Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Sus, danışma...”
TELEBE

45 dəqiqədən bir 5 dəqiqəlik fasilə ilə davam edən mühazirə, seminar  dərsləri o qədər də interaktiv keçmir. Hər semestrda bir-iki ürəkaçan müəllimimiz olur ki,  onların dərsi eşqinə universitet adlı məkana getməyə bəhanəmiz olur. Yoxsa səhər gözünü açdığında ağlına gələn sıx, boğunuq, havasız metro, avtobus, üstəlik də heç bundan geri qalmayan auditoriyamız yada düşəndə adamın nəinki yerindən durmağa həvəsi olur, lap az qalır  “Mən oynamıram” deyib bu məzhəkənin bir obrazı olmaqdan imtina edəsən. (Bu sıx, havasız yerlərə niyə auditoriyamızı da əlavə etdim deyə düşünənlər üçün qeyd edim ki, auditoriyada 80-90 nəfər oluruq. Tələbələrimiz də çoxüşüyən olduqlarına görə pəncərələri açmağa imkan vermirlər. İşin tragikomik tərəfi də odur ki, həmin tələbələrin bir neçəsi elə pəncərənin yanındakı yerlərdə əyləşir, ona keşik çəkir, havasız şəraitdə immunitetini məhv edib tez-tez qrip olanlardır). Amma neyniyəsən ki, böyük arzularla, həvəslə başladığın universitet həyatının ilk günləri kimi, elə hər semestr “Bu dəfə daha yaxşı olar, yəqin ki belə davam etməz” dediyimiz 4 illik məzhəkə elə hər semestrda da xəyallarımızı qıra-qıra başa çatır.

Yəqin ki, bizim ölkədə bir çox gənc ilk ən böyük peşmanlığını orta məktəbi bitirib müstəqil həyata atılarkən universitet divarları arasında hər gün xəyalları qırıldıqca, günbəgün bir az daha boğulduqca yaşayır. Amma nəticə etibarı ilə hər birimiz arzularımızı boğaraq, bəzən lap məhv edərək bu yola davam edirik. Çünki “El hara, sən də ora” öyrədiblər bizə. Bunu elə yaxşı öyrənmişik ki, hətta çox haqlı fikirmiş kimi birimizin səsi çıxanda ağzından elə bu sözlə vururuq, əlavə də edirik ki: “Vallah, heç nə dəyişən deyil. Başına iş açma. Hamı necə yola verir, sən də elə”. İlahi, dəhşətə bax! “Hamı necə yola verir, sən də elə!” Özünü azad hesab edən, azad olduğunu düşünən insan çarəsizliyini, ətalətini bundan artıq necə etiraf edə bilər?!  Bu sualımı ixtiyarınıza verib, keçirəm universitetdə bir günümüzün qısa təsvirinə...

Səhərləri günəşdən əvvəl “oyanan” mən tələbənin ağlına ilk gələn fikirlər: Avtobus sıxlığı, metro basabası, dərsə gecikmə narahatlığı, (daha çox halda sadəcə “qayıb” alma narahatlığı olur) havasız, 80-90 nəfərlik auditoriyada ya səs-küydən, ya da mühazirə müəlliminin ciddi, soyuq, bütün sevgi və mərhəmət hisslərindən uzaq, quru səsindən yorulacağam. Məni yoran nüanslar elə bu qədər deyil, hələ bunun davamı var. 5 dəqiqəlik tənəffüslərdə hava almaq üçün dəhlizə çıxırsan, amma bir çox halda dəhlizdə da havasızlıqdan boğulursan. Düşünürsən ki, birinci mərtəbəyə düşəsən, amma buna da vaxt çatmaz. Çarəsiz boğulmağa da, yorulmağa da dözürsən. Bu bir növ insanın özünə işgəncə verməyinə bənzəyir. Amma yanlış anlamayın, bu vəziyyətdən zövq aldığımız üçün dözmürük, sadəcə buna məcbur olduğumuzu düşünür və ya inandırılmışıq. 5 dəqiqəlik tənəffüsün ardınca dərs davam edir. Mühazirədirsə, yenə dözmək olar, amma seminardırsa daha dözülməzdir. Dərsi danışacan, müəllim bir-iki sual verəcək. Tələbə dilində “insaflı müəllim” dirsə nə səni, nə özünü yorar, “Sağol, balam, keç əyləş” deyib 8-9-nu yazacaq. Əks halda isə aşağı bal yazmaq üçün min cür üsuldan istifadə edər. Öz fakültəmizin müəllimləri adətən birinci – insaflı müəllimlərdən olur. Bəzən “öz prinsipləri” olan müəllimlərə də rast gəlirik, o zaman da ixtisasımıza aid fənnin xətrinə xoşluqla səbr edirik. Qeyri-ixtisas fənnlərini tədris edən müəllimlər arasında da insaflıları olur, həm dərsi yaxşı tədris edir, həm də yüksək bal yazmaqda yumşaq desəm simiclik etmirlər. Bundan daha təfərrüatlı dərs sonunda 10 dəqiqəlik tənəffüsümüz olur. Bu tənəffüsdə tələbələr yüngül yemək yeməyə, çay içməyə birinci mərtəbədəki bufetimizə enirlər. Müəllim üzüyumşaqdırsa, “Müəllim, beş dəqiqə geciksəm, xahiş edirəm “qayıb” yazmayın. Aşağıya yemək yeməyə enirəm” – deyə icazə ala bilərsən. Əks halda bir tikə yediyin yemək növbəti dərsdə bir “qayıb”a bais ola bilər. Onu deyim ki, elə “qayıb” məsələsində də daha çox sərtlik göstərən qeyri-ixtisas fənn müəllimləri olur. Öz fakültəmizin müəllimlərində adətən qayğıkeş, anlayışlı bir yanaşma görürük. Əksini gördükdə də əlbəttə ki, çox təəccüblənir, çox məyus oluruq. Çünki bütün tələbələr sözdə “gözəl tələbəlik” kimi səslənən, gerçəkdə isə çox ağrılı-acılı, yorucu  bu məşəqqətli tələbəlik illərində öz fakültəsinin müəllimlərinə pənah aparır, onlara sığınırlar.

Birinci mərtəbədə yerləşən bufetimiz bu il yenilənib, əsaslı təmir edilib. Kənardan baxanda çox gözəl, müasir görünür. Amma içəri daxil olur, məhsullara, bir də qiymətlərinə baxınca geri durursan. “Əl vurma, əlin yanar!” Bufetimiz şahmat taxtası rəngində dizayn olunub. Təmirdən sonra rahat oturacaqlar gətirilib. Xidmət göstərənlərin də forması çox səliqəli görünür. İçəri daxil oluram. İrəlidə satış edilən vitrin yerləşdirilib. Vitrinin önündə qırmızı lentlə düzəldilmiş keçid var. Keçidin arxasına keçirəm. Nə alacağımı müəyyənləşdirib ona uyğun boşqab, çəngəl, bıçaq, podnos götürə bilərəm. Amma burada bir əmma var. Əmma budur ki, məhsulların üzərində qiyməti yoxdur. Bir çox məhsulların üzərində nə istehsal tarixi, nə tərkibi var. İndi bir-bir soruşsan ki, bu neçəyədir, tərkibi nədir, uzun vaxt aparar. Buna görə adətən tələbələr məcbur qalaraq ya gözünə nə xoş dəyirsə onu, ya da əvvəllər aldığı məhsuldan alıb keçir kassaya.

Bir-iki məhsulun qiymətini soruşuram. Hər şey yaxınlıqdakı marketdən ən azı iki dəfə baha qiymətədir. Sanki əlimyandıda nəsə alacağımız bir məkandır. Heç nə almayacağımı qərarlaşdırıb keçirəm kassa tərəfə. Kassanın yanında hər zaman kostyumlu bir bəy dayanır. Ondan niyə məhsulların üzərində son istehsal tarixinin, tərkibinin olmadığını soruşuram. Cavabında bir az kobud, özündənrazı tərzdə: “ Bu nəyə lazımdır ki?” – deyə sual verir. Mən: “Necə yəni nəyə lazımdır?! Aldığım məhsulun istehsal tarixini, tərkibini bilmək ən təbii haqqımdır!” – deyirəm. O isə: “ Xanım, bütün məhsullarımız təzədir. İnanmayan olsa,  müəssisə yaxındadır. Apararıq baxsın” – deyə cavablayır. Mən: “Hər kəs gərək gedib baxsın? Xəta olanda birdən olur. Keçən il tələbə yoldaşlarımdan bir neçəsi elə buradan bu cür naməlum istehsallı məhsuldan zəhərlənmişdi” – deyirəm. Amma nə fayda? Adam öz dediyini deyir. Nəysə ki, son anda “Yaxşı, çalışarıq iradınızı qiymətləndirək” – deyir. Amma  yaxşı bilirəm ki, bu sadəcə söhbətimizi tələbələrin eşidib duyuq düşməməsi üçün məni yola salmaqdan ötrü deyilən sözdür.

Bufetimizdə ən ucuz məhsul kardon qabda verilən 10 qəpiklik çaydır. Bir neçə gün əvvəl məcburiyyətdən aldığım çayı əlimdə görən tələbə yoldaşım: “Aləmdə, burdan çay almısan, amma bir də alma” – deyə, deyib keçdi. Sonra məlum oldu ki, çayını içib qalxan tələbələrin süfrəsində qalan bu kardon stəkanlar yuyularaq yenidən onlarda çay verilir. Ona görə də tələbələr bir-birini “Çayını içəndən sonra qabı əz” – deyə tənbehləyir.

Bu gün dərsimiz iki saatdır. Qrup yoldaşımla qərara almışıq ki, evdən özümüzlə götürdüyümüz yeməyimizi bufetdə yeyib, sonra işə gedək. Bufetə enəndə görürük ki, bizdən başqa da qrup uşaqları bufetə yemək yeməyə gəlib. Amma ikimizdən fərqli olaraq onlar yeməklərini evdən gətirməyib, elə buradan alıb yeyirlər. Aldıqları salatın necə daddığını soruşuram, cavabında ağızılar büzülür, “Məcburiyyətdən yeyirəm” deyə cavab verilir. Elə bu dəmdə iki xanım tələbə əllərində podnos qarşı masada əyləşirlər. Qrup yoldaşıma: “A nə yaxşı, artıq kortof qızartması, toyuq əti də satılır?” – deyə sual edirəm. Bu yerdə digər yoldaşım: “Toyuq budunun biri 1 manat 50 qəpiyə satılır”  deyir. Xanım tələbənin əlində paketlənmiş çörək diqqətimi çəkir. Öz-özümə düşünürəm ki, nə yaxşı, çörəyi belə paketləyiblər. Bu cür daha təmiz olur, əl təması olmadan ürəyi rahat alırsan. Amma məlum olur ki, marketdə 10 qəpiyə satılan çörəyi 4 yerə bölüb, bu cür paketləyib birini 10 qəpiyə satırlar. Xanım tələbələr qalxır, lakin qızardılmış kartofları elə boşqablarında qalıb. Yaxınlaşıb yeməyin dadını soruşuram. Çox narazıdılar, kartofların yarıbişmiş, yarıçiy olduğunu deyirlər. Söhbətimiz əsnasında məlum olur ki, universitetimizin əsas binasında oxuyan bu xanımlar məcburiyyədən bizim binaya gəliblər. Sən demə, onların binasında saat 12-dən 3-ə kimi bufet bağlı olur. Buna da təəccüblənib masama dönürəm. Qrup yoldaşlarıma şirin söhbətləri ilə mənə yoldaşlıq etdikləri üçün təşəkkür edib qəlbiqırıq amma közərən ümidlərlə sağollaşıram.

Bu olanların sonunda: “Aləmdə, yenə deyəcəksən Gülçin danışır, amma yazmasan yaxşıdır. Onsuz da tələbələrdən sənə dəstək olan olmayacaq. Hər kəs başını aşağı salıb işini görür. Sən də boş ver, başını ağrıtma”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi:

Aləmdə Nəsib

Bizimyol.info

Paylaş »
››› Xose Bernardo onu və qardaşını bıçaqlayanın kim olduğunu açıqladı - Video
››› Evini satmaq istəyənlərə şad xəbər
››› Bakı metrosunda iki stansiyanın adı dəyişdiriləcək
››› "Lavrovun bəyanatı Rusiyameyilli kadrların işdən kənarlaşdırılmasına cavabdır"
››› Stalin nə qədər pul qazanmışdı?
Son xəbərlər
Bütün xəbərlər »