Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk birliyi gerçəkləşdi
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçirildi

Politoloq Nəzakət Məmmədova: “Çöl-Meşə İttifaqı ən real variantlardandır”

Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Macarıstanın Baş Naziri Viktor Orban iştirak ediblər.

Bu görüşlə bağlı Bizimyol.info-ya müsahibəsində politoloq Nəzakət Məmmədova sualları cavablandırıb.

Suallar belədir: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşü nə ilə yadda qaldı? Bu gerçəkdən Türk Şurasıdırmı? Azərbaycan Prezidentinin çıxışında əsas mesajlar nə oldu və necə qiymətləndirildi? İlham Əliyev dedi ki, türkdilli dövlətlərlə əməkdaşlıq xarici siyasətimizin prioritetidir. Bu baxımdan Türk Şurası çərçivəsində əməkdaşlığın gələcəyini və bu gələcəkdə Azərbaycanın yerini harda görürsünüz? Prezident Erdoğanın irəli sürdüyü 6 dövlət-tək millət formulası tam anlamında reallaşa bilərmi?

Politoloq dedi ki, bu suallara cavabında dedi ki, hazırda dünyanın müxtəlif bölgələrində regional münaqişələr baş verdiyi kimi regional əməkdaşlıq əlaqələri də sürətlə inkişaf edərək mühüm əhəmiyyət daşıyır: “Bu baxımdan ortaq dil, mədəniyyət daşıyıcıları olan böyük bir etnos qismində türkdilli dövlətlər arasında da əməkdaşlığın gücləndirilməsi vacibdir. Türkdilli dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, texnologiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vacibdir. Prezident İlham Əliyev daima bu barədə vurğulayıb ki, bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir”.

Nəzakət Məmmədova dedi ki, regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyı; indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır: “Qarabağ problemi, enerji sahəsində əməkdaşlıq, investisiya qoyuluşu, turizm, kiçik və orta sahibkarlığın inkişafı və s. türkdilli ölkələrin qarşısında duran əsas problemlərdəndir. Prezident İlham Əliyevin öz Tvitter səhifəsində paylaşdığı fikirləri də tədbirin yekunları barədə ümidverici təəssüratlar yaradır. Məsələn, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında dövlətlərin ərazi bütövlüyünə dəstək təsbit olunur. Habelə, tvitlərdə qeyd olunur ki, Azərbaycan Türk Şurasına sədrliyi dövründə ikitərəfli və çoxtərəfli səviyyədə əməkdaşlığın dərinləşməsi üçün səylərini davam etdirəcək.

Sözsüz ki, nəhəng ərazi, çoxmilyonluq əhali, təbii resurslar, dənizlərə çıxışlar və s. əlverişli coğrafiya sayəsində türk dövlətlərinin dünya siyasətində söz sahibi olmaq potensialı olduqca böyükdür. Türk dövlətləri ABŞ, Çin, Rusiya, Avropa Birliyi kimi aparıcı güc mərkəzlərinin hansı biri ilə ittifaqa girərsə, o birliyin üstünlük şansını artırmış olur. Bununla da, onlar beynəlxalq münasibətlər sistemində inteqrasiya proseslərinin fəal iştirakçısı ola bilərlər. Tarix boyu olduğu kimi ümumi sivilizasiya mühüm birləşdirici amil olaraq öz təsir gücünü saxlamaqdadır. Bu baxımdan Türk dövlətlərinin Avrasiya inteqrasiyasında iştirakı mümkündür. Bu zaman onun digər sivilizasiyalarla, xüsusilə Meşə - Çöl ittifaqı adlanan Türk və slavyan birliyinin tərkib hissəsinə çevrilməklə böyük Avrasiya inteqrasiyasında aparıcı rola malik olması ən real variant kimi görünür. Son illər baş verən Türkiyə - Rusiya ittifaqı, keçmiş sovet respublikaları olan Mərkəzi Asiya və Cənubi Qafqazdan Azərbaycanın Türk inteqrasiyası istiqamətində mühüm addımlar atması bu birliyi reallığa çevirə bilər. Burada ən əsası prosesin davamlı olması və güclü siyasi iradədir”.

Gülnarə ƏMİRQIZI

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »