Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevin səlahiyyətləri genişləndirildi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin ilk prezidenti Nursultan Nazarbayevin dövlət orqanları sistemində kadr siyasəti sahəsində səlahiyyətlərini genişləndirən fərman imzalayıb.

Sözügedən sənəd normativ hüquqi aktların hüquqi informasiya sistemində dərc olunub.

Fərmana əsasən, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin rəhbərləri istisna olmaqla, digər nazirlərin təyinatı Prezident tərəfindən Təhlükəsizlik Şurasının sədri ilə razılaşdırıldıqdan sonra həyata keçiriləcək. Bundan əlavə, Qazaxıstan Prezidentinə birbaşa tabe və ya hesabat verən orqanların rəhbərləri də TŞ rəhbəri ilə razılaşdırılacaq.

TŞ rəhbəri eyni zamanda bundan sonra əyalətlərə, respublika əhəmiyyətli şəhərlər və paytaxta akimlərin (administrasiya rəhbəri) təyinatı zamanı razılıq verməlidir.

Tokayevin qərarı ilə həmçinin TŞ katibinin təyin edilməsinə dair prosedurda da dəyişiklik edilib. Belə ki, əvvəllər bu vəzifəyə təyinatı ölkə başçısı Prezident Administrasiyasının rəhbərinin tövsiyəsi əsasında həyata keçirirdi. İndi isə TŞ katibinin təyinatı şuranın sədri ilə də razılaşdırılmalıdır.

Xatırladaq ki, 30 ilə yaxın Qazaxıstana rəhbərlik etmiş Nazarbayev bu il martın 19-da istefa verib. Dövlət başçısı daha əvvəl parlamentin yuxarı palatasının sədri olmuş Tokayev seçilib.

Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri və hakim Nur Otan partiyasının lideri vəzifələrində qalır. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »