Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Respublika Xammal və Əmtəə Birjasında hərrac fırıldağı iddiası - Foto

Bizimyol.info saytına müraciət edən Səfərov Şahin Vaqif oğlu bildirib ki, Respublika Xammal və Əmtəə Birjasının “Rabitəbank”la birgə keçirdiyi hərracda 117 qram qızılı almağa haqq qazansa da indi ona lazımi sənədlər verilmir ki, aldığı mala sahib dursun. İzləyicimiz bildirir ki, hərrac ona vermiş olduğu 144 manat behin iki qatını qaytarmağa razıdır. “Amma mən istəmirəm. İtaparan pay kimi mənə 300 manat verib, özləri 5000-6000 manatlıq qazanc əldə etmək istəyirlər. İtalyan qızılının bir qramının alış qiyməti 55 manat edir, bunlar mənimlə oyun oynayırlar”.

Məsələyə tam aydınlıq gətirmək üçün Səfərov Şahinin şikayət ərizəsinin mətnini təqdim edirik.

“14.10.2019-cu il tarixində Respublika Xammal və Əmtəə Birjası tərəfindən, Həsənov Asif Məsim oğluna məxsus olmuş 01/780 D lotu üzrə ümumi çəkisi 117.8 qram qızıl zinət əşyalarının hərracı təşkil olunmuşdu.

Mən hərracda elektron qaydada iştirak edərək qalib gəldim. Elə həmin gün mən hərracın təşkilatçısı ilə hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalamaq istəsəmdə, onlar mənim ilk öncə tələbkara, yəni “Rabitəbank”ın 28 may küçəsi 33-də yerləşən baş ofisinə yaxınlaşmalı olduğumu dedilər. Ora yaxınlaşdıqda isə məni qarşılayan, “Rabitəbank”ın Baş Ofisinin Baş Direktoru Ceyhun İbrahimov, qızıl sahibinin borcunu bağladığını və buna görə də qızılı heç bir halda təhvil verə bilməyəcəyini dedi. Və Respublika Xammal və Əmtəə Birjasının əməkdaşı Günel xanıma zəng edərək hərracın baş tutmamasına dair imtina məktubu göndərəcəyini dedi.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.3 maddəsinə əsasən hərracın təşkilatçısı auksionu onun keçirilməsi gününə ən geci uç gün qalmış imtina edə bilər. Hərrac baş tutduqdan və qalib müəyyən olunduqdan sonra isə hərracın keçirilməsindən imtina oluna bilməz.

Hərracda qalib olduğuma dair sənəddən də göründüyü kimi rəqibim Şirvan adlı şəxs idi. Sonradan öyrəndim ki, bu Şirvan tələbkar bankın əməkdaşıdır. Belə çıxır ki, əgər hərracda tələbkar bankın nümayəndəsi qalib olsaydı hərrac baş tutmuş sayılacaqdı, amma başqa tərəf, yəni mən qalib olduğuma görə hərracın nəticələrini qəbul etmək istəmirlər.

Mən yenidən Respublika Xammal və Əmtəə birjasına yaxınlaşmaq məcburiyyətində qaldım. Orada məni Günel adlı əməkdaş qarşılayaraq bildirdiki mən “Rabitəbank”la "razılaşmalıyam", onların “razılığı olmalıdır”. İndi bu “razılaşmalıyam” və “razılığı olmalıdır” sözlərinin altında nə mənanın yatdığını özünüz müəyyən edin. Uzun çək çevirdən sonra Respublika Xammal ve Əmtəə birjasının əməkdaşı qalib olduğuma dair protokolu mənə verdi. Qeyd edim ki, bu protokolda şəxsi məlumatlarım olmadığından onun həqiqiliyinə şübhəm yarandı.Protokolun bu şəkildə olmasına çox böyük şübhələrim olduğunu deyəndə isə mənə elektron protokolların belə olduğunu bildirildi. Şübhəmin yaranmağına səbəb isə "protokolda" mənim şəxsi məlumatlarım qeyd olunmaması və tərəfimdən imza çəkilməsinin təklif olunmaması idi.

Bundan sonar isə növbəti problem yarandı. Respublika Xammal ve Əmtəə birjasının əməkdaşından behdən əlavə qalan məbləği hansı hesaba ödəməli olduğumu soruşduqda bu məlumatı Rabitəbankın verməli olduğunu dedilər. Halbuki hərracın keçirildiyi internet saytda hesabla bağlı məlumatın hərrac moderatorunun özünün təqdim etməli olduğu açıq şəkildə qeyd olunub.

Mən yenidən banka yaxınlaşıb hərracdakı lota görə ödəniş etmək istədiyimi bildirdikdə məndən buna görə hesab rekvizitlərinin təqdim edilməsini tələb etdilər və bildirdilər ki, bu rekvizitləri mənə Respublika Xammal ve Əmtəə birjası verməlidir.

Indi Respublika Xammal ve Əmtəə birjası və “Rabitəbank”ın Baş ofisi arasında get-gələ düşmüşəm. Hesab nömrəsini vermirlər ki, məbləğin qalan hissəsini ödənişini edib, qanuni şəkildə qalib gəldiyim qızıl zinət əşyalarını götürə bilim”.

Məsələyə aydınlıq gətirmək üçün bankla da birja ilə də əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Amma hərracla bankın bu özü çalıb, özü oynamaq strategiyasını yəqin Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi araşdıracaq. Məsələni diqqətdə saxlayacağıq.

İlhamə Rəsulova

Bizimyol.info

Rabitəbank

Son xəbərlər
Bütün xəbərlər »