Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çingiz Abdullayev: "Xəbər yollayırdılar ki, ona deyin, qoyunlarını otarsın”
Çingiz Abdullayev
Dünyanın dörd yanında milyonlarla oxucusu olsa da, qadınların sevimli dostu sayılsa da, hesab edir ki, ən yaraşıqlı, və nəhəng fanat ordusu olan yeganə sənətkar Müslüm Maqomayev olub. Deyir ki, unudulmaz Maqomayev əlini qoyduğu tutacaqdan 5 qız birdən öpərmiş.

Bizimyol.info Xalq yazıçısı, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə Publika.az-da səmimi söhbətini təqdim edir.

Bu gün bir az çox pul qazananlar o dəqiqə...

- Çingiz bəy, Konfutsi də deyir ki, işinizi hobbiyə çevirmək üçün sevimli işlə məşğul olun.

- Rey Bredberi isə deyir ki, sevdiyin işlə məşğul olsan, bir gün də işləməyəcəksən.

- Nəzərə alsaq ki, əsl peşəniz hüquqdur, işinizi hobbiyə çevirməyə nail olmusunuz. Bəs “Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri olmaq da hobbidir?

- Futbolu sevirəm. Ona görə razılaşdım. Müşahidə Şurasının üzvü isə dünya şöhrətli pianoçu Fərhad Bədəlbəylidir. Hətta sizə maraqlı bir əhvalat danışım, Fərhad bəy 1968-ci ildə Lissabonda təşkil edilən musiqi yarışmasının qalibi olur. Soruşurlar ki, hansı arzunu yerinə yetirek. Deyir, məni Eysebio (dünya şöhrətli portuqaliyalı futbolçu – red.) ilə görüşdürün. Həmin vaxtlar bu, çox əlamətdar hadisə sayılırdı. Elə mən özüm də uşaqlıqdan futbolu çox sevmişəm. Məktəbdə də, hüquq fakültəsində oxuduğum illərdə də futbol klubunun prezidenti olmuşam. Düşünürəm ki, sırf buna görə mənə həvalə etdilər. İndi də vaxt tapan kimi “Neftçi”nin bütün oyunlarına gedib baxıram. H'əm də nəzərinizə çatdırım ki, biz Fərhad bəylə maliyyə işlərinə nəzarət edirik.

- Ümid edək ki, bu simvolik məhəbbət milli futbolumuzu dirçəldə biləcək. Mənə maraqlıdır, detektiv romanlar yazmaq üçün hüquq fakültəsini bitirmək mütləqdir?

- Yox, qətiyyən. Amma mənim ulu babam, babam, atam, əmim, qardaşım bu peşənin sahibi olublar. Övladlarım da hüquqşünasdırlar. İnsan sevdiyi işlə məşğul olmalıdır. Doğrudur, fantastik janrda yazılmış əsərləri oxuyuram, amma detektiv yazıram. Bir dəfə atam soruşdu ki, yazdığın əsərlərə görə sənə pul verməsəydilər, yenə yazıçı olardın? Dedim, əlbəttə. Çünki sevgisiz qazanılan pul da şirin olmur. Necə ki, bu gün bir az çox pul qazananlar şadlıq sarayı açırlar. Mənim şadlıq evim yoxdur. Bütün qazancım da kitablarımdandır.

“Təvazökarlıqdan uzaq olsa da istərdim ki...”

- Sənətlə biznesi sintez edib yeni bir məkan yaratmaq istəmirsiniz?

- Təvazökarlıqdan uzaq olsa da istərdim ki, qəhrəmanımın muzeyi olsun. Bütün dünyadan yüzlərlə hədiyyələr yollayırlar. “Qurani Kərim”, “İncil”, ikonlar gəlir ünvanıma. Muzeyim olsa, bütün hədiyyələri də oraya toplayardım.

- Bu müqəddəs hədiyyələrin qoruyucu gücünə inanırsınız?

- İnanırsınızsa var, inanmırsınızsa yoxdur.

- Məsələn, Çingiz Abdullayev cəhənnəmə getmək istəyir. Çünki dediyinə görə, bütün maraqlı şəxsiyyətlər cəhənnəmdədir. Hər kəs də bu fikrinizi sevə-sevə paylaşdı.

- Belə bir müdrik kəlam var. Heç vaxt Allahdan ədalət istəmə. Çünki ədalətli olsa, ilk səndən başlayacaq. Bu gün hamımızın, nöqsanı da, səhvi də, cinayəti də var. Cənnət müqəddəslərin məkanıdır. Onlar da qalmayıb.

“Allah şeytanı qəsdən yaradıb ki...”

- Siz də yazdığınız əsərlərin tanrısı hesab olunursunuz. Qəhrəmanlarınızın həyat yolunu çizirsiniz, yeri gələndə cəzalandırırsınız. Özününüzü ədalətli tanrı hesab edirsiniz?

- Borxes deyir ki, insan heç olmasa bir faiz Allaha inanırsa, bilməlidir ki, bu dünyada hər şeyi, şeytanı belə o yaradıb. Diqqət edin, gün ərzində məsum da olsa, ən azı 4-5 dəfə yalan danışırıq. Amma Borxes də dediyi kimi, Allah şeytanı qəsdən yaradıb ki, seçimimiz olsun. Sağlam mütaliə, gözəl əsərlər Allah yolunu seçməyə kömək edir. “Allah tərəfində” adlı romanım var. Mən bütün varlığımla inanıram ki, gözəllik təbliğ edən əsərlər insanlara yaşamağa və çətinliklərə dözməyə kömək edir. Sözün sehirli gücünə də inanıram. Hətta müqəddəs kitablar da hamısı sözlə başlayır.

- O zaman yazıçılara dövrümüzün peyğəmbəri deməliyik?

- Təbii ki, peyğəmbərlərin varlığına inanıram. Amma fikir verin. Gəncədə Nizaminin mavzoleyi var. Min ildir ki, yerində durur. Bu min ildə həmin ərazilərdən neçə-neçə hökmdarlar keçib. Çingiz xanın, Teymur Ləngin ordusu istila etmək istəyib. Amma indi heç birinin izi-tozu yoxdur. Lakin Nizaminin mavzoleyi yerində durur. Əsl yazıçı əbədiyyətdə xalqın vəkilidir. Homerin haqqında yazdığı xalq indi yoxdur. Lakin biz onların sevgisini də, nifrətini də, savaşlarını da onun əlyazmalarından oxuyuruq. Odur ki, yazıçı mənim üçün çox böyük anlayışdır. Dünyanı yaradan və dünyanı dəyişən insanlardır.

“Deyirdilər ki, sən insanlara yalan danışırsan...”

- Söhbət istedadlı və vicdanlı yazarlardan gedir...

- Əlbəttə. Heminquey deyirdi ki, əsl yazıçının vicdanı Parisdəki Etalon metrə qədər olmalıdır. Baxın, bu gün mənim kitablarım 32 dilə tərcümə olunub. 30 milyondan çox oxucum var. Bu qədər insanı aldatmaq mümkün deyil. Kimsə hiss etsə ki, sən yalançısan, mövqeyini dəyişirsən, yaltaqlanırsan, yazdıqlarını da oxumayacaqlar. Demək doğru yoldayam ki, kitablarım Argentinadan tutmuş ərəb ölkələrinədək hər yerdə oxunur.

- Yaradıcılıq xəritəniz çox genişdir.

- 32 dil az deyil.

- Romanlarınızı dünya insanına sevdirən qlobal cəhət hansıdır sizcə?

- Rasim Ocaqovla Emin Sabitoğlu deyirdilər ki, sən insanlara yalan danışırsan. Detektiv yazmırsan. Əsərlərində insan mövqeyini ortaya qoyursan. Ədaləti müdafiə edirsən.

- Bəlkə də insanların vicdan səsisiniz.

- 32 ildir Yazıçılar Birliyinin üzvüyəm. Hələ də burada bir cümləm çap edilməyib. Heç vaxt kitablarımı özüm çap etdirməmişəm. Bütün romanlarım dünyada çap olunur.

“İlk kitablarım Rusiyada çap olunanda xəbər yollayırdılar ki, gedin, ona deyin, qoyunlarını otarsın”

- Müasir detektiv dünyasına yeni sakinlər gətirməyi düşünmürsünüz?

- Əliyeva var. Onun haqda yazmışam. Ümumiyyətlə Ayaz Salayev hər zaman deyir ki, sən azərbaycanlı obrazını bazarda alverçi çərçivəsindən çıxarıb, Dronqo səviyyəsinə yüksəltmisən. Ədəbi tənqidçilər də haqqımda danışanda - Çingiz Abdullayev müsəlman ruhu ilə qərb düşüncəsini sintez edən insandır - cümləsini xüsusi vurğulayırlar. İlk kitablarım Rusiyada çap olunanda xəbər yollayırdılar ki, gedin, ona deyin, qoyunlarını otarsın. Rusiyadakı səlahiyyətli səfirimiz bu yaxınlarda söhbət əsnasında vurğuladı ki, indi elə bir şəhər yoxdur ki, mənim kitabım orada satılmasın. Valentina Matvienko Bakıya gələndə qeyd eləmişdi ki, biz Müslüm Maqomayev və Çingiz Abdullayevlə fəxr edirik. Bu baxımdan xoşbəxt insanam. Çünki yazıçı kimi mənə böyük tələbat var. Mənə görə əsl yazıçı odur ki, kitabları satılır, əsərlərinə ehtiyac var. Kitabınızı oxumurlarsa, demək uğur qazana bilməmisiniz.

“Bu, savadsız, istedadsız insanların bəhanəsidir”

- Bəs deyirlər, dahilər zamanında heç vaxt qəbul olunmur?

- Füzuli, Hüqo, Tolstoy... Hansını öz zəmanında qəbul etməyiblər? Hətta Van Qoqun ətrafındakılar da dahi rəssam olduğunu etiraf edirdilər. İnciməsinlər, amma bu, savadsız, istedadsız insanların bəhanəsidir. Yolun nə qədər çətin olsa da, istedadın heç vaxt hədər getməyəcək. Məsələn, xaricilər hər zaman deyirdilər ki, müsəlman heç vaxt detektiv yaza bilməz. Çünki bu janr rasional Avropa ədəbiyyatıdır. Amma mən şərqli yazıçı kimi bu adı doğrultmağa çalışdım.

- Şərq ruhu ilə Avropa təfəkkürünü sintez etdiniz...

- Bilirsiniz, anam Həmkarlar İttifaqının sədri idi. Atam 27 yaşında Naxçıvan Muxtar Respublikasında prokuror olub. Evimizdə çox nəhəng kitabxana vardı. 18 yaşımdan etibarən xaricə gedib-gəlməyə başladım. Bütün bunlar xarakterimə, dünya görüşümə də təsir etdi. Çox vaxt deyirlər ki, qadınlara münasibətiniz çox gözəldir, qərbsayağıdır. Həmişə cavab verirəm ki, sevilmək istəyən öncə özü sevməyi bacarmalıdır. İstəyirsənsə, qadın sənə hörmət etsin, özün ona sayğı duymalısan. Bir dəfə sosial hesabımda bu haqda status paylaşmışdım. Sonda isə qeyd etmişdim ki, qadına əl qaldıran kişi öz kişiliyi üstündən xətt çəkir. Təsəvvür edirsiniz, bir çox qadın yazdı ki, son cümlənizlə razı deyilik.

“Qadınlar mənə dedi ki, iti, atı və qadını döymək olar”

- “Qadın”...

- Bəli, qadınlar. İrad bildirdilər ki, bizim öz adətlərimiz var və bu adətlərə görə iti, atı və qadını döymək olar. Yaxın bir tanışım mənə danışmışdı ki, rayondakı xəstəxanasında çalışan iki həkimin qulağı pis eşidir. Səbəb isə ərləri tərəfindən fiziki şiddətə məruz qalmalarıdır. Həmin qadınlar da bu şiddətə boyun əyir, hələ haqq qazandırırlar. Bunu qəbul etmirəm. Qadınlar, analar mənim üçün xüsusi sivilizasiyadırlar. Həyat yoldaşlarının adı gələndə üzr istəyən kişilər çox acizdir. Xeyr, üzr istəmirəm. Yanımdakı çox utancverici bir məxluqdur bəyəm? Mən fəxr edirəm ki, bu xanım mənimlədir, mənə övlad bəxş edib deməlisiniz. Adət-ənənələri, mental dəyərləri anlayıram, amma niyə şərqin valideyninə, xanımına hörmət, övladlarına daim sevgi və qayğı kimi daha üstün cəhətlərini götürməyək?! Bir dəfə İosif Kabzon İnquşetiyaya səfərindən danışırdı. İnquşetiyanın prezidenti , general, milli qəhrəman, böyük şəxsiyyət Auşev haqqında onu heyrətə gətirən bir hadisəni bölüşdü. Dedi: “atası icazə verməyənədək Auşev süfrə arxasında oturmazdı”. Amma indi hər şey elə bəsitləşib ki, üzülməmək olmur. Qız atası haqda ağzına gələni sosial şəbəkələrdə paylaşır, ata qızının başını kəsir... Allahın kişiyə verdiyi ən böyük xəzinə qızıdır. Ona əl qaldırmaq olar?!

“Həmin əsəri yazdıqca gəlib yatan oğlumu...”

- “Saturnun oğlu” əsərinizi yazanda da gərgin anlar yaşamısınız.

- Doğrudur. Bu əsərimdə qəhrəmanım öz oğlunu qətlə yetirir. Təsadüfə baxın ki, məhz həmin qətl məqamını İspaniyanın “Alfons” otelində yazırdım. Ailəvi getmişdik. Xanımımla qızım digər nömrədə qalırdılar. Bizsə oğlumla digərində. Həmin anları təsvir etdikcə, gəlib yatan oğlumu öpürdüm. Bu hal gecədən səhərədək davam etdi. Çünki anlayırdım ki, əsəri tamamlamalıyam, bir yandan ata məhəbbətim vicdanımı rahat buraxmırdı. Əsəri oxuyan insanlar da bu həyəcanı hiss etmişdilər. Kitabda da qeyd etmişəm ki, qadın əri ilə boşanırsa, heç vaxt oğlunu ona qarşı ədavətlə, nifrətlə böyütməməlidir. Çünki bu nifrət sonunda gəlib sizin özünüzü vuracaq. Bunun əvəzinə övladlarınızla olan müqəddəs bağlarınızı sınmağa qoymayın. Əmin olun, sizinlə balanız arasındakı göbək bağı kəsilsə də, bu gizli bağ siz yaşadığınız müddətcə qopmayacaq.

- Təəssüf ki, qadınlarının çoxunun boşanandan sonra əsas silahı uşağı olur.

- Amma gəlin, onu da etiraf edək ki, Azərbaycan qadını çox dözümlüdür, ailəni qorumağı bacarır. Təəssüf ki, bunun da kökündə cəmiyyətimizin boşanmış qadına olan arzuolunmaz münasibəti durur.

“Xalqını rüsvay etsən, ən birinci özün rüsvay olacaqsan”

- Cəmiyyətimizin çirkinliklərini olduğu kimi qələmə alıb, elə 32 dilə tərcümə etsək, dünyanın gözündə necə bir model formalaşacaq?

- Baxır məqsədin nədir. Adın çəkməyəcəm, xalqa qarşı bir kitab artıq çap olunub. Mənim xalam oğlu Qarabağ savaşında şəhid olub. SSRİ vaxtında da “Qara Yanvar” kitabım çıxıb. Zori Balayanı ifşa edən yazılarım da var. Hər şeyin fərqindəyəm. Vicdansızları da, satqınları da tanıyıram. Amma mənim əsas amalım insanları ruhdan salmaq, Azərbaycandan soyutmaq yox, sevdirmək, uğrunda mübarizəyə səsləməkdir. Rəsul Həmzətovun bir kəlamı var: “əsl kişi həyatı boyu iki varlıq uğrunda savaşmalıdır: Vətəni və qadını”. Digər hallarda yalnız xoruzlar vuruşur. Təbii ki, mental dəyərlərini dünyaya tanıtmaq gözəldir, amma xalqını rüsvay etsən, ən birinci özün rüsvay olacaqsan.

“Onların 200 ildən də çox yaşamalarını istərdim”

- Yazıçı əsərini öncə qaralamaya, sonra ağ vərəqə köçürür.

- Mən heç vaxt belə etmirəm. Əlyazmam itsə, bir də o mövzuya toxunmuram.

- Demək həyatı da belə yaşayırsınız.

- Eynən. Dəfələrlə soruşublar ki, nəyi dəyişmək istərdiniz. Demişəm cəmi iki gündən başqa heç nəyi. Atam 81, anam 87 yaşında dünyadan köçüblər. Anlayırdım ki, gec-tez bu hadisə baş verəcək, yaşım da az deyildi, amma onların 200 ildən də çox yaşamalarını istərdim. Rey Bredberi də dediyi kimi, övladlarınız ölümünüzdən başqa bütün günahlarınızı bağışlayacaqlar. Balalarınıza sevgi verməkdən qorxmayın. Əmin olun ki, bu məhəbbət onları ömür boyu ayaqda tutacaq.

- Dost ayağa baxmaz, amma ayaqqabılarınızın da maraqlı hekayəsi var.

- Tale elə gətirib ki, qəhrəmanımın ayaqqabıları hər zaman “Bally” brendindən olub. Bu brend də artıq uzun illərdir ki, məni ayaqqabı və kəmərlə təmin edir. Ayağımın ölçüsü 46 yarımdır. Brendin prezidenti hədiyyələri şəxsən mənim adıma yollayır. Bir də “Dior” brendinin “Fahrenheit” ətirlərindən həm özüm, həm də qəhrəmanım istifadə edirik. Son zamanlar görürəm ki, əsərlərimdən ilhamlanan xanımlar da bu ətirdən alırlar. Hətta nəzərinizə çatdırım ki, “Dior” şirkəti romanlarım əsasında çəkilən filmlər yayımlananda reklam üçün qonorar ödəyir.

“Deyirəm ki, deyəsən aranızda doğmayan tək mənəm”

- Qəhrəmanınızla ortaq nöqtəniz çoxdur...

- Qızım balaca idi. Bir dəfə dedi: “Ata, kitablarındakı qəhrəman kimin prototipidir”. Dedim, bax, o da hündürboyludur, mən də. o, da “Bally”dən ayaqqabı geyinir, mən də, onun da qolunda saat var, mənim də... Qızım cavab verdi ki, axı sən onun kimi ağıllı deyilsən.

(gülürük) Bu gün dünyanın neçə nöqtəsində “Dronqo” restoranı var. Elə Bakıda “Dronqo” adlı qadınlardan ibarət klub fəaliyyət göstərir. 140-a yaxın üzvü var. Tez-tez həmin xanımlarla görüşlərim təşkil olunur. Zarafatça deyirəm ki, deyəsən aranızda doğmayan tək mənəm.

“Valideynlərə hörmətsizlik hətta adam öldürməkdən də ağır cinayətdir”

- Sizin də dünyaya gətirdikləriniz az deyil.

- Qadın tanrının yer üzündəki kölgəsidir. Çox möcüzəvi varlıqdır. O, bətnində yeni şüur, yeni qəlb yaradır. Təbii ki, tanrının və ərinin vasitəsilə. Amma bu proses özü böyük möcüzədir. Bir dəfə xanım oxucularım mənə dedilər ki, qadının intim duyğularını, halını elə möhtəşəm ötürürsünüz ki, bəzən yazıçının cinsiyyətinə tərəddüdlə yanaşırıq. Hətta kapron corabı geyinmə tərzi, ay ərzində orqanizmdə baş verən dəyişiklikləri qadın incəliyilə sanki yaşamış kimi tədqim edirsiniz. Cavab verdim ki, bəyəm Tolstoy özü doğmuşdu? Amma baxın, qadın doğuşunu necə qüsursuz ötürür. Qadınları, anaları hiss etmək, sevmək lazımdır. Ümumiyyətlə, düşünürəm ki, valideynlərə hörmətsizlik hətta adam öldürməkdən də ağır cinayətdir.

“Hər dəfə qardaşımla məhəlləyə çıxanda bizdən bir-iki yaş böyük oğlan bizi döyməyə başlayırdı, bir dəfə dözmədik və...”

- Adam öldürmüsünüz? Yaxud hansı halda qarşınızdakı insana silah çəkərdiniz?

- Mən müharibədə olmuşam. Silah tutmağı da, savaşmağı da bacaran insanam. Müharibədə, vətən yolunda insan öldürmək olar. Uşaqlığımla bağlı bir hadisəni yadıma saldınız. Hər dəfə qardaşımla məhəlləyə çıxanda bizdən bir-iki yaş böyük oğlan bizi döyməyə başlayırdı. Səbəbini də anlamırdıq. Bir dəfə dözmədik, qardaşımla bu oğlanı blokda sıxışdırıb yaxşıca əzişdirdik. O vaxtdan anladım ki, əclafla sülhə gəlmək olmaz, onunla qol gücünə danışmaq lazımdır və insan ədalət uğrunda savaşmalıdır.

“İlahi ədalət 40 il sonra gəlib bizi tapdı, indi həmin papaqlılar...”

- Aqata Kisti qab yumağa ərinəndə əsərlərini yazmağa başlayırdı. Sizin ilhamınız hansı məqamlarda işə düşür?

- Həyatda üç şey var ki, onları etmək üçün məqam gözləməyə ehtiyacım yoxdur. Onun birincisi yazmaqdır. Baxın, indi siz bu kabinetdən çıxdığınız anda əlimə qələm alıb nə isə yaza bilərəm. İkincisi, insanlarla, xüsusən qadınlarla ünsiyyətdir. Mənim üçün ünsiyyətdə maraqsız insan yoxdur. Üçünücüsü isə, yatmaq. İstənilən an gözümü yumub, 20 dəqiqə də olsa, dincimi ala bilərəm.

- Sizin həyatınızın şən epizodlarını sevirəm.

- 189 nömrəli məktəbi bitirmişəm. Biz yeniyetmə olanda “Beatles” qrupu çox sevilirdi. Sinifdəki bütün oğlanlar saçımızı qrupun üzvləri kimi uzatmışdıq. Bir dəfə direktor gəldi, hamımızı danlayıb bərbərə yolladı ki, başınızı qırxdırın. Sinifdə 16 nəfər oğlan idik. Biz dostumla olimpiadaya gedəcəkdik deyə, saçımızı qısa kəsdirdik. Yerdə qalan 14-ü isə dibindən qırxdırdı. Sinifə gəldik, qızlarımız onlara baxıb gülürdülər deyə dərsdə papaqla otururdular. Amma ilahi ədalət 40 il sonra gəlib bizi tapdı. İndi həmin papaqlıların gur saçları var. Tək dostumla mən keçəl qalmışıq.

Paylaş »
››› Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşıb
››› Marketdə bir ailənin dörd üzvü güllələndi - Video
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› ABŞ senatorları şərt qoydular – Türkiyəyə qısa müddətdə cavab verilməlidir
››› Xamneyidən benzinin bahalaşmasına reaksiya
Son xəbərlər
Bütün xəbərlər »