Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcbari tibbi sığorta tətbiq edildikdən sonra hansı xidmətlər ödənişli, hansı xidmətlər ödənişsiz olacaq? – Agentlik cavablayır

Xəbər verdiyimiz kimi 2020-ci nil yanvarın 1-dən etibarən Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmağa başlayacaq. Bu sahədə il ərzində görülən işlər artıq yekunlaşmaq üzrədir. Lakin icbari tibbi sığorta ilə bağlı əhalidə müəyyən suallar qalmaqdadır.

Bizimyol.info saytına müraciət edən bir çox izləyicilərimiz icbari tibbi sığortanı dövlətin pulsuz tibbi xidməti pullu tibbi xidmət halına gətirməsi kimi qiymətləndirirlər. Bununla bağlı olaraq insanları maraqlandıran suallarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentliyimizin sorğumuza rəsmi cavabını təqdim edirik:

1. İcbari tibbi sığorta tətbiq edilməyə başladıqdan sonra dövlət xəstəxanalarında pulsuz tibbi xidmət ləğv olunacaq?

Tibbi xidmətlərin pulsuz olması fikri düzgün yanaşma deyil. Hazırda dövlət tibb müəssisələrində vətəndaşlara tibbi xidmətlərin göstərilməsi üçün də səhiyyə sisteminə dövlət büdcəsindən vəsait ayrılır.

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra isə dövlət tibb müəssisələrinin maliyyələşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən aparılacaq. İcbari tibbi sığorta haqqı ödəyən vətəndaşa (sığortaolunan) göstərilən tibbi xidmətlərin müqabilində Agentlik tərəfindən tibb müəssisəsinə vəsait ödəniləcək. Bütün bunlarla yanaşı, Agentlik tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət edəcək və əhali üçün tibbi xidmətlərə əlçatanlığı təmin edəcək.

Məlumat üçün bildirək ki, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir.

Poliklinikalarda göstərilən tibbi xidmətlər (ilkin tibbi müayinə və müalicə, hamilə qadınların və yenidoğulmuşların patronajı, ixtisas həkimlərinə və əlavə müayinələrə göndərişlərin verilməsi, immunoprofilaktika, təcili və təxirəsalınmaz hallarda ilkin tibbi yardım, əhalinin sanitar maarifləndirilməsi) baza hissə çərçivəsində vətəndaşlara dövlət büdcəsi hesabına göstəriləcək.

Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə biləcəklər.

Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtsaslaşdırılmış tibbi yardımdan (ambulator, stasionar şəraitdə aparılan müayinə və müalicələr, fizioterapiya, stasionarda dərman təminatı) istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Poliklinikalarda göstərilən ambulator tibbi xidmətlər əlavə hissəyə aiddir. Bu halda da həmin xidmətlərdən istifadə edən sığortaolunan vətəndaş tibb müəssisəsinə ödəniş etməyəcək. Yəni ki, vətəndaş icbari tibbi sığorta haqqını ödəməklə sözügedən tibbi xidmətlərdən yararlana biləcək.

2. İcbari tibbi sığortası olmayan şəxslər dövlət xəstəxanalarının xidmətindən pulsuz yararlana biləcək?

Hər bir vətəndaş sığortalı olub-olmamasından asılı olmayaraq, tibbi yardıma ehtiyacı olduqda, ailə həkiminə, daha sonra isə tibb müəssisələrinin təcili tibbi yardım şöbələrinə müraciət edə bilər.

Yuxarıda qeyd olunduğu kimi, qanuna uyğun olaraq xidmətlər zərfinin baza hissəsi üzrə tibbi xidmətlər dövlət büdcəsi hesabına göstəriləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. İmtiyazlı əhali qrupu sığortahaqqı ödəməkdən azaddır.

İcbari tibbi sığorta haqqını ödəməkdən imtina edən və nəticədə sığortaolunmayan vətəndaş xidmətlər zərfinin tariflərinə uyğun olaraq xəstəxanaya ödəniş edəcək. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları, tarifləri, azadolma məbləği, o cümlədən dərman vasitələri ilə təminat şərtləri təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bütün bunlarla yanaşı, vətəndaşın sığortalı olub-olmamasından asılı olmayaraq, insan həyatı üçün təhlükəli hallar zamanı da icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub. Agentlik həyati təhlükəli hallarla bağlı siyahı tərtib edib, hazırda bu siyahıya 80-dən artıq tibbi xidmətin daxil edilməsi müzakirə edilir. Yəni, heç bir vətəndaş tibbi xidmətə ehtiyacı olduğu halda tibbi xidmətdən kənar qalmayacaq.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »