Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlillik pensiyası alan Gülər Əhmədova dövlət qurumunu məhkəməyə verib

Keçmiş deputat Gülər Əhmədova iki il yarımdır ki, pensiyaya görə məhkəmələrdədir.

Bizimyol.info xəbər verir ki, G.Əhmədova əlillik dərəcəsi alıb pensiyaya çıxmaq istəsə də, “yox” cavabı alıb. Ona görə də sabiq deputat öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsi adıçəkilən qurumun üzərinə G.Əhmədovaya 2-ci dərəcə əlillik təyin olunması vəzifəsini qoyub. Bundan sonra əlillik də təyin edilib, keçmiş deputat kimi pensiya da kəsilib.

Bundan sonra G.Əhmədova Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətini bir də məhkəməyə verib. Bu dəfə tələbi belə olub ki, onunla bağlı əlillik dərəcəsi son müayinə tarixindən təyin edilsin, pensiya da həmin vaxtdan hesablansın. Lakin bu dəfə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun iddiasını təmin etməyib. G.Əhmədova qərardan apellyasiya şikayəti versə də, təmin olunmayıb. Ali Məhkəmə isə onun şikayətinə baxmaqdan imtina edib. Səbəb kimi isə Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan müddətin 9 gün ötürülməsi göstərilib.

Gülər Əhmədova buraxılmış müddətin bərpası üçün də Ali Məhkəməyə müraciət edib. Lakin onun bu ərizəsi təmin olunmayıb.

“Gülər Əhmədova bildirir ki, apellyasiya məhkəməsinin qərarını vaxtında almayıb. Çünki sənədlərdə iddiaçının ünvanı kimi onun birinci instansiyada vəkili olmuş şəxsin ofisinin ünvanı göstərilib. O vəkil də bir müddət fəaliyyətini dayandırıb, Moskvaya getmişdi. Yəni onun ofisinə gələn qərardan Gülər Əhmədovanın xəbəri olmayıb. Sənəd birbaşa onun özünə çatmayıb. Amma Ali Məhkəmə bunu yetərli hesab etmədi və müddətin bərpasıyla bağlı şikayəti təmin olunmadı”, - deyə Bizimyol.info-ya bildirilib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Ardınca onun barəsində cinayət işi başlanıb və 2013-cü ilin fevralında həbs olunub. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunan deputat Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə 2014-cü ilin mayında onu 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəzayla azadlığa buraxıb.

Son xəbərlər
Bütün xəbərlər »