların hüquqlarını müdafiə edəcək yetərli qədər qanun var. Bəs bu statusu olmayıb sosial ehtiyacı həddən artıq çox olan insanlar da var axı. Onlar şikayətlərini yerli icra strukturlarına yönəldirlər, cavab almayanda da prezidentə yazırlar, o məktub da dönüb dolanıb gəlir yenidən icra hakimiyyətinin üstünə. Köməksiz qaldıqlarına görə onların səsi olasız deyə depuatatlara şəxsi şikayətlərlə müraciət edirlər.

- Razıyam, müəyyən bürokratik əngəllər mövcuddur. Bu da əsasən subyektiv amillərlə bağlıdır. Anton Pavloviç Çexovun sözlərini xatırladım: “Əgər insan ağrı hiss edirsə, demək o yaşayır, əgər insan başqasının ağrısını hiss edirsə, demək o insandır”. Dövlət bu istiqamətdə çoxsaylı addımlar atmışdır. Cənab Prezidentin rəhbərliyi ilə sosial yönümlü siyasət aparılır. Təkcə bu il qəbul olunmuş iki sosial paketin icrası 4 milyondan çox insanın rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Son dövrlərdə kadr təyinatları zamanı cənab İlham Əliyev əsas diqqətin insan faktoruna cəlb olunmasını tapşırdı. Təbii ki, zamanın tələblərinə cavab verməyən məmurlar barədə qanuni tədbirlər görüləcəkdir.

- Fəaliyyətinizdən narazı qalan seçiciləriniz olubmu?

- Keçən il Balakən rayonunun Qullar kəndində seçicilərimlə görüşürdüm. Xahiş etdilər ki, kənddən keçən Himbol çayının üzərindən körpü tikdirək. Yerində baxış keçirəndən sonra bildirdim ki, körpü tikiləcək. Müəyyən tapşırıqlar verildi. Tikinti üçün lazım olan bloklar, avadanlıqlar gətirildi. Lakin həmin kənddə yaşayan bir qadın iclasda qayıtdı ki, Nəsib müəllim, siz Balakəndə icra başçısı olan vaxtı mənə bir ev tikdirmisiniz. İndi xahiş edirəm o evi təmir etdirin. Onun əri gözdən əlil idi. Bir uşaqları var idi. Mən də onlara ev tikdirmişdim. Körpünün tikintisi ilə əlaqədar təbii ki, imtina etdim. Körpü daha vacib idi. Mən Bakıya qayıtdıqdan sonra icraçılar kəndə gedib körpünün tikintisinə başlayanda, bütün ömrü boyu bir gün də olsa işləməyən o qadın o qədər həyasızlıq salmış, nalayiq ifadələr işlətmişdi ki, dilə gətriləsi deyil. “Milyonlarla pul yeyirər, pul silirlər”, şər, böhtan və s. Və körpünün tikintisi dayandırıldı. Maraqlısı burasındadır ki, sonralar həmin kəndin sakinləri fərdi qaydada körpünün tikilməsini xahiş edirlər, ancaq öz abırlarını qoruyaraq o neqativ adamı tənbeh etməkdən çəkinirlər. Təəssüflər olsun ki, körpü də tikilmədi. Hesab edirəm ki, məndən narazı çox az adam ola bilər. İnsanların psixologiyası çox fərqlidir. İndi insanlar nə qədər problem varsa hamısına görə deputatları günahlandırmamalıdırlar. Yaşadıqları uğursuzluqlara görə deputat günahkar görülməməlidir.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »