Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizim biznesmenlər

Pifaqor: Həyat yolunda tozanaq qoparmayın.

Son zamanlar girişdiyimiz ən cazibədar və maraqlı fəaliyyət sahələrindən biri də

biznesdir. İndi bütün dünya biznesdən danışır. Dünyanı idarə edənlər də əsasən

biznesmenlərdir. Məsələn, ABŞ prezidenti Donald Tramp da xalis biznesmendir.

1971-ci ildə “Elm” nəşriyyatında çap edilmiş 3 tomluq Rusca-Azərbaycanca

lüğətin I tomunda biznes sözü: ticarət, iş, saziş, sövdələşmə, biznesmen sözü ABŞ-da:

tacir, fırıldaqçı, işbaz, sahibkar kimi, 1989-cu ildə Moskvada nəşr edilmiş, Sovet

Ensiklopediyasında (səh,138) isə biznes: sahibkarlıq fəaliyyəti, iş, varlanma məqsədi

daşıyan fəaliyyət növü kimi səciyyələndirilir.

Nemət Məmmədli, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Qanunlar işləyən ölkələrdə biznes fəaliyyəti gəlir gətirmə imkanlarına görə xeyli

cəlbedicidir. Orada insanlar öz övladlarını məmnuniyyətlə biznes sahəsinə yönəldirlər.

İndi bütün dünyada reytinqinə görə sıralanmış biznesmenlər arasında elm, mədəniyyət

və incəsənət sahələrinin görkəmli nümayəndələrinə rast gəlmək olar. Bizim

biznesmenlərimizin soyadını aşkarlanmış kapitalın sahibləri arasında görmək mümkün

deyil. Bizimkilər dolaşıq, qarışıq və bulaşıq hoqqabazlıqlar hesabına sahibkar olurlar.

Onların adı heç bir normal siyahıya düşə bilməz. Bizim biznesmenlər qaranlıq otaqda

qara pişik axtarışının qalibləri arasında yer alanlardır. Yəni, biz biznesmen kəlamının

fırıldaqçı açımını qəbul edirik. Bizim biznesmenlər tacir deyillər, istənilən variantda

dövlət büdcəsinə girənlərdir.

İnsan gözünü açıb görəndə ki, babasının milyardları, atasının milyonları var,

firavan həyat normal hal kimi qəbul edilir və adiləşir. Paranın gətirdiyi hoqqabazlıqlar

aradan çıxır. İnsan stabilləşmiş təminatlı mühiti olduğu kimi qəbul edir. Əldə olunanları

itirməmək üçün çalışır. Əgər normal ağıl sahibidirsə mütləq uyğun-yararlı fəaliyyətlə

məşğul olur. Yox, əgər kiçik yaşlarında yarı tox, yarı ac, bir ayağı çəkməli, bir ayağı yalın

məktəbə gedibsə, gələcək həyatı təmin olunmayıbsa, beləsinin əlinə imkan düşən kimi

işlər əngəlləşir. Paraya aludəçilik, hərislik, izafi toxluq çox qorxulu yollara aparır.

Bizim bu günümüz belələrinin əlindədir. Para aclığını pirojna ilə doydurmaq mümkün

deyil.

Sovetlər dağılanda lənətlik Qorbaçovun dilindən “dəyərlər dəyişir” kəlmələri

düşmürdü. O, dəyərlər dəyişir deyə-deyə hər şeyi dəyərdən saldı, hətta ağıllı-bacarıqlı

insanlar da dəyərdən düşdülər. Amerikanların dediyinə görə, onlar üç yüz il əvvəl 1

dollara nə alırdılarsa, indi də həmin şeyi 1 dollara alırlar. Biz isə cəmi 28 ildən sonra

iki qəpiklik dəftəri 1 AZN-ə alırıq. Mağazada 20 qəpiyə aldığımız suyu “İçəri şəhər”

metrosunun qarşısında 50 qəpiyə, “Funikulyorun” çıxışında 1 AZN-ə alırıq. Sovet

dönəmində suyun bir stəkanı köşklərdə bir qəpiyə idi. Bəlkə də bəzi adamlar bunu

biznes fəaliyyəti kimi başa düşürlər. Xeyir, qətiyyən yox! Bu, təmiz oğurluqdur. Həm

də məktəb yaşlı uşaqların çirkli işlərə qatılmasıdır.

Bəzi arxası olanların, zirzəmilərdə, şəhər kənarında gözdən uzaq yerlərdə, şəhər

kranlarından gələn 1 kubmetri, yəni min litrəsi 36 qəpiyə olan suyu müxtəlif həcmli

plastik qablara doldurub, istənilən adlı sularımızın etiketi yapışdrılmış qablarda on

dəfələrlə baha satılması da biznesdirmi? Əlbəttə yox, bu da təmiz haram fəaliyyətdir

və uyğun orqanlar tərəfindən nəzarətdə saxlanılmalıdır.

Adətim üzrə bir mövzuda nəsə yazmaq fikrinə düşəndə, özümə yaxın bildiyim

insanlar arasında fikir mübadiləsi aparmaqmı və ya mövzunun aktuallığı barədə

ətrafdakıların nə düşündüyünü duymaq istəyindənmi, həmin mövzuda söhbətlər açıram.

Aylarla qəlbimdə gəzdirdiyim düşüncəmin əsir düşdüyü olaylar haqda fraqmentləri

bölüşəndə, o saat kimsə mütləq ağzını büzəcək və “nə olsun?” deyəcək. Bax, elə bu nə

olsunlar da bizi yıxır. İnsanların 90 faizi yazmaq iqtidarında deyil, onlar üçün yazmaq,

vaxt itirmək, tamam lazımsız işlə məşğul olmaq və ya ayıb iş görmək kimi bir şeydir.

Qoy olsun. Hər yüz nəfərdən ikisi yazsa bəsdir. İnsanların qüsurlarını göstərmək, haqqı

qorumaq savabdandır. Onsuz da müasir zamanda, kompüter əsrində insanların əlində geniş

imkanlar, kompüterlər, mobil telefonlar olduğundan istifadəçilər elə bilirlər ki, oradakı

informasiya bazası, müxtəlif elm sahələrindəki bilgilər avtomatik sahibinin malıdır.

Xeyir, mənim əzizlərim, bu Seyidin cəddinə arxayın olması kimi bir şeydir. Yalnız o

bilgi bizimdir ki, o bizim şəxsi yaddaşımızdadır. O bilgini biz istədiyimiz vaxt işlədə

və ya tətbiq edə bilərik. Mənim işim cavanlara düz yol göstərməkdir. Qoca qartallarla

işim yoxdur. Onlar yırtıcı təbiətlərindən əl çəkən deyillər. Onları verək zamanın ixtiyarına.

Məsələn, alqı-satqı prosesində gəlir müsəlman aləmində 20 faizdən çox

olmamalıdır. Əgər söhbət dərmanlardan gedirsə, insanların sağlamlığı ilə əlaqəlidirsə,

onda gəlir cəmi 2 faiz olmalıdır. Əczaçılar tibbi savada yiyələnmiş, Hippokrat

andından xəbərdar adamlar olmalıdırlar. Dərman təchizatı şəbəkəsi, ticarət şəbəkəsi

olmamalıdır. Burada işləyənlər də biznesmen olmamalıdırlar. Bu sahəni tezliklə

alverçilərdən təmizləmək lazımdır. Rusiyada istehsal olunan fəqərə sütunu xəstəlikləri

dərmanı “karipaini” 8 AZN-ə alıb, 28 AZN-ə satmaq igidlik deyil, cibgirlikdir.

Apteklər səhiyyə xidməti göstərməlidir, dövlət nəzarətində olmalıdır, biznesmenləri

o sahəyə buraxmaq olmaz. Onlar icarə haqqı verməməlidirlər, onlara yeri Səhiyyə

Nazirliyi verməlidir. Narkomaniyanın artmasını da mən bununla izah edirəm. Fırıldaqçı

biznesmenə paranı ver, narkotiki al. Yarayarmı?

Hələ millət artmış maaşların üzünü görməyib, gedin özəl klinikalarda, tibbi

plazalarda xidmətlərin qiymətlərinə baxın. İstənilən müayinəyə girib çıxırsansa, bir neçə

yüz AZN qoymalısan. Yəni, səhiyyə sahəsi tam biznesmenlərin əlindədir.

Mənim tələbə vaxtlarımda dayım böyrək xəstəliyindən əziyyət çəkirdi. Həmişə daş əmələ

gəlməsin deyə “siston” tabletləri qəbul edirdi. O dərmanın on tabletlik lövhələri 80 qəpiyə idi.

Həmin tabletlərdən indi mən də istifadə edirəm. İndi həmin lövhələrin beşini qutuya qoyub,

18 AZN-ə satırlar, yəni 4,5 dəfə baha.

Gözlərimdə qlaukoma var. Üç dərmandan istifadə edirəm, hər dərmandan birini səhər,

birini günorta, birini də axşamlar hər gözümə bir damla tökürəm. Hər dərmanın qutusunda 60

damcılıq flakon var. Qutunun birini qabaqlar 8 AZN-ə, sonra 18 AZN-ə, indi isə 28 AZN-ə

satırlar. Həmin dərmanların hər biri İranda 4 AZN-dir, yəni 7 dəfə ucuz. Gömrüklərimiz

xüsusi tapşırıq alıblar. Sərhəddən dərman keçirmək olmaz. Bizim dərmanlarımız 7 dəfə

bahadır, deməli, gözü çıxarmaqdan başqa əlacı yoxdur. Dostlarımın prostat vəzi problemləri

var. Onların da dərmanları 6-7 dəfə bahadır. Yaxşı, bu da biznesdirmi? Yəni, dərman biznesi

də olmalıdırmı? Bütün Azərbaycan müalicə olunmaq üçün axışıb İrana gedir. Çünki bizdə

əməliyyatlar 5-10 dəfə bahadır. Mənim dostlarımın birinin oğlu özəl klinikaların birində

işləyir. Klinikanın sahibi epitafist Hacı, nəfsdənbol deyir ki, aynadan baxın, gördünüz xəstə

maşınla gəlibsə, onun heç olmasa apendeksini kəsin, elə-belə buraxmaq olmaz. Bir də hər

gələn xəstəni heç olmasa beş kabinəyə göndərin və ən azı on analiz verdirin. Əgər

bacarmırsınızsa, işdən çıxın. Həkimlər iş üçün əllərimizi öpürlər.

Bütün bunları öz üzərimdə sınaqdan keçirtdiyimə görə “Baxilli plazalara humanitar

yardım” şeirini yazıb, alverçi həkimlərimizə ərmağan etdim. Piyləndikcə bir-birlərinə

“dərdin kəm” deməsinlər. Heç olmasa onları qiyabi qıdıqlayaq, əyani gücümüz çatmır.

BAXİLLİ PLAZALARA HUMANİTAR YARDIM

Tax baxili ayağına

Gir həkimin qılığına,

Otaq-otaq gəzdirsin

Ciblərini kəsdirsin.

***

UZİ uzun qəzəldir,

Başlanğıcdır, əzəldir,

Dopler onun davamı,

Görünməmiş məzədir.

***

Sonra sonsuz qramlar,

Uzun kardioqramlar.

Analizlər cürbəcür,

“EXO” verən dramlar.

***

Baxil çıxana qədər

Tüğyan edir qəm-kədər.

Baxil çıxandan sonra

Bağrını aptek dələr.

***

Baxil geydim, alışdım

Cələlərə dolaşdım.

Yaman qovğaya düşdüm,

Həkim gəldi, mən qaçdım.

***

Həkim sınağa düşdü,

İşbazlarla bölüşdü.

Tələ qurdu millətə

Yaman qınağa düşdü.

***

Allah andına dəysin,

Andın nəfsini kəssin.

Xalqa qənim kəsilən

Əməlin daşa dəysin.

Bu günlərdə Rusiyanın ORT kanalında gedən verilişlərin birində məşhur politoloq,

hamınızın tanıdığı Pozner dedi ki, ömrü boyu şəkər xəstəliyindən əziyyət çəkmişəm,

günüm-güzəranım olmayıb. Bu yaxınlarda ABŞ-a ezamiyyətə getmişdim, dedim bir həkimə

baş çəkim, bəlkə bunlarda diabetə qarşı nəsə var. Getdim, xəstəliyimin tarixini danışdım, o

mənə bir qutu dərman verib dedi: “iki-üç günə təsirini görəcəksiniz.” Həqiqətən, üçüncü gün

artıq şəkərim normal idi. Qayıdan başı təyyarə limanından birbaşa səhiyyə nazirinin

qəbuluna getdim, qutunu göstərib soruşdum “bu dərmanı tanıyırsız?” “Əlbəttə tanıyıram,

şəkər dərmanıdır”- dedi. Bəs, onda bu boyda milləti niyə öldürürsünüz? - dedim. O da dedi

ki, bəs milyardlarla rublluq dərmanları neyləyək? Onları istehsal edən yüzlərlə müəssisəni

bağlayaq, camaat işsiz qalsın? Bu da özündən deyən Rusiya! İndi görün biz nə gündəyik!

Təhsil sahəsindən çox yazmışam. Təhsil indi tam İqtisadiyyat Universitetini

bitirənlərin əlindədir. Pedaqoji elmlər sahəsində kifayət qədər ixtisasçılarımız ola-ola

təhsili biznes sahəsinin ulduzlarına vermək özü nə deməkdir? O deməkdir ki, təhsil

sahəsi də biznes sahəsinə aiddir. Konstitusiyamıza görə bizdə ibtidai və orta təhsil

pulsuzdur. Təhsil sahəsinin başbilənləri hey deyirlər ki, məktəblərə pulsuz dərs

kitabları veririk. Düzdür, verirlər, lakin əlavə biznes xatirinə verilən dəftərlər, xüsusilə,

rəsm albomları, testlər, işçi dəftərlərin qiyməti o qədər şişirdilmişdir ki, borc-xərci

ödəmir. Hər bir fənnin testləri 8 AZN-ə, işçi dəftərlər 8 AZN-ə və s. Hər fənnin testi

də olmalıdır, işçi dəftəri də. Bu da edər 16 AZN. İndi 16-nı vurun fənnlərin və şagirdlərin

sayına, olur milyonlar. Biznes deyilmi?

Bütün bunların hamısı ümumbəşəri dəyərlərin xalqımızın istəyinə uyğun təhlilindən

bəhrələnməklə həll oluna bilər. Məşhur 7 yunan müdriklərindən ikincisi sayılan Xilon (e.ə.

700-620)- spartalı Demaetin oğlu, efor (dövlətin 5 ali vəzifəsindən biri) seçilərkən qardaşının

paxıllıqdan hirslənib –“niyə səni seçirlər, məni yox?” –sualına- “çünki mən ədalətsizliyə dözə

bilmirəm, sən isə dözürsən” cavabını verir. Dövlətin və millətin gələcəyə yönəlik

problemlərini əsl insani ideallara sadiq qalaraq həll etmək üçün birinci növbədə kadr

seçimində qüsurlar aradan qaldırılmalıdır. Təhsilə, təhsil sahəsinin tanınmış mütəxəssislərini,

səhiyyəyə hamı tərəfindən tanınan və qəbul edilən, mənəvi zənginliyi ilə seçilən, Hippokrat

andına sədaqətlə və ləyaqətlə əməl edənləri, ədliyyəyə ədaləti ilə seçilənləri, polisə qəlbində

Allahın rəhmi olan, düşüncəsi xalqa bağlı el oğlanlarını yönəltmək lazımdır. Fırıldaqçı, pulgir

yerlibazlar, biznesmen adı altında gizlənən hərislər Zərdüşt peyğəmbərin vaxtında bazar

milçəkləri ilə bir tutulurdu, onlara millətin taleyini tapşırmaq olmaz. İnsani ideallara sədaqət

və mənəvi zənginlik baxımından bizneslə məşğul olmaq hər subyektin işi deyil. Biznesin

kökündə halallıq durmalıdır. Qəlbində Allahın rəhmi olanlar üçün “Halala dönək dostlar!”

şeirimi təqdim etməyi qərara aldım.

HALALA DÖNƏK, DOSTLAR!

Halala dönək dostlar, halala,

Düşməmək üçün pis hala.

Haram bizi sökəcək,

Qayıtmasaq düz yola.

***

Halal dadlı-ləzzətli,

Ruzi-bərəkətlidir.

Həm də duzlu-çörəkli,

Açıq süfrə deməkdir.

***

Halal müsəlmanlığın

Əsas əlamətidir.

Keyfiyyət nümunəsi,

Dadı - şərafətidir.

***

Haram işə girişən

Əvvəl-axır dolaşar.

Haramı üstün bilən,

Tez təntiyər, tez çaşar.

***

Halala dönək, dostlar,

Haramdan iraq duraq.

Allah verən ömürü

Şərəflə başa vuraq.

Biznesmen sözünün bir mənası da alverçidir. Alverçilərin isə proletarların qəbir

qazıyanları olduğu da məlumdur. Proletar dedim, Şimal qonşularımız yadıma düşdü. Ac-

yalavac içki düşkünlərinin vətəni, bütün qonşuları ilə dildə dost, qəlbdə düşmən, gözü

qonşuların torpaqlarında, əlləri onların ciblərində. Nəsil-nəsil insanlar onların tapdağından

əziyyət çəkərək dünyalarını dəyişiblər. Cavad Xanın naləsi unuduldumu? Həqiqi vətən

fədailəri, cümhuriyyətçilərin ah-naləsi yaddan çıxdımı? İndi də qeyrətli oğlanlarımız hədəf

olaraq qalırlar. Bu da bizim bəxtimiz. İşlərimizin yarıtmaz olmasında zəhmətkeş

vətəndaşlarımızın heç bir təqsiri yoxdur. Təqsiri olanlar fikri-zikri xaricdə olan, əlinə düşəni

aparıb xaricə qoyanlardır. Digər tərəfdən, əmək haqlarının ağlasığmayacaq qədər az

olmasıdır. Bizim ölkədə minimum əmək haqqı dünya üzrə orta hesabla götürülmüş bir günün

əmək haqqı qədərdir. 200 AZN -100 avro deməkdir. Bu, ABŞ-da süpürgəçilərin bir gündə

aldığı əmək haqqıdır. Onların iş gününün bir saatının qiyməti 18 dollardır.

2016-cı ilin yayında biz İsveçrənin paytaxtı Bern şəhərində olanda bələdçimiz Qalina

xanım bizi mərkəzi Ratuşa (1406-1417) ilə tanış edəndə üç mərtəbəli, tünd boz rəngli,

əzəmətli bir binanı göstərib: “baxın, bütün postsovet respublikalarının məmurlarının

çırpışdırdıqları var-yoxu bu binadadır” - dedi və o saat da əlavə etdi ki, elə əbədi olaraq

burada da qalacaqdır. 24 nəfər idik. Hamımız bir-birimizin üzünə baxıb məyus-məyus

gülümsədik. İşə bax! Bədbaxt postsovet dövlətlərinin vətəndaşları eyni aqibəti bölüşürlər.

Bütün dünya bilir və heç kəsin də vecinə deyil. Budurmu humanizmin təntənəsi? Əlbəttə yox,

bu humanizmin məngənəsidir, başqa heç bir şey! Bu yerdə XX əsrin əvvəllərində

Məhəmməd Hadinin avropalılara yönəlmiş bir bəndi və mənim ona cavabım yadıma düşdü:

İngilislə fransız

Hər ikisi imansız.

Bizə iynə verməsə,

Qalacağıq tumansız.

Mənin 100 il sonrakı cavabım:

Fransızla ingilis

Kimə yaxşı, kimə pis.

Bizimçün fərqi yoxdur

London olsun ya Paris.

* * *

Hər ikisi avropa

Dünyanı tutub topa.

Şərqə divan tutublar,

Talan edib soyublar.

* * *

Nə iynəsi, düyməsi

Gərəyimiz deyildir.

İndi pampers əsridir.

Daha tuman geyilmir.

Xaricə para daşıyanlar ağına-bozuna baxmadan, bütün istiqamətlərdə adını biznes

qoyub xalqı soymaqla məşğuldurlar. İmkanı olanların hamısı əl-ələ verib nəyidisə satır,

kimləridirsə aldatmaqla məşğul olurlar. İnstitutlarda, müxtəlif tibbi müəssisələrində,

apteklərdə, bütün ticarət mərkəzlərində.

Həzrəti Məhəmməd Peyğəmbərimiz də cavanlığında tacir olub və həmin sənətə yüksək

qiymət verib. Onun qoyduğu qanuna görə satılan istənilən malın üstünə 20 faizdən artıq

qazanc faizi qoymaq haramdır. İndi əgər aldığın hər nəyisə 5-10 dəfə baha satırsansa demək,

avtomatik müsəlmanlığı tərk edirsən, lakin boynuna almırsan, hələ üstəlik Məşədi də olursan,

Hacı da, deputat da, nazir də, hər bir işə hazır da.

Bəs, bütün bu həngamələri törədən fırıldaqçı iş adamları etdikləri naqislikləri

boyunlarına alırlarmı? Əlbəttə, yox. Onlar deyirlər ki, qazandıqlarımızın 90 faizini əlimizdən

alırlar. Yəni, bizim ölkədə azad ticarət yoxdur. Azad yığım var. İndi valideynlər övladlarını

elə sənətə yönəldirlər ki, uşağın gündəlik qazancı olsun, kimdənsə-nəsə ala bilsin. Bu,

müxtəlif müvəkkil və müfəttişlərdir: Polis müvəkkili, vergi müfəttişi, müfəttiş möhürlü

jurnalistlər, sanitar epidemioloji sahənin müfəttişi, torpaq, su, hava müfəttişi, icra müfəttişi,

bələdiyyə müfəttişi, tədris-təhsil müfəttişi, yanğın müfəttişi, fövqəladə hallar müfəttişi, qaz

müfəttişi, qərəz əşi-işi, bitdi işi. Bütün bunlar göstərir ki, həqiqətən bizdə işsizlikdən söhbət

gedə bilməz. Sadəcə, bizim insanlar bir-birlərindən yığmaqla məşğuldurlar. Soruşa bilərsiniz

ki, bəs nə qədər, minimum əmək haqqı qədər yığmaq olurmu? Olur. Hələ ondan çox da

yığmaq olur. Deyirlər ki, küçədə nəsə satmaq istəsən gərək gününə 15 AZN kiməsə

verəsən. Bu da eliyər ayda 450 AZN.

Mənə deyirlər ki, nəyinə lazımdır, niyə yazırsan? Hamı bilir də. Bilib səsini

çıxarmayana Allah lənət eləsin. Demək belə çıxır ki, uşağa elm yox, yığmağı öyrətmək lazım

imiş. Onlara başa salmaq lazımdır ki, yığanlar hamısı biznesmenlərdir, fərqi nədir, əynində

mülki geyim var ya başqa.

İmanımı yandıra bilmərəm, hələ deyirlər ki, müxtəlif arabacıqlarda oturub dilənən

şikəstlərdən də aylıq alanlar var. Bu yerdə rəhmətlik Pifaqorun 2500 il əvvəl dediyi “həyat

yolunda tozanaq qoparma” aforizmi yada düşür. Həyat yolunda tozanaq qoparanlar da yəqin

ki, zəhmətsiz yığanlardır. İntəhası bilmək lazımdır ki, tozanaq yatandan sonra mütləq

peşimançılıq olacaq və elələrinin əli heç yana çatmayacaq. Hər halda, biznesmen olmaq

lazımdır, lakin tozanaq qoparmaq lazım deyil. Vaxtilə, Sovetlər dağılanda, Baltikyanı

ölkələrin vətənpərvər qüvvələrinin çağırışı ilə yüz minlərlə vətəndaş əl-ələ verib sərhəd boyu

düzülmüşdülər. Onlar simvolik canlı hasar düzəltmişdilər və bütün dünyaya göstərmək

istəyirdilər ki, əgər kimlərsə onların vətənlərinə basqın etmək fikrinə düşsələr canlı hasarı

vurub keçməli olacaqlar. Hadisə bütün dünyada çox böyük əks-səda verdi və ölkələrin

müstəqilləşməsi reallaşdı. Bizdə bu mümkün deyil. Çünki bizim əllərimiz məşğuldur, biri-

birimizin cibindədir, biz əl-ələ verə bilmərik. Ermənilər də elə bundan istifadə edirlər.

Beləliklə, məncə biz biznes kəlamını düzgün anlamırıq. Gəlin, elə dədə-baba qaydası

ilə ticarətimizi edək. Vəssalam. Qoy bizneslə elə dünya şöhrətli fırıldaqçılar məşğul olsunlar.

Yazını Pifaqorun kəlamı ilə başladıq. Məncə, elə onun kəlamı ilə də qurtarsaq yaxşı

olar. Çünki böyük Heradot, vaxtilə Pifaqoru Yunanıstanın ən müdriki adlandırmışdı. Pifaqor

deyirdi: “Həyat meydandır; kimi yarışmağa gəlir, kimi alverə. Amma xoşbəxtlər tamaşaya

gələnlərdir.” Yəni, hörmətli oxucular, hara baxsanız yenə biz sizinlə xoşbəxtik, yaxşı ki,

tamaşaçıyıq və qəlbimizdən keçənləri deyə bilirik.

Nemət Məmmədli

Lütfi Zadə adına BMEA-nın həqiqi üzvü

Son xəbərlər
Bütün xəbərlər »