Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kişi qadını sevməməlidir..." - psixoterapevt Əli Nağıyev

"Yaxşı adam sözünün üstünə gələr" deyirlər. Müsahibəmizin baş tutmasından bir müddət əvvəl sizə təqdim edəcəyimiz söhbət ətrafında dost-tanışla xeyli müzakirələrimiz olmuşdu. Beləliklə qərara gəldim ki, bu suallarla psixoterapevt Əli Nağıyevin qapısını döyüm. Onu qeyd edim ki, hazırladığım suallardan əlavə elə yerindəcə bir çox oxucumuzu düşündürə biləcək əlavə suallara da cavab tapmağa çalışdım.

Bizimyol.info psixoterapevt Əli Nağıyevlə müsahibəni təqdim edir.

- Qızlarla ataları, oğullarla anaları arasında xüsusi bir bağlılıq olur. Psixologiyada bunun elmi əsası varmı?

- Bu sahəni psixologiyada psixoanaliz araşdırır. Psixoanalizin banisi Ziqmund Freydin fikirlərində belə bir nüans var ki, bəli, oğul anaya, qız ataya meyillənir. Freydə görə bütün dünya cinsi meyil üzərində bərqərar olub. Yeri gəlmişkən, qədim Hind fəlsəfəsi də belə deyirdi. Bu yerdə qeyd edək ki, cinsi meyil cinsi əlaqə anlamına gəlmir. Cinsi meyil dedikdə əks cinslərin bir-birinə olan marağı nəzərdə tutulur.

Əli Nağıyev Əli Nağıyev

Doğulan qız uşağının ilk təması ana ilə olsa da, əks cinsə olan ilk marağı onda ata ilə qurulur. Qız atasını anaya qısqanır və ya oğul anasını ataya qısqanır. "Edip kompleksi" anlayışı da bunu deyir. Qeyd edək ki, bu əsasda müşahidələr bunu göstərir. Amma buna elmi əsas verilibmi? Xeyr. Müşahidələr, təcrübələr var, amma elmi əsas verilməyib. Məsələnin emprik tərəfi öz təsdiqini yüz faiz tapa bilməyib. Amma müşahidələrə görə bəli, qızlarda əks cinsə fikir ata obrazı, oğlanlarda ana və ya nənə obrazı (baxır hansı qadının yanıda daha çox olur) ilə formalaşır.

- "Edip kompleksi" yaşayan uşaqlarda bu hal sonradan öz mənfi təsirlərini necə göstərir?

- Mənfi tərəf o zaman olur ki, valideyn uşağında bu problemin olduğunu anlamır. Uşağında bu  kompleksin olduğunu bilmir. İkinci halda, qız atadan, oğul anadan yetərli sevgi ala bilmirsə, bəli, bu zaman incik, ardınca qəzəbli uşaq formalaşır. Sxemoterapevtlər dediyi kimi, hər kəsdə uşaqlıqdan travmalar əsasında sxemalar formalaşır. Ömrü boyu da öz təsirini göstərir.

- Təsiri necə olur?

- Qız həmişə gedir atasına bənzəyən kişiyə aşiq olur. Ata uşaqlıqda qızını tərk edibsə, onunla ünsiyyət saxlamayıbsa, qız düşünür ki, münasibətdə olduğu kişi niyə onu tərk etmədi? Tərk etməli idi axı. Və tərk etməsi üçün də hər cür dava çıxarır. Eyni vəziyyət əks cinsdə də müşahidə oluna bilər.

- Bəzi kişiləri bir sevgili - qadın qane etmir. Ümumi yanaşsaq bu nədəndir?

-Burada iki məqam var. Birinci odur ki, kişi təbiəti cinsi həyata marağı etibarıyla qadından fərqlidir. (Bəzi seks üzərinə köklənmiş xanımlardan başqa) Kişilər cinsi əlaqə haqqında düşünməyə daha çox meyillidirlər. Üstəlik də sözügedən kişi anadan sevgi görməyən birisidirsə, təbii ki, o daha çox qadına meyilli olacaq. Amma burada başqa məsələlər də var. Atanın da rolu böyükdür. Kişi atadan, dayıdan gördüyünü də götürə bilər. Burada fərdi yanaşmaq, araşdırmaq lazımdır. Digər məqam isə sadəcə cinsi marağının aktivliyindən, həmin insanın temperamentindən asılı ola bilər. Yəni, onu cinsi əlaqə özü maraqlandırır, mənəvi keyfiyyətlər, məsələlər maraqlı deyil. O da həmin kişinin yarımçıqlığıdır. Hər bir halda fərd özü araşdırılmalıdır.

- Bir kişinin həyatına daxil olan və ya olacaq qadınları sevgili, həyat yoldaşı ya da sadəcə "vaxt keçirmək üçün biri" deyə kateqoriyalara ayırması halları da olur. Ümumiyyətlə, bu cür şeylər genetik keçə bilərmi?

- Bu daha çox şəxsin görüb-götürdüyünə bağlıdır. Genetik olaraq belə şey keçmir. Genetik olaraq testestron səviyyəsi, temperament, cinsi əlaqənin sutkada neçə dəfə olma qabiliyyəti keçə bilər. Ruhun meyilləri genetik keçmir. Ruh ayrıdır, bədən ayrı. Oğul atanın öz ailəsi ilə yanaşı kənarda da saxladığı qadının olduğunu görsə, gələcəkdə özünün də bu cür olma ehtimalı çoxdur, axı o gözünü açandan belə görür. Qızlar ərə gedəndə bu məqamlara fikir verməlidir.

- Bu ancaq bizim kişilərə xas xüsusiyyətdir?

- "Qurani Kərim"də bir kişiyə 4 xanımla evlənməyə icazə verilir. Amma nəzərə alaq ki, bu icazədir. Burada incə məqamlar var: dörd xanımın valideynlərinin də qulluğunda durmaq, onlara dəstək olmaq laızmdır. Şəxsi fikrimdir, mən düşünürəm ki, rəsmi olaraq iki xanımla evliliyə icazə verilsə, uşaqlarımız, qızlarımız da bu tərbiyə sistemində böyüdülsəydi evlilik çağında bunu rahat qəbul edərdilər. Belə olduqda isə milyon qadınımız "yanlış yoldan" xilas olardı. Qadının kişi himayəsinə ehtiyacı var. Tək qadına münasibət cəmiyyətdə dəyişmir.

- Bəs, bir ürəkdə iki sevgiyə yer varmı?

- Kişi qadını sevməməlidir, onu himayə etməlidir. Kişi Allahı sevməlidir. Əgər o sevgiyə əyilsə, qadının da gözündən düşər. Məcnun da sonda Leylidən imtina edir, deyir, sən o Leyli deyilsən. Əsl Leylim Allahın qadın başlanğıcı olaraq göstərdiyi ruhi gerçəklikdir.

- Bəs qadın?

- Qadın kişini sevməlidir. Qədim insan qanunlarına görə qadın kişi himayəsində olmalıdır. Əvvəl atanın, sonra həyat yoldaşı, böyük oğlunun. Himayə dəstəkdir. Qadın hiss edir ki, onun arxasında kimsə var.

- Bütün qadınlar kişi himayəsinə ehtiyac duyur? Varmı elə qadın ki, kişi himayəsinə ehtiyac duymasın? Belə yaşamaq mümkündürmü?

- Mümkündür, əgər Allaha sevgili ola bilirsə. Hz. Rabiyə, Hz. Xədicə, Hz.Fatimə kimi... Hansı qadının kişi himayəsinə ehtiyacı yoxdursa, mən o qadını alqışlayıram. Belə qadınlar az olmayıb. Tomris, Həcər kimi. At belində vuruşub, kişi himayəsinə ehtiyac duymayıblar. O, qadınlar mənim üçün Tanrı sevgililəridir. Onlar insana sevgili ola bilməz.

- Eşq nədir?

- Mənəvi olaraq bütün ruhlar eşqdən ibarətdir. Eşq dediyimiz ruhun materialıdır. Mən də, sən də, hamımız ruhən eşqdən ibarətik. Bədən bir proqramdır. Kiçik qarışqadan tutmuş hər bir canlı sevgiyə acdır, sevgiyə tabedir. Sevgini kimdən alırıqsa ona yönəlirik.

-Dərviş həyatı yaşayan, qadınlardan, dünya zövqlərindən imtina edən kişilərə münasibətiniz necədir?

- Mən buna çox yanlış baxıram. Müvəqqəti zahidliyin tərəfdarıyam. Bir-iki ay, bir il, iki il maddi dünyadan imtina etmək də zövqdür, müvəqqəti tərk etmək olar. Mən Nəqşibəndlik fəlsəfəsinin tərəfdarıyam. Əl karda yəni, maddi dünyada, könül isə yarda. Maddi dünyada qadının mənə ehtiyacı varsa, mən niyə imtina etməliyəm? Bunu ancaq özünü düşünərək etmək doğru deyil. Axı qadının bətnindəki ruh da Allaha bağlı olan ruhi parçadır.

- Belə çıxır ki, qadınlar ilahi eşqlə kişilərdən uzaqda yaşaya bilər, amma kişilər yox?

- Hər ikisi yaşaya bilər. Məsələn mənim qadına ruhi olaraq ehtiyacım yoxdur. Amma maddi dünyada olmağımız məcburiyyətdir. Mən maddi dünyada varamsa, məsələn, qadınlarla ünsiyyətim qaçılmazdır.

- İnsan hansı halda o səviyyəyə çata bilər?

- Birinci olaraq özünün ruh olduğunu bilməlidir. İnsan o zaman azad olur. Bu da meditasiya ilə, Allahı tanımaqla mümkündür. Namaz meditasiyanın ən gözəl növüdür. Meditativ təfəkkürün ən gözəl təzahürüdür.

- Bəzən deyirlər ki, gündə 5 dəfə namaz qılırsan, uzun müddətdən sonra robot kimi olursan. İbadətin mexanikləşir...

- Namazın daimi qılınıb-qılınmaması haqqında maraqlı fikirlər var. Əsas odur ki, namazı saya bağlamaq olmaz. Amma mən hesab edirəm ki, səhər və axşam namazları vacibdir. Həmçinin də günorta namazı. Bir də əsas odur ki, sən namazın rükət sayına üstünlük veirisən, yoxsa Allahla eşqani olan ünsiyyətəmi. Namaz Allahla ünsiyyətə hazırlıqdır. Əvvəlcə beyni alfa ritmə kökləyirsən. Beynimiz bir cihazdır. O cihazı ruhi dalğaya kökləyirik, sonra ünsiyyətə başlayırıq. Bu şəkildə yanaşılan namazdan insan doymaz, yorulmaz. Hamı eşq əhli deyil. Eşq əhli standarta sığmır. Eşq əhli olan kəs anlamalıdır ki, namaz eşqani ünsiyyətə giriş qapısıdır.

Aləmdə Nəsib, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »