Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Denis Daniilidis: “Hələ razılaşdırmalı olduğumuz çətin məsələlər var” - Video
Denis Daniilidis

Avropa İttifaqı nümayəndə heyətinin birinci müşaviri Denis Daniilidis üç ildən çoxdur ki, Azərbaycanda işləyir, nümayəndəliyin siyasət və mətbuat bölümünə rəhbərlik edir. Deyir ki, Bakıda özünü evindəki kimi hiss edir və artıq Azərbaycan dilini başa düşür. Əvvəlki müsahibələri onun həqiqətən şəhərimizin təəssübkeşi olduğunu göstərir. Söhbətimizi Bakı amfiteatrından, onun köhnə məhəllələrindən, İçəri şəhərdən başladıq, tədricən Azərbaycan – Avropa İttifaqı münasibətlərinin gündəmdə olan mühüm məsələlərinə keçdik. Press Klubun qonağı yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar, onların uzanması səbəbləri, Dağlıq Qarabağ münaqişəsinin həllində Aİ-nın iştirakı və s. problemlərlə bağlı sualları cavablandırdı.

Bizimyol.info müsahibəni təqdim edir.

– Cənab Daniilidis, Azərbaycan və Avropa Birliyi arasında strateji tərəfdaşlıq üzrə yeni razılaşma ətrafında danışıqlar 2017-ci ilin fevral ayından – 32 aydır davam edir. Hərçənd, bu ilin aprel ayında Azərbaycanın xarici işlər naziri Brüsseldə söyləmişdi ki, müqavilənin hər üç fəsli üzrə artıq 90 faiz razılıq əldə olunub. Avropa İttifaqının xarici işlər idarəsinin rəhbəri Federika Moqerini isə demişdi ki, “İnşallah, yaxın vaxtlarda müqavilə imzalanacaq.” Bəs nə mane olur, müzakirələr necə gedir?

– Əvvəla, dəvətiniz üçün təşəkkür edirəm. Onu deyə bilərəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar davam etməkdədir. Avropa İttifaqı dünyanın çox-çox ölkələri ilə bu cür danışıqlar aparır. Bəzən onlar çox sürətli gedir, bəzənsə daha uzun sürür. Mən Cənubi Amerika ölkələrinin birliyi olan MERCOSUR-la müqaviləni misal göstərə bilərəm, səhv etmirəmsə, həmin danışıqlar 25 ildən artıq çəkdi. Lakin indi aramızda razılıq əldə olunub və bu, yaxşı xəbərdir. Niyə? Çünki həmin danışıqların ticarət komponenti son dərəcədə vacib əhəmiyyət kəsb edirdi. Digər tərəfdən, biz Qırğızıstan kimi ölkələrlə də danışıqlar aparmışıq. 2017-ci ilin dekabrında başlamışıq və bu ilin iyununda ilkin mərhələni başa vurmuşuq. Yüksək təmsilçi Federika Moqerini Bişkekdə olub və Aİ adından ilkin razılaşmanı imzalayıb. Əsas onu demək istəyirəm ki, belə məsələlərdə dəqiq olaraq “son tarix” müəyyənləşdirilmir. Çox şey bizim danışıqlara nə dərəcədə əhəmiyyət verməyimizdən, onun nəticələrində maraqlı olmağımızdan və istəklərimizdən asılıdır. Beləliklə, Azərbaycanla danışıqlar həqiqətən uzun çəkir və davam edir. Hələ də razılaşdırmalı olduğumuz bəzi çətin məsələlər var, hər iki tərəfin güzəştə getməsinə və kompromisə gəlməsinə ehtiyac duyulur. Amma düşünürəm ki, hər iki tərəf istəyini nümayiş etdirir. Odur ki, proses davam edir, son tarix yoxdur. Ümidvaram ki, Federika Moqerinin dediyi kimi, “İnşallah, tezliklə müqavilə imzalanar”.

– Brüsseldə Məmmədyarov bildirmişdi ki, yalnız “bəzi texniki məsələləri həll etmək qalıb, onlar da ticarətə aiddir.” Üç həftə sonra isə Avropa Komissiyasının ticarət üzrə nümayəndəsi Petros Sormelis danışıqların davamı üçün Bakıya gəlmişdi. Bu o deməkdirmi ki, tərəflər məhz ticarətlə bağlı işlərdə, misal üçün, qaz məsələsində – Məmmədyarov Brüsseldə buna eyham vurmuşdu – ümumi dil tapa bilmirlər? Yoxsa Bakının demokratiya və insan haqları məsələlərində güzəştə getmək istəmədiyini deyənlər haqlıdırlar? Avropa Parlamentinin bu arada qəbul etdiyi iki sənəddə demokratiyaya aid bəndlərin müqavilədə mütləq əksini tapması tələbi buna işarədirmi?

– Hər müqavilə iki hissədən – ala biləcəyindən və verə biləcəyindən ibarət bir paketdir. Yəni, siz məsələləri 90% razılaşdırmısınızsa, bunu 100%-ə qaldırmasanız, müqavilə alınmayacaq. Həyatda hər şeydə olduğu kimi: ya bizim əlimizdə bütün məsələlərin həllini tapdığı bir paket var, o hazırdır, ya da aramızda razılıq yoxdur. Bircə sözlə bağlı razılıq yoxdursa, deməli, müqavilə də olmaya bilər. Beləliklə, indiki vaxt üçün bizim aramızda razılaşma yoxdur. Həqiqətən də buna yaxınıq, tərəflər – Azərbaycan və Avropa İttifaqı – çox sıx işləyirlər. Hər iki tərəf bir-birini yaxşı anlayır, lakin razılıq hələ də əldə olunmayıb. Qarşımızda həll etməli olduğumuz çoxsaylı xırda məsələlər durur ki, onların bəzilərinə siz toxundunuz. Başqaları da var. Avropa Parlamentinin qərarlarına istinadınıza gəldikdə isə, əlbəttə, bu, mühüm məsələdir, amma Avropa Parlamenti yalnız sazişlə qane olub-olmadığını bildirə, onu ratifikasiya edə bilər. Saziş hazır olanda Avropa Parlamenti ona baxacaq, ya ratifikasiya edəcək, ya da şərhlərini söyləyəcək. Lakin ortada Avropa Parlamentinin şərh edə biləcəyi bir mətn yoxdur. Çünki, söylədiyim kimi, razılaşma yoxdur.

– İqtisadiyyat nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda Aİ-na üzv ölkələrin 1600 şirkəti fəaliyyət göstərir, Aİ ölkələri Azərbaycanın xarici ticarət dövriyyəsində 40 faiz paya malikdir. Yeni saziş imzalanmadığı təqdirdə iqtisadi əməkdaşlığa zərər dəyə bilərmi? Ümumiyyətlə, o halda münasibətlər necə tənzimlənəcək?

– Yeni razılaşma haqqında danışarkən biz həm də yeni imkanlardan söz açırıq. Mövcud şərtlər daxilində həqiqətən Azərbaycanda uğurla fəaliyyət göstərən çoxlu sayda Avropa şirkəti var. Onlar müxtəlif sahələrdə iqtisadi fəaliyyət göstərirlər, razıdırlar, hər il Azərbaycan – Aİ Biznes Forumu keçirilir, sonuncusu bu ilin iyununda baş tutub. Həmin şirkətlər Azərbaycandakı mühiti hiss etmək üçün bizə bu və ya digər dərəcədə əlavə imkanlar yaradırlar. Çoxları kifayət qədər razıdırlar, bəzi məsələlər var ki, biznes mühiti yaxşılaşdırmaq üçün biz onları hökumətlə birlikdə qaldırırıq . Son illərdə biznesin inkişaf etdirilməsi ilə bağlı hökumətdə bir sıra işlər görülür. Aydındır ki, yeni saziş bu imkanların artırılması üçündür ki, Azərbaycana daha çox Avropa şirkəti gəlsin və ya burada işləyənlər fəaliyyətini genişləndirə bilsin. Amma düşünmürəm ki, yeni müqavilənin bağlanmaması hazırda Azərbaycanda çalışan Avropa kompaniyaları üçün hər hansı təhlükə yarada bilər. Burada söhbət yalnız daha çox kompaniyanın cəlb edilməsi üçün itirilmiş imkanlardan gedə bilər.

– Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk Bakı səfəri zamanı İttifaqın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini dilə gətirdi. Aİ Ermənistanla Azərbaycan arasında sülh prosesinin fəallaşdırılması üçün hansı addımları atmağı planlaşdırır? O cümlədən “xalqları sülhə hazırlamağa” istiqamətlənmiş layihələr həyata keçirməyi düşünürsünüzmü?

– Bir daha vurğulamalıyam ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində çox yaxşı bir sistem xətti var: o, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Həmin ölkələr arasında Azərbaycan da var. Bir daha deyirəm ki, biz hər zaman Azərbaycanın, eləcə də bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü dəstəkləmişik və mövqeyimizdə ardıcılıq. Eyni zamanda, bəllidir ki, bizim bu məsələdə vasitəçilik mandatımız yoxdur. Azərbaycan və digər ölkələrin razılaşdığı kimi, həmin mandat ATƏT-in Minsk Qrupuna məxsusdur. Yeri gəlmişkən, yaxın günlərdə Qrupun həmsədrləri Bakıya səfər edəcəklər. Aİ-nın rolu, həmişə olduğu kimi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinə dəstək verməkdir və biz bunu hər zaman mümkün yollarla etmişik. Beləliklə, biz burada tərəflər arasında etibar və inam yaratmağa çalışa bilərik ki, onun üçün də əlimizdə olan məhdud imkanlardan daim istifadə etmişik. Çünki ermənilər və azərbaycanlılar bu gün aralarındakı münaqişə bitəndən sonra birlikdə yaşamalıdırlar. Onlar uzun müddət qonşu olublar, qonşunu isə seçmirsən, onunla birgə yaşamağı öyrənməlisən. Beləliklə, AB burada iki millət arasında anlaşma yaratmağa çalışır və münaqişə həll ediləcəyi təqdirdə daha artıq dəstək verməyə hazırdır. Ümid edirik ki, bu, tezliklə baş verəcək.

– Aİ-nın təşkilatçılığı ilə baş tutan 3-cü İMAGE Avro Tolerantlıq Festivalı möhtəşəm keçdi və böyük maraqla qarşılandı. Bu kimi tədbirlərin daha intensiv keçirilməsi planlaşdırılırmı?

– Bunu qeyd etdiyiniz üçün təşəkkür edirəm. Mayda iki yerdə -Bakı və Gəncədə keçirilən həmin festival çox uğurlu oldu. Bundan sonra sentyabr ayında ilk dəfə “Qız Qalası. Qadın olmaq” müasir incəsənət festivalı keçirildi. Onun təşkilatçı və iştirakçılarının ortaq məqsədi gender bərabərliyi məsələlərinə müasir incəsənət prizmasından baxışları əks etdirmək, ictimaiyyətin diqqətini cəmiyyətdə qadınların rolunun artırılması probleminə yönəltmək, bu mövzunun ən aktual suallarına cavab vermək idi. Artıq mədəni-memarlıq irsinin qorunub saxlanmasına xidmət edən ikinci “Fantaziya” festivalının keçirilməsinə hazırlaşırıq. Festivalı noyabrın 1-dən 15-dək Bakıda, Gəncədə və Nicdə planlaşdırırıq. Bu barədə saytımızda geniş məlumat var. Ümid edirəm Press Klubdan bir çox insan tədbirlərdə iştirak edəcək.

– Cənab Daniilidis, Press Kluba qonaq gəldiyiniz və suallarımıza cavab verdiyiniz üçün təşəkkür edirik. Biz də ümid edirik ki, toxunduqlarımız, ölkənin gələcəyi üçün mühüm problemlər həllini tapacaq.

Paylaş »
››› "Lavrovun bəyanatı Rusiyameyilli kadrların işdən kənarlaşdırılmasına cavabdır"
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› Stalin nə qədər pul qazanmışdı?
››› Bakı metrosunda iki stansiyanın adı dəyişdiriləcək
››› Nazir daha iki direktoru işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »