Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məcburi köçkünlər: “Ədalətli qərar verilməsə, Prezident Administrasiyasının qarşısında intihar edəcəyik...”

“Muğanbank”la “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC arasında üç ildir ki, məhkəmə çəkişməsi var. Bank iddia edir ki, bu quruma 2008-ci ildə verilən 300 min dollarlıq kredit qaytarılmayıb.

Ona görə də girov qoyulmuş üç evin (iki mənzil və bir bağ evi) hərraca çıxarılıb satılması və əldə olunan vəsaitin banka ödənilməsi barədə iddia qaldırıb.

Bizimyol.info xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi iddianı təmin edib - “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-dən bankın xeyrinə 178 min 690 dollar əsas borc, 74 min 963 dollar da faiz borcu (cəmi 253 min 653 dollar) tutulması, bu məqsədlə sözügedən evlərin hərraca çıxarılıb satılması, orada yaşayanların bir ay ərzində çıxmasına qərar verib.

“Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin direktoru Bəxtiyar Abbasov isə bildirir ki, yalandır, ona 300 min dollar pul verilməyib. Onun sözlərinə görə, bundan əvvəl bankdan müxtəlif müqavilələrlə (ayrı-ayrı adamların adına) ümumilikdə 240 min manat kredit götürüblər. O kreditləri də tədricən ödəyiblər. Sonradan bankdan onlara deyiblər ki, həmin kreditləri bir kredit müqaviləsilə əvəzləyirlər. B.Məmmədov deyir ki, o vaxt 240 min manat 300 min dollar eləyirdi, ona görə də 300 min dollarlıq müqavilə bağlayıblar: “Amma bizə 300 min dollar verilmədi. Heç biz də istəmədik. Çünki əvvəl götürdüyümüz kreditlərin ümumiləşməsi idi. Bizə elə demişdilər. İndi isə iddia edirlər ki, yox, 300 min dollar da əlavə kredit verilib. O vəsaitin bizim bank hesabımıza köçürüldüyünü iddia edirlər. Amma bunu təsdiqləyən mədaxil-məxaric orderi ortaya qoymurlar. Qoya da bilməzlər. Çünki yoxdur”.

Muğanbank "Muğanbank"

Bakı Apellyasiya Məhkəməsi məhz 300 min dolların “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin hesabına köçürülməsini təsdiqləyən məxaric orderi olmaması əsasıyla bankın iddiasını haqlı saymayıb. Nərimanov Rayon Məhkəməsinin qərarını ləğv edib, bankın iddiasının təmin ediıməməsi haqda yeni qətnamə çıxarıb.

Bank bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə onun xeyrinə qərar çıxarıb – Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən araşdırılması üçün həmin instansiyaya qaytarılıb. Hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanov bu məsələni yenidən araşdırır.

Oktyabrın 29-da keçirilən məhkəmədə Bəxtiyar Abbasov bir daha vurğulayıb ki, onlara 300 min dollar pul verilməyib. Hələ üstəlik, o vaxt kreditləri ona verəndə bankda ondan 75 minə qədər əlavə pul (“şapka”) alıblar.

Bəxtiyar Abbasov əlavə edib ki, bankın hərraca çıxarılıb satılmasını istədiyi evlərdə məcburi köçkünlər, Qarabağ müharibəsində əlil olmuş şəxslər yaşayırlar. Həmin şəxslər özləri də məhkəmədə iştirak ediblər.

“Mən bir qolumu Ağdamda qoyub gəlmişəm. O birini də siz kəsməyin...”, - 80 yaşlı məcburi köçkün qadın Raqib Qurbanovun sədrlik etdiyi hakimlər kollegiyasına üz tutub.

Bildiriblər ki, əgər ədalətli qərar çıxarılmasa, bankın saxta iddiası əsasında sifarişli qərar verib onları evlərindən çıxarsalar, özlərinə qəsd edəcəklər: “Əgər ədalətli qərar olmasa, Prezident Administrasiyasının qarşısında intihar edəcəyik...”

“Muğanbank”ın nümayəndəsi məhkəməyə “Zirə Kəndli Fermer Təsərrüfatı” MMC-nin rəhbərilə bağlanmış müqavilə təqdim edib. Bəxtiyar Abbasov bildirib ki, ona əvvəlki kreditlərin ümumiləşdirilib, bir müqavilədə əksini tapacağını deyib, qol çəkdiriblər: “Yenidən pul köçürməyiblər. Köçürüblərsə, mədaxil-məxaric orderini ortaya qoysunlar”.

Bəxtiyar Abbasov həmçinin vəkilinin səhhətində ciddi problem yarandığını və bu üzdən məhkəmədə iştirak edə bilmədiyini deyərək, prosesin təxirə salınmasını xahiş edib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, oktyabrın 30-da səhər saat 9.30-da qərarı elan edəcək.

Son xəbərlər
Bütün xəbərlər »