Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elinanın anası İlham Əliyevə müraciət etdi: “Ana fəryadına biganə qalmayın!”

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın intiharından yeddi aydan çox keçib.

Həyatını itirən səkkizinci sinif şagirdinin yaxınlarının əsas tələblərindən biri məktəb direktoru Sevinc Abbasovanın cəzalandırılmasıdır. Məhkəmənin qərarı ilə direktor barədə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sevinc Abbasova Sevinc Abbasova

Bizimyol.info xəbər verir ki, Elina Hacıyevanın anası Sevil Hüseynova prezident İlham Əliyevə müraciət edib. O, dövlət başçısının məhkəmənin ədalətli qərar çıxarmasına kömək etməsini istəyib. Müraciəti nəzərinizə çatdırırıq:

Hörmətli, cənab Prezident!

Bildiyiniz kimi, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü qızım Hacıyeva Elina Ədalət qızı 04 aprel 2019-cu il tarixdə təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən ona qarşı edilən qısnamalara dözməyərək özünü atmışdır. 06 aprel 2019-cu il tarixdə 1 saylı Kliniki Tibbi Mərkəzdə uşağım xəstəxanaya gec çatdırıldığından və həkim etinasızlığı səbəbindən vəfat edib. İş hazırda Səbail rayon məhkəməsinin icraatındadır.

Cənab Prezident! İş üzrə keçirilmiş son məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs - 162 saylı məktəbin sabiq direktoru üçün məhkəmədən cəmi 2 il 6 ay azadlığın MƏHDUDLAŞDIRILMASI növündə cəza istəyib. Halbuki, məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, 85 dəqiqə direktor ölümcül vəziyyətdə olan uşağa təcili tibbi yardım çağırmamış və bunu digər şəxslərin etməsinə də əngəl olunub. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən uşaq xəstəxanaya gec çatdırıldığından, onu xilas etmək mümkün olmayıb.

Bundan başqa, məhkəmədə şahid ifadələri ilə müəyyən edilib ki, qızım məktəbdə alçaldıcı rəftara, qısnamalara və zorakılığa məruz qaldığı halda məktəb direktoru bu halların aradan qaldırılması üçün barmağını belə tərpətməyib. Bütün məhkəmə prosesi zamanı bu adam bir dəfə də olsun məndən üzr istəməmiş, uşağın əxlaqsız olması barədə şayiələr yayıb və əməlindən peşman olmadığını bildirib.

Hörmətli, cənab Prezident!

Vəkillərim tərəfindən məhkəməyə təqdim edilib və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunub ki, məktəb direktoru 162 saylı məktəbdə əxlaqsız mühit yaradıb. Belə ki, onun qanunsuz əmrlərinə tabe olmayan müəllimləri digər müəllimlərin əli ilə, sonunculara böhtan xarakterli şikayət ərizəsi yazdırmaqla çıxarılmasına nail olub. Müəllimənin biri məhkəmə vasitəsilə işə bərpa edilmiş və qərarlarla Sevinc Abbasovanın müəllimləri saxta aktlara imza etdirməyə məcbur edilməsi müəyyən edilib.

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin xanımın qanunsuz hərəkətləri barədə araşdırma aparılmışdır. Belə ki, onun tərəfindən mənimsəyə yol verilib. Lakin zərər ödənildiyindən sözügedən idarə cinayət işi açmayıb.

Cənab Prezident! Bütün bunlar hələ Elinanın intiharından əvvəl baş verib! Niyə görə bu qədər qanunazidd hərəkətlər törətmiş şəxs Təhsil Nazirliyi tərəfindən işdən azad edilməyib?! Onun yanına hər dəfə şikayətə getdikdə mənə “hara gedirsən get, Təhsil Nazirliyində adamım var” deyib.Mütləq onun işdən azad edilməsi üçün mənim qızım ölməli idimi?! Lakin hazırda da uşağımın qanı batızdırılır. Bu qədər qanunsuzluq etmiş, ağrıdan mələyən uşağı 2 saat otağında saxlamış bir cani real və ədalətli cəzaya məhkum edilməyəcəkmi?!

Hələ bu iş sizin nəzarətinizdədir deyə, məhkəmədə dövlət ittihamçısı bizim vəsatətlərimizin əleyhinə çıxış edir və sonunda təqsirləndirilənə ən mümkün yüngül cəzanı istəyir?! Axı uşağın ölümündən daha ağır nə baş verməli idi ki, uşağımı 2 saat otağında inildətdirən qadın layiqli cəzasını alsın?! Mən ilk dəfə övladım keçinəndə indi isə məhkəmədə özümü aciz hiss edirəm. Niyə görə dövlət ittihamını təmsil edən orqan mənim hüquqlarımı qorumaq əvəzinə verdiyim bütün vəsatətlərə qarşı çıxır?! Niyə prokurorluq bu qadının layiqli cəza almasını istəmir?!

İş üzrə heç bir həkim məsuliyyətə cəlb edilməyib, Təhsil Nazirliyi uzun müddətdir qanunları çeyniyən şəxsi işdən azad etmədiyi halda nəinki, öz məsuliyyətini anlamır, hətta proseslərə vəkil göndərərək bu işə üzrə heç bir məsuliyyət daşımadığını bəyan edir! Məsuliyyətə cəlb olunan bircə nəfər sabiq direktordur ki, ona da real və ədalətli cəza verilmir!

Ana fəryadına biganə qalmayın!

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »