Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Rusiyadan aşağı sort buğda alan ölkələr arasında üçüncüdür

Azərbaycan Rusiyadan üçüncü növ buğda idxal edən ölkələr sırasında üçüncü yerdədir. Bunu Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda Rusiyanın Kənd Təsərrüfatı Bazarı üzrə Araşdırmalar İnstitutunun baş direktoru Dimitri Rılko bildirib. D.Rılko deyib ki, Rusiyadan üçüncü növ buğda idxal edən ölkələr arasında siyahıya Türkiyə liderlik edir, ikinci yerdə Misir, üçüncü yerdə Azərbaycan, İsrail, Gürcüstan qərarlaşıb.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın ərzaq buğdası ilə özünü təminat göstəricisi uzun illərdən bəri ilk dəfə 64,8 faizə çatıb. Ölkənin ərzaq buğdasına olan illik tələbatı 1.7 milyon tondur. Yerdə qalan hissə əsasən Rusiyadan, az faizi isə Qazaxıstan və Ukraynadan alınır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə virtualaz.org-a deyib ki, Rusiya ötən il ümumilikdə 44 milyon ton buğda ixrac edib. Bunun yalnız 700 min tonu Azərbaycana gətirilib. Bu göstərici ilə Azərbaycan Rusiyadan buğda idxal edən ölkələr arasında 18-ci yerdədir. “Azərbaycan əsasən Rusiyadan buğda alır. Qonşu ölkədən ikinci və üçüncü növ buğda alınır. Ötən il Azərbaycana ümumilikdə 1 milyon 112 min 878 ton buğda gətirilib”,-mərkəz direktoru belə deyib.

Fikrətzadənin sözlərinə görə, Azərbaycanın ərzaq buğdası ilə özünü təminat göstəricisi ildən-ilə artır. Taxıl və buğda məhsulları üzrə məhsuldarlıq göstəricisi orta hesabla 30 sentnerdir. Məhsuldarlıq 40 sentnerə çatarsa bu göstərici daha da artacaq: “Məqsədimiz bu göstəricini daha da yuxarı göstəriciyə çatdırmaqdır”.

İkinci və üçüncü növ ərzaq buğdası un məmulatlarının istehsalında istifadə edilir. Ekspert Akif Nəsirli isə deyib ki, üçüncü növ buğda əla və ikinci növ buğdadan ucuzdur. Ərzaq buğdasının qiyməti keyfiyyətinə görə müəyyənləşdirilir: “Azərbaycanda əslində nə buğda növləri, nə də un növləri arasında qiymət fərqi yüksək deyil”.

Ekspert hesab edib ki, üçüncü növ ərzaq buğdasını ucuz olduğu üçün alırlar, lakin sağlamlıq baxımından üçüncü növ buğda əla və ikinci növdən üstündür. “Üçüncü növ buğdada enerji dəyəri digərlərindən azdır, bu növdən daha çox pəhriz üçün istifadə edirlər. Çünki sağlamlıq baxımından xeyirlidir. Gələcəkdə ola bilsin ki, üçüncü növ buğdaya təlabat artacaq. Lakin hələlik əla növ buğdaya üstünlük verilir”,-ekspert əlavə edib.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »