Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Prezident inqilabı”

İlham Əliyev hakimiyyətinin yeni dönəmi: faktlar, şərhlər, proqnozlar

Uzun zamandan bəri Azərbaycanın indiki hakimiyyəti haqqında bir fikir formalaşmışdı: bu gün yüksək vəzifələrdə olanlar könüllü olaraq istefa verməyə öyrəşməyib. Hətta bəzən belə söz-söhbətlər də gəzirdi ki, özü könüllü istefaya getmək istəyənlərin də ərizəsi qəbul olunmur; onları “münasib vaxtda” Prezident özü yola salacaq. Bu fikirlə razılaşmayanlar da olurdu: “Yüksək çinli məmurları yerindən tərpətmək ya mümkün deyil, ya da bu vəziyyət hakimiyyətdə hər kəsi qane edir” deyirdilər.

Əlbəttə ki, cürbəcür fikirlər, mülahizələr irəli sürülürdü. Cəmiyyətdə indiki hakim komanda haqqında çox müxtəlif- çox hallarda tənqidi müzakirələr vardı. Hətta konkret olaraq, Nazirlər Kabinetini “Qocalar evi” adlandıranlar da olurdu. Eyni adamlar eyni vəzifələrdə o qədər uzun zaman oturdular ki, adamlarda onların ölənədək vəzifədə qalacağı haqda fikir formalaşmışdı. Ancaq komandada yenilənmənin olacağına dair proqnozlar da var idi, əsaslandırılırdı.

Əslində hər şey ondan başladı ki, İlham Əliyev öz üçüncü Prezidentlik müddətinin bitməsinə bir neçə ay qalmış növbədənkənar Prezident seçkisi təyin etdi və özü də yenidən namizədliyini verdi. 2018-ci il aprelin 11-də o, dördüncü dəfə Prezident oldu. Aprelin 21-də Novruz Məmmədovu baş nazir vəzifəsinə təqdim etdi və Milli Məclis bu təqdimatı təsdiqlədi. Artur Rasizadə yola salındı. Bundan başqa baş nazirin iki müavini – Elçin Əfəndiyev və Abid Şərifov vəzifələrindən götürüldü. Nazirlər Kabinetinin yuxarı eşelonunda yerdəyişmələrin davam edəcəyi aydın göründü. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postundan götürülərək baş nazirin müavini təyin olunanda məlum idi ki, o, orada uzun zaman qalmayacaq.

İyunda hökumətin güc blokunda mühüm dəyişikliklər oldu; Ramil Usubov Daxili işlər naziri vəzifəsindən çıxarılaraq Təhlükəsizlik Şurasının katibi təyin olundu (Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu ikinci vəzifəsi və güc strukturlarının koordinasiyası Ramil Usubova tapşırıldı). Daxili işlər naziri postuna namizəd də kənarda deyildi; uzun müddət Ramil Usubovla bu sistemdə birlikdə işləmiş, müavin, birinci müavin postlarını tutmuş, əslində cəmiyyətdə hətta öz nazirindən də daha sərt adam imici olan Vilayət Eyvazov yeni nazir oldu. Çoxlarının peşəkar xüsusi xidmət generalı kimi tanıdığı Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində bu postda özünü doğrultmadığı açıq görünən Mədət Quliyevi əvəz etdi. Beləliklə, güc blokunun daha da gücləndirildiyi mesajı verildi (ki, bu güc özünü 19 oktyabr aksiyasının dağıdılması zamanı çox sərt tərəfindən göstərdi).

Bu arada Prezidentin öz müşavirələrinin formatını dəyişməsi də maraqlı yenilik idi. Artıq iqtisadi məsələlərlə bağlı müşavirələrdə Prezident Adminstrasiyasının rəhbəri və başqa bu kimi şəxslər iştirak etmirdi. O zaman da bəlli idi ki, hakimiyyət içində çox şey dəyişəcək. Dəyişdi də. Novruz Məmmədov qəflətən istefa verdi və onun yerinə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təyin edildi. Dövlət başçısı Əli Əsədova gənc kadrlara üstünlük verməyi tapşırdı.

Prezident Aparatı

Daha bir mühüm hadisə baş verdi: 15 oktyabrda Prezidentın yanında iqtisadi blok nazirlərinin iştirakı ilə müşavirədə üç ciddi məqam diqqəti cəlb etmişdi: birincisi, müşavirədə birinci vitse-prezident də iştirak edirdi və PA rəhbəri orda yox idi; bununla da birinci vitse-prezidentin artıq sosial məsələlərlə yanaşı iqtisadi prolematika ilə məşğul olduğu xüsusi vurğulandı. İkincisi, Prezident qeyri-neft sektorunun inkişafı ilə bağlı onun prioritet kimi qoyduğu vəzifənin lazımınca icra olunmadığını vurğuladı və bununla da hökumətdə (bütövlükdə hakimiyyətdə) ciddi baxış, struktur və kadr dəyişikliklərinin ictimai zəminini yaratdı və anonsunu verdi. Burda əslində geosiyasi yönüm seçimi görənlər də var (bunun elə olub-olmadığı da zamanla bilinəcək). Növbəti addım baş nazirin iki müavininin – Hacıbala Abutalıbovun və Əli Həsənovun vəzifələrindən uzaqlaşdırılması oldu. Həmin şəxsləri qəbul edən zaman Prezident İlham Əliyev onlara xitabən cəmiyyətə və hakimiyyətə çox mühüm bir açıqlama da verdi: “Daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”. Burdan görünürdü ki, təkcə NK-da deyil, bütün strukturlarda kadrların gəncləşdirilməsi gedəcək. Üçüncü bir məqam isə o idi ki, Prezident öz hakim komandasında münaqişə olduğunu, ona şişirdilmiş rəqəmlər verilmsindən tutmuş “bir hökumət üzvünün başqa hökumət üzvlərini şantaj etməsi”ni, belə vəziyyətin qəbuledilməzliyini ortaya qoydu. Bu, indiyədək yarımgizlin olan prosesin-problemin üzərinə açıq şəkidə getmək demək idi. O demək idi ki, dövlət çox mühüm bir seçim qarşısındadır və bu seçimi daha gecikdirə bilməz.

Prezidentin vəzifədən azad etdiyi, yeni təyin etdiyi, eləcə də, vəzifələrinin icrası ilə bağlı dinləmək istədiyi məmurları öz iş otağında publik olaraq şəxsən qəbul etməsi də maraqlı və diqqətçəkən bir yenilik idi; özünün bütün proseslərə tam nəzarət etdiyini və öz hakimiyyəti ilə də, cəmiyyətlə də yeni (fərqli) oyun qaydaları ilə və açıq formatlarda işləyəcəyini xüsusi vurğulamış oldu. O cümlədən, iqtisadi sferada. Şahin Mustafayevin İqtisadiyyat naziri vəzifəsindən azad olunub baş nazirin müavini vəzifəsinə gətirilməsi və Mikayıl Cabbarovun İqtisadiyyat naziri təyin edilməsi zamanı İlham Əliyevin verdiyi bəyanatlardan və tapşırıqlardan bəlli olurdu ki, yeni formatda formalaşdırdığı hökumət komandasından qeyri-neft sektorunu inkişaf etdirmək, kölgə iqtisadiyyatını aradan qaldırmaq, sahibkarlığa geniş meydan açmaq və sair kimi tələbləri var. Bu, daha çox sivil dünyanın oyun qaydalarına uyğun şəkildə idarəçiliyi nəzərdə tutur. Və nəhayət, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz postundan azad edilməsi – bu ənənəvi idarəçilik fəlsəfəsindən tamamilə imtina olunması demək idi. Eyni zamanda bununla İlham Əliyev öz hakim komandasında monolitliyi təmin etmiş sayıla bilər.

Bundan sonra gözlənilən dəyişikliklər çox böyük ehtimalla xarici siyasət kursunu, parlamenti və hərbi-siyasi məsələləri, eləcə də, ölkənin informasiya təhlükəsizliyini və informasiya siyasəti məsələlərini əhatə edəcək. Növbəti (bəlkə də növbədənkənar) parlament seçkilərində yeni – islahatlara yönəlik deputat korpusunun formalaşdırılması, eyni zamanda Milli Məslisdə cəmiyyətin çox geniş sosial-siyasi spektrinin əhatə olunması proqnozlaşdırılır və böyük ehtimalla, belə də olacaq. Bu sətirlərin müəllifi paylaşdığı son statusunda sosial-iqtisdi islahatların nəticə verməsi üçün siyasi islahatlar keçirilmısinin də zəruriliyini vurğulamışdı. Dövlət tam olaraq bu yolu seçdiyini göstərir. Real nəticələri isə hələ gözləmək tezdir; müəyyən zaman lazımdır.

P.S. Bu arada bəzi ekspertlər və siyasilər ölkədə inqilabi situasiya yarandığını söyləmişdi. Son bir neçə gündə baş verənləri “yuxarıdan inqilab” da adlandırmaq olar. İndi başlıca məsələ budur: cəmiyyətin böyük çoxluğu “yuxarıdan inqilab”a dəstək verəcək, yoxsa “aşağıdan inqilab” gözləyəcək. 19 oktyabrda “aşağıdan inqilab”a başlamağa cəhd edildi, ancaq qarşısı alındı, əvəzində “yuxarıdan inqilab” başlamaqla İlham Əliyev öz komandasındakı daxili münaqişəni aradan qaldırdı, cəmiyyətə pozitiv siqnallar göndərdi və bununla da “aşağıdan inqilab”ın sosial-siyasi zəminlərini zəiflətdi; problemləri pərdələmək yox, üstünə getmək yolu seçdi. Bu günlər İlham Əliyev hakimiyyətinin növbəti – fərqli dönəminin başlanğıcıdır. Davamını və nəticələri gözləyək.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »