Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın kürdlərə dəstəyinin sirri

Moskvanın “kürd alternativi” haqda nələr bilirik?

Türkiyənin “Sülh Çeşməsi” əməliyyatı Rusiyanın həm də maraqları baxımdan uğurlu oldu. Ruslar növbəti dəfə kürdlərlə anlaşdılar və nəticədə Suriyanın şimal-şərqində bir sıra bölgələr Suriya ordusunun, həm də Rusiyanın nəzarətinə keçdi. Bir ay əvvələ qədər Rusiya ordusunun yaxınlaşa bilmədiyi Menbic, Raqqa, Hasake kimi şəhərlərdə artıq Rusiya hərbi polisi patrul həyata keçirir.

“Sülh Çeşməsi” əməliyyatı başladıqdan az sonra Rusiyanın vasitəçiliyi ilə Xmeymim hərbi hava bazasında kürdlər və Suriya tərəfi danışıqlar masasına oturdu, nəticədə kürd bölgələrindəki iri şəhərlərin nəzarəti bir güllə belə atmadan Suriya və həm də Rusiya ordusuna təhvil verildi. Bu hadisə Rusiya və kürdlər arasında əlaqəni yenidən yada saldı.

Məsələ ondadır ki, Rusiya uzun illər kürdlərlə yaxın əlaqələrə sahib olub. 1940-cı illərdə İranda məğlub olan kürd Mahabad Respublikasının qalıqları o zaman SSRİ-yə pənah apardı. Bərzani ailəsi də daxil olmaqla kürd ailələri uzun müddət SSRİ-də – Azərbaycan, Qazaxıstan və Rusiyada - yaşamalı oldu. Daha sonra da İraq, Suriya kürdləri ilə SSRİ arasında isti əlaqələr olub. “Soyuq Müharibə” illərində SSRİ-nin Yaxın Şərq siyasətində kürdlərin ayrıca yeri olub. Həmin illərdə Suriyada və Türkiyədə yaradılan sol meylli kürd təşkilatları SSRİ-dən ilhamlanırdı.

SSRİ-nin dağılmasından sonra Yaxın Şərqdə Rusiyanın fəallığı azalsa da, “ərəb baharı” sonrası bu əməkdaşlıq yenidən qabarıq görünməyə başladı. Yeri gəlmişkən, Rusiya hələ də PKK və onun Suriyadakı qolu YPG-ni terror təşkilatı olaraq tanımır. 2003-cü ildə PKK lideri Abdullah Öcalanın bilavasitə təlimatı ilə yaradılan PYD (Partiya Yektiya Demokrat – Demokratik Birlik Partiyası – K.R.) Suriyada kürdlərin əsas siyasi təşkilatına çevrildi. 2012-ci ildən sonra PYD faktiki olaraq Suriyanın şimalında kürdlərin əsas hərbi-siyasi (2012-ci ildə PYD-nin silahlı qanadı YPG yaradıldı – K.R.) təşkilatına çevrildi. Bu illərdə artıq Moskva ilə kürdlər arasında isti münasibət yaranmışdı. PYD-nin həmsədri Saleh Müslim bir neçə dəfə Moskvaya səfər edib rəsmilərlə görüşdü. 2015-ci ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov PYD-ni terror təşkilatı hesab etmədiklərini bildirdi. 2016-cə ildə isə PYD-nin Moskvada ofisi açıldı. Lakin bu tarixdən sonra Rusiya və Türkiyə münasibətləri sürətlə istiləşsə də, Moskvanın kürdlərlə əlaqəsi soyuqlaşmadı.

2017-ci ildə Suriya münaqişəsinin həlli ilə bağlı “Astana prosesi” başlasa da, kürdlər bu prosesə daxil edilmədi. Lakin buna baxmayaraq Rusiya ayrıca şəkildə kürdlərlə dialoqu davam etdirdi. Lakin kürdlərin Suriyada BAŞ-la yaxınlaşması, İŞİD-ə qarşı əməliyyatlarda faktiki olaraq ABŞ-ın əsas müttəfiqi kimi çıxış etməsi Moskvada büruzə verməsə də, soyuq qarşılandı. Hətta daha sonra ötən ilin fevralında Rusiyanın “Vaqner” hərbi şirkətinin silahlıları məhz kürdlərin nəzarətində olan bölgəyə daxil olarkən amerikalıların əks hücumu ilə qarşılaşıb böyük itki verdi. Bundan sonrakı dövrdə Rusiya kürdlərlə əlaqələri daha da zəiflətdi. Halbuki buna qədər Afrin əməliyyatı zamanı Rusiya hərbi patrulu ilk dəfə Afrinə daxil olmuşdu.

Lakin buna baxmayaraq Türkiyənin son “Sülh Çeşməsi” əməliyyatı zamanı Rusiya yenidən kürdlərə sahib çıxdı. Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Türkiyənin Suriyadakı əməliyyatını “qəbuledilməz” olduğunu və Moskvanın bu əməliyyatı dəstəkləmədiyini bildirdi. Eyni zamanda Lavrentyev bildirdi ki, Moskvanın vasitəçiliyi ilə danışıqlar aparılır, kürdlər nəzarət etdikləri əraziləri Suriya ordusuna təhvil verəcək. Bu, belə də oldu, kürdlər nəzarət etdikləri şimaldakı torpaqların böyük bir hissəsini, xüsusən də iri şəhərləri Suriya ordu qüvvələrinə təhvil verdi.

Əlbəttə, kürdlərin bu addımını Türkiyənin təzyiqi qarşısında manevr hesab oluna bilər. ABŞ ordusu çıxdığı üçün kürdlərin yenidən Rusiyaya sığınmaqdan başqa çarəsi qalmamışdı. Amerikalılar getdiyi umun kürdlər yenidən ruslarla anlaşmağa məcbur qaldılar. Bu məsələnin daha bir maraqlı tərəfi ondan ibarətdir ki, hər nə qədər Bəşər Əsəd hakimiyyətini dəstəkləsə də, ötən müddətə Rusiya hər zaman kürdlərlə əlaqələrini qoruyub saxlayıb. Hətta iki il əvvəl Rusiyanın Suriyada kürd muxtariyyəti fikrinə dəstək verdiyi ilə bağlı yazılar mediaya yol tapmışdı. Halbuki rəsmi Dəməşq muxtariyyət fikrinə o qədər də isti yanaşmır. Bu isə o deməkdi rki, Rusiya Suriyada həm də Yaxın Şərqin gələcəyi ilə bağlı planlara malikdir. İndi hər kəs anlayır ki, İraqın şimalında olduğu kimi, Suriyada da kürd muxtariyyətinin (adı hər nə olursa olsun – K.R.) yaradılması region ölkələri üçün əlavə baş ağrısı və təzyiq vasitəsi olacaq.

Məhz bu səbəbdən uzun illər düşmən münasibətləri olan Suriya və Türkiyə kürd təhlükəsinə qarşı yaxınlaşmışdı. İndi isə situasiya dəyişib və kürdlər praktik olaraq özünüidarə mexanizminə çox yaxındır. Hər kəsə aydındır ki, regionda ikinci bir kürd muxtariyyətinin yaradılması Suriya, Türkiyə və İraq üçün yeni bir təhlükədir. Bu mənada kürdlərin Suriyanın şimalındakı varlığı Amerika qədər həm də Rusiyanın maraqlarına cavab verir. Baxmayaraq ki, Suriyada Moskva və Vaşinqton faktiki olaraq qarşı-qarşıyadır.

Yeri gəlmişkən, ötən gün Britaniya mediası ABŞ ordusunun Suriyanın şimalından çəkildiyini, ancaq cənuba doğru – Deyr əz-Zor kimi – neft qaz bölgələrini qorumaq üçün hələ də qaldığını yazıb. Yəni hər nə qədər şimalda torpaq itirsə də, kürdlər hələ də Suriya və Türkiyə üçün təhdid olaraq qalmaqda davam edir. (Musavat.com)

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
Son xəbərlər
Bütün xəbərlər »