Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur"
Rəcəb Tayyib Ərdoğan

Türk Şurası kimi təsisatların dünya siyasətində rolunun daha da artdığını görürük. Türk Şurasının digər çoxtərəfli platformalarla əməkdaşlığına və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə önəm veririk.

Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib. O, türk dünyasında ortaq bir fondun qurulması təklifini dəstəkləydiyini bildirib:

“Ancaq əvvəlcə bu fondun maliyyə, hüquqi və inzibati təməlləri sağlam qoyulmalıdır. Bu məsələdə katibliyin əlaqələndirməsi ilə aidiyyəti milli və beynəlxalq qurumların da təcrübəsindən istifadə edilərək genişmiqyaslı iş görülməsinin faydalı olduğunu düşünürük.

Beynəlxalq ticarətin dollar əsaslı olması qeyri-müəyyənlik şəraitində risklər yaradır. Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməliyik. Yerli valyutalarla ticarətə əhəmiyyət verdiyimizi xüsusilə qeyd etmək istəyirəm”.

Ərdoğan çıxışında bölgədə sülh və əmin-amanlığa təhdid olan terror təşkilatları haqqında da danışıb:

“PKK/YPG, İŞİD, FETÖ kimi şər şəbəkələrinin mövcudluğu təhlükəsizlik sahəsindəki əməkdaşlığımızın əhəmiyyətini artırmışdır. Suriyada son səkkiz ildir yaşadıqlarımız isə bir terror təşkilatının əli ilə digərinin məhv edilməsinin mümkün olmadığını göstərmişdir. Ölkə olaraq PKK/YPG-ni ortadan qaldırmaq məqsədilə oktyabrın 9-da çox mühüm bir addım atdıq. “Sülh çeşməsi” əməliyyatımızın iki əsas məqsədi var. Bunların birincisi, Suriyanın şimalındakı PKK/YPG-dən gələn terror təhdidinin tamamilə aradan qaldırılmasıdır. Əməliyyatımızın ikinci qayəsi isə səkkiz ildir müsafir etdiyimiz 3 milyon 650 min suriyalı ərəbin öz ölkələrinə, vətənlərinə sağ-salamat qayıda bilmələrini təmin etməkdir. Bundan başqa, təxminən 350 min suriyalı kürdü ölkəmizdə qonaq qəbul edirik.

Bu gün əməliyyatın yeddinci günündəyik. Əməliyyatımız BMT Baş Assambleyasının 74-cü toplantısında bütün dünyaya nümayiş etdirdiyimiz təhlükəsiz bölgə xəritəsinə uyğun şəkildə uğurla davam edir. Bu gün səhərədək təxminən min kvadratkilometrlik ərazini separatçı terror təşkilatının işğalından azad etdik. İnşallah, qısa zamanda Münbiçdən İraqla sərhədimizə qədər olan bölgəni təhlükəsiz vəziyyətə gətirib ilk mərhələdə bir milyon, daha sonra iki milyon suriyalı qaçqının öz istəkləri ilə evlərinə qayıtmalarını təmin edəcəyik. Afrin, Cerablus, Azezdə olduğu kimi, burada da beynəlxalq dəstəklə infrastruktur, məktəb, xəstəxana və ev layihələri ilə sabitliyi təmin edəcəyik.

Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm. Eyni qaydada 15 iyul gecəsi 251 insanımızı şəhid edən, 2193 insanımızı yaralayan FETÖ təşkilatı ilə mübarizədə ölkəmizə verdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirik. Türkiyə Maarif Fondu vasitəsilə əlimizdən gələn hər cür töhfəni verməyə hazırıq.

Hörmətli qardaşlarım, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kiprli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir”. (Oxu.az)

Paylaş »
››› Oqtay Gülalıyevdən sarsıdıcı xəbər
››› Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - Siyahı
››› Evi sənədsiz olanların nəzərinə - Video
››› Vilayət Eyvazov yeni rəis təyin edib
››› Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - Video
Son xəbərlər
Bütün xəbərlər »