Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə
Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin istifadəsinə verilən 116-111 qısa nömrəsinin təqdimatı keçirilib.

“Azercell Telekom” MMC, Azərbaycan Tibb Universiteti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin birgə əməkdaşlığı və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə 15 oktyabr tarixində “Four Seasons” otelində “Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” adlı elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən məruzəçilər “Azərbaycanda psixi sağlamlıq xidmətləri”, “Uşaq Qaynar Xəttləri və uşaqlar arasında intihar hallarının önlənməsi” , “Uşaq təhsil müəssisələrində psixi sağlamlığın təşviqi və mühafizəsinə yanaşmalar”, “Psixi sağlamlığın mühafizəsində innovativ yanaşmalar” və digər gündəmdə olan məsələlərə toxunublar. Tədbirdə Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin yeni istifadəyə verilən 116-111 qısa nömrəsinin təqdimatı da baş tutub. Vurğulayaq ki, Azercell müasir dövrdə yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığını həssas məsələ hesab edir. Çətin durumda olan, yardıma ehtiyac duyan insanların köməyinə çatan “Uşaq Qaynar Xətt” xidməti şirkətin dəstəklədiyi önəmli layihələr sırasındadır. Öz fəaliyyətində bir sıra sosial layihələri həyata keçirən Azercell, onların texnoloji cəhətdən təkmilləşməsinə də xüsusi diqqət ayırır. Şirkətin təşəbbüsü ilə 2017-ci ildə “Uşaq Qaynar Xətt” xidmətinin Android və iOS əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. Bununla da, “Uşaq Qaynar Xətt” xidmətinin dünyanın istənilən nöqtəsində əlçatan olması təmin edilib. Qısa nömrə sayəsində isə dəstəyə ehtiyacı olan gənclər daha rahat qaynar xəttin əməkdaşları ilə əlaqə quraraq, onları narahat edən məsələ ilə bağlı bölüşə və məsləhət ala biləcəklər.

Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 9 il ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 38 000-dən çox müraciət daxil olub. Azercell-in dəstəyi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və 116-111 nömrələri ilə günün istənilən saatında xidmətə müraciət etmək mümkündür.

Son xəbərlər
Bütün xəbərlər »