Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlyas İsmayılov: Əli Kərimliyə qarşı törədilmiş zorakılıqları qəbul etmək qətiyyən mümkün deyil

Sərbəst toplaşmaq hüququ insanın ən fundamental hüquqlarındandır. İstər Konstitusiyamızda, istərsə də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalarda bu hüquq açıq şəkildə təsbit olunmuşdur.

Bilirsiniz ki, insan hüquqlarını pozan dövlətlər iqtisadi sanksiyalara məruz qalırlar. Beynəlxalq birlik bu sanksiyaları bizə tətbiq etsə, iqtisadiyyatı böyük ölçüdə neft gəlirlərindən asılı olan Azərbaycan qısa müddətdə defolt durumuna düşə bilər. Nəzərə almaq lazımdır ki, dünya artıq həmin dünya deyil. Bağdadda indi nə Səddam Hüseyn qalıb, nə də kor xəlifə.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun Ovqat.com-a verdiyi müsahibədə bildirib.

“Bu yaxınlarda XİN-nin bir xanım diplomatının Avropa İttifaqına verdiyi cavabı oxudum. Diplomat deyir ki, Avropa İttifaqı bizim işimizə qarışmasın, getsin, öz məsələlərini həll etsin. Həmin xanım qızımız yəqin bilmir ki, insan hüquqları heç bir dövlətin daxili işi deyil. Dövlətlər BMT-yə üzv olarkən müəyyən konvensiyalara və bəyannamələrə imza atırlar. Həmin sənədlərdən biri də 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Üstəlik, bütün bu hadisələr Dağlıq Qarabağ müzakirələrinin sürətləndiyi, ermənilərin öz müstəqillik xəyallarını reallaşdırmağa çalışdıqları ərəfədə baş verir.

Öz xalqını əzən hakimiyyət, görün, bizə nə edər. MŞ-nın mitinqinin sərt üsullarla dağıdılması və Əli Kərimlinin vəhşicəsinə döyülməsi bu mənada düşmən dəyirmanına su tökmək idi və şüurlu yox, instinkti xarakter daşıyır. Bəli, müxalifət liderlərinə, o cümlədən AXCP sədri Əli Kərimliyə qarşı törədilmiş zorakılıqları qəbul etmək qətiyyən mümkün deyil. Bir çoxları bu məsələdə polisləri qınayırlar. Mənim fikrimcə isə, məsələnin daha dərin səbəbi var. Polislər o tapşırığı yuxarıdan almasaydılar, həmin zorakılığı da göstərə bilməzdilər. Fikrimcə, hakimiyyət beynəlxalq qınağa məruz qalmamaq üçün bu vəhşiliyi törədənlərin və onu təbliğ edənlərin hamısını ağır şəkildə cəzalandırmalıdır ki, başqalarına da görk olsun.

Yeri gəlmişkən, bir çoxları Türkiyə prezidentini müxalifətlə xoş davranmamaqda ittiham edirlər. Amma Rəcəb Tayib Ərdoğan belə, ölkənin ən ümdə məsələlərini müxalif liderlərlə müzakirə edir, onlarla bir araya gəlib mehriban münasibətlər sərgiləyir. Heç vaxt təsəvvür etmək mümkün deyil, Türk polisi müxalifət partiyalarından birinin sədrinə əl qaldırsın və Ərdoğan buna laqeyd yanaşsın”,- deyə o qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »